Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4580/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3347/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.1998-ci il tarixdə hərbi xidmət vaxtı vəfat etmişdir.
2. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanunun 7-ci maddəsinin sonuncu abzası ilə sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hü ququ vardır. Hadisədən 23 ildən artıq müddət keçdiyinə görə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – sığorta şirkəti və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı vəfat edən hərbi qulluqçu X1 varisi kimi iddiaçıya 11.000 (on bir min) manat məbləğində sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının oğlu X3 25 yanvar 1998-ci il tarixdə hərbi vəzifəsini yerinə yetirən zaman güllə yara sı almış və şəhid olmuşdur. Onun vərəsəsi iddiaçı və qardaşı X2r. Onlar şəhid ailəsidirlər. Lakin iddiaçı mərhum oğlunun ölümünə görə sığorta ödənişi almamışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-777/2022 nömrəli iş üzrə 8 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının oğlu X3 hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə həlak olmuş və iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddia ərizəsi təmin olunmaqla, iddiaçıya 11000 (on bir min) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətini n üzərinə qoyulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3347/2022 nömrəli mülki iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının oğlu hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və iddiaçının oğlu vəfat etmişdir. Beləliklə də Sığorta Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır.
11. Məhkəmə kollegiyası cavabdehin iddiaçının mərhum oğluna sığorta ödənişin verilməsinin ehtimal edildiyini, lakin bu barədə ödəniş tapşırığını təqdim edə bilmədikləri ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının mərhum oğlu faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığortalanmış və Azərbaycan Respublikası nın ərazi bütövlüyünun müdafiəsi zamanı həlak olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmamışdır.
12. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmamışdır.
13. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdi rilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən qeyd edilən sahədə Şirkətin səlahiyyətlərinin 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyasi qeyd etmişdir ki, sözügedən Fərmanın 2.7-ci bəndinə göstərilmişdir ki, 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir. Baxılan iş üzrə sığorta ödənişinin verilməsi öhdəliyi Şirkətə aid olduğundan, bununla bağlı cavabdeh tərəfin dəlili əsassız hesab edilmişdir.
14. Məhkəmə öz mövqeyini “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci, “Hərbi qulluqçuların dövlət icbari şəx si sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsi ilə sığorta olunanın həlak olması (ölüm) halında sığorta olunanın vərəsələri tərəfindən müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə ölüm haqqında şəhadətnamə, həmçin in vərəsəlik hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar qanunvericiliklə tələb olunan sənədlər tam olaraq təqdim edilməmişdir, bu səbəbdən həmin Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq Şirkət tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunauyğun olmuşdur.
17. Kassator qeyd etmişdir ki, hərbi qulluqçunun hərbi xidmətdə olduğu dövrdə həyat və sağlamlığına dəymiş istənilən zərərin sığorta hadisəsi hesab edilmədiyi, dolayısı ilə sığorta təminatına daxil edilmədiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1, 8.1.3 və 8.1.5-ci maddələrindən məlum olmuşdur. Qeyd olunan Qanunun 7.1-ci maddəsinin ikinci cümləsinin tələbindən, 8.1.1 və 8.1.5-ci maddələrinin məzmunundan və təcrübədən məlum olduğu üzrə qeyd olunan halların aydınlaşdırılması məqsədilə sığorta olunanın ölüm faktı ilə əlaqədar cinayət təqibini həyata keçirən orqanın müvafiq prosessual qərarı, yaxud bununla əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə tanış olmaq, qeyd olunan faktların mövcud olub-olmadığını araşdırmaq lazım idi. Qeyd olunan halların baş verməsi halında hadisənin sığorta hadisəsi hesab edilməyəcəyi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi həm istinad olunan Qanun, həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunauyğu olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları araşdırmamış, mövqeyini əsaslandırarkən istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.
18. Kassator şikayətini Azərbay can Respublikası Konstitusiyasının 25-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1, 922.1, 922.2, 935.1, 935.1.8, 935.1.10-cu, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 8.1.1-8.1.3, 8.1.5-ci, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 217.3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə
27. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağla mlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanunu
21. Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
22. Maddə
5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:
23. Maddə 5“a”. Sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı i lə ölmüş elan edildikdə — 100 faiz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Konstitusiya Məhkəməsinin Plenumu 2014-cü il 28 yanvar tarixli Qərarında qeyd etmişdir ki, şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma t arixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. 36. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölmə si), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
37. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad etməlkə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan apellyasiya məhkəməsinin qətnaməsi qanunidir.
38. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqe yinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkə n qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3347/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.