Məhkəmə qərarları › İş №2(102)-467/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-467/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-467/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh və X6 qarşı (üçüncü şəxs X9) iddia tələbinə dair iş üzrə QƏRARİ iAçar sözlər: apellyasiyanın mümkünlüyü, əlavə cavabdehin cəlb edilməsi, dispozitivlik prinsipi, çəkişmə prinsipi, hüquqi həqiqət, sübutetmə yükü, sübutların mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Ə lirza oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil Rüstəm oğlunun, X3, üçüncü şəxs X2 vəkili X10 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1187/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh (bundan sonra – cavabdeh) və X9 (bundan sonra – üçüncü şəxs) qardaşdırlar və Zəngilan rayonundan olan məcburi köçkündülər. 2012-ci ildə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binada həmin şəxslərin isti fadəsinə 77 və 78 saylı iki otaqlı mənzillər verilmişdir. Hal-hazırda cavabdeh ailəsi ilə birlikdə 77 nömrəli mənzildə yaşayır. Qeyd edilən bina dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin (bundan sonra – iddiaçı) balansındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binanın 77 nömrəli iki otaqlı mənzilindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ailəsi ilə birlikdə ona verilmiş 78 nömrəli mənzildə deyil, X4 verilmiş 77 nömrəli mənzildə yaşayır. 78 nömrəli mənzildə isə məcburi köçkün olmayan digər qardaş X11 yaşayır. Hazırda Bakı şəhərində yaşayan Cavabdeh isə Komitəyə müraciət edərək, məcburi köçkün olmayan qardaşının qanunsuz olaraq yaşadığı 78 nömrəli mənzilə deyil, cavabdehin yaşadığı 77 nömrəli mənzilə köçmək istəyir. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə mübahisəli mənzillərin ayrılmasına dair sənədlərin üzərində düzəlişlər edilmiş surətlərini təqdim etmişdir. İşə baxılması zamanı şahid qismində dindirilmiş, Cavabdeh arvadı X7 ifadəsində 77 saylı mənzilin 2012-ci ildə onlara verildiyini, lakin həmin vaxtı uşaqlarının təhsili ilə əlaqədar həmin mənzilə köçə bilmədiklərini, hazırda həmin mənzilə köçmək istəsələr də, cavabdeh və ailə üzvləri orada yaşadıqlarından bunun mümkünsüz olduğunu bildirmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3278/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Sadıqov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddianın əsaslılığı və cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli 77 saylı mənzildə qanunsuz və özbaşına yaşaması sübut edilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 27.1, 152.5, 152.6, 158.1, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. X9 qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti onun hüquq və vəzifələrinə toxunması təsdiq edilmədiyinə görə geri qaytarılmışdır. X9 yenidən eyni apellyasiya şikayətini məhkəməyə təqdim etmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti eyni əsasla yenidən geri qaytarılmışdır. Bundan sonra X9 şikayət verərək məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və qətnamədən verdiyi apellyasiya şikayətinin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə X2 qətnamədən verdiyi apellyasiya şikayətini n baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, qəbul edilmiş qətnamə X2 hüquq və vəzifələrinə toxunur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) mümkünlük barədə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayətinə baxılması mümkün hesab edilmiş, həmçinin X13 cavabdeh qismində işə cəlb edilmişdir. Apellyasiya baxışı zamanı işə baxılması 4 dəfə təxirə salınmış, hər dəfə iddiaçıya məktublar göndərilərək mübahisəli mənzillərin cavabdehə və üçüncü şəxsə məxsus olması barədə ətraflı arayışın veriməsi xahiş edilmişdir. İddiaçının, cavabdehin və üç üncü şəxsin nümayəndəsinin iştirak etdiyi sonuncu, xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında qəbul edilmiş qətnamə ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Cavabdeh, X3 azyaşlı uşağı X12 və X14 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksi, 10 nömrəli binanın iki otaqlı 77 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən məcburi köçkünlərə mənzil verilməsi barədə jurnalın əslini nəzərdən keçirərək, müəyyən etmişdir ki, sözügedən binada 77 nömrəli iki otaq, üç üncü şəxs X4, həmin binada 78 nömrəli iki otaq isə cavabdeh və üçüncü şəxsin anası X5 verilmişdir. Lakin, 78 saylı mənzil mansard tipli olduğu üçün cavabdeh həmin mənzildə yaşamaqdan imtina etmişdir. 77 saylı otaq boş olduğundan cavabdeh orada ailəsi ilə birlikdə yaşayır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin verildiyi 2012-ci ildən cavabdeh ailə üzvləri ilə birlikdə qanunsuz olaraq mübahisəli 77 nömrəli mənzildə yaşayır. Üçüncü şəxs ona verilmiş 77 saylı mənzilə köçə bilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslı deyil və ləğv edilməlidir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 91-ci maddəsinin 1 və 5-ci bəndlə rinə, 98-ci maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 27.1, 152.5, 157.2, 158.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88, 106, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil Rüstəm oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, cavabdehin vəsatətləri araşdırılmamış, zəruri şahidlərin dindirilməsi təmin edilməmiş, mənzilə baxış keçirilmədən qərəzli və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh X13 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iş üzrə cavabdeh olan kassator tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mənzil Məcəlləsi 91.1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin ad ından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. MPM Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 51.3. Başqa cavabdehin cəlb edilmə si zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qə bul edən məhkəməyə verilir Maddə

269. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir Maddə

371. Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarı Dispozitivlik prinsipi işdə iştir ak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarı Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mö vcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə iddia yalnız Cavabdeh qarşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Kö çkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən qaldırılmış, işə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə qəbul edilmişdir. İşə cəlb edilməmiş X2 qətnamədən veridiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərardadları ilə geri qaytarılmışdır. Bundan sonra X2 xx xxxxxx 2019-cu il tarixli qərardaddan şikayəti məhkəməyə daxil olmuş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət olunan qərardadın əsaslı olub olmadığı barədə məsələ həll olunmadan X2 qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Halbuki, MPM-in 269-cu maddəsinə əsasən qərardaddan verilən şikayətə onu qəbul etmiş məhkəmə tərəfindən 3 gün müddətində baxılmalı, şikayət əsaslıdırsa, hakim öz qərardadını dəyişdirməli və ya ləğv etməli, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməli idi. Eyni zamanda üçüncü şəxsin qətnamədən verdiyi apellyasiya şikayətlərinin geri qaytarılması barədə iki qərardad qüvvədə olduğu və həmin qərardadların birincisindən verilmiş şikayətə qiymət verilmədiyi halda qətnamədən verilmiş şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılması üçün mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı olmadan keçirdiyi mümkünlük barədə iclasda öz təşəbbüsü ilə X8 cavabdeh qismində işə cəlb etmişdir. Halbuki, MPM-in 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi barədə məsələ birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yalnız iddiaçının razılığı (vəsatəti) ilə cəlb edilə bilər. Nəzərə alınmalıdır ki, mülki prosessual hüququn əsas prinsiplərindən biri olan dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsi mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq işə başqa cavabdehin cəlb edilməsi iddiaçının müstəsna hüququdur. Əks yanaşma dispozitivlik prinsipinə və MPM-in 51.3-cü maddəsinin mahiyyətinə və təyinatına uyğun deyil. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə X8 iddiaçının iştirakı və razılığı olmadan cavabdeh kimi işə cəlb etmişdir. Bununla yan aşı qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. MPM-in 77.1-ci maddəsi sübut etmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Eyni zamanda mülki prosessual qanunvericiliyə əsasən tərəflər sübutetmə ilə bağlı vəzifələrini bir qayda olaraq birinci instansiya məhkəməsində yerinə yetirməlidirlər, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 371). Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaç ı ilk növbədə mübahisəli mənzilin mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Hazrıkı işdə mübahisəli mənzillərin iddiaçının balansında olduğu işin mübahisəsiz halıdır. Eyni zamanda iddianın təmin olunması üçün mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etmək yükü iddiaçının üzərində olmuşdur. İddiaçı mübahisəli mənzillərin yerləşdiyi binada cavabdehin mənzillə təmin olunduğunu etiraf etmiş, lakin onun faktiki olaraq ayrılmış mənzildən deyil, başqa mənzildən istifadə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təsdiq edən sübutlar təqdim edilmədiyinə görə iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ilk dörd məhkəmə iclasında i ddiaçı təmsil olunmamış, hər dəfə məhkəmə iclasları təxirə salınaraq sübutların təqdim olunması iddiaçıdan xahiş edilmiş, lakin iddiaçı tərəfindən sorğulara cavab verməmişdir. Halbuki MPM-in 9.1, 9.3 və 14.2-ci maddələrinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirak onun özü üçün neqativ nəticələrə səbəb ol ur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini süb ut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. İş üzrə sonuncu apellyasiya baxışı iclası zamanı məhkəmə iddiaçının nümayəndəsinin təqdim etdiyi məcburi köçkünlərə mənzil verilməsi barədə jurnalın əslinə baxış keçirərək iddianın əsaslı olduğu barədə qənaətə gəlmişdir. Halbuki iddiaçının cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etdiyi mənzil daşınmaz əmlakdır. Mülki qanunvericilik belə əmlakların əldə edilməsi, sahiblik və istifadəyə verilməsi, qeydə alınması və özgəninkiləşdirilməsinin xüsusi qaydasını müəyyən etmişd ir. Belə əmlaka sahibliyin qanuni olub-olmadığı barədə hal müvafiq əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd, səlahiyyyətli orqanın qərarı (orderi), yaxud əmlaka hüquqların yaranmasını təsdiq edən müqavilə (alqı-satqı, bağışlama, istifadə, icarə, sosial kirayə və s) əsında müəyyən edilə bilər. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri istifadəçilərə əvəzsiz istifadə müqavilələri, yaxud sahə mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Bu baxımdan hazırkı iş üzrə mübahisəli mənzilin cavabdehə deyil, üçüncü şəxsə verildiyi yuxarıda məhz sadalanan s übutlar əsasında müəyyən edilə bilər. Çünki MPM-in 81-ci madəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarda istinad olunan prosessual pozuntular aradan qaldırılmaqla, qanunvericiliyin tələblərinə uyğun məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1187/2020 n ömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar