Məhkəmə qərarları › İş №2(102)-467/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-467/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-467/2022 12.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 tərəfindən Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli 2(106)2551/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli 2(106)-2551/2021 nömrəli iş üzrə qətnaməsindən kassasiya şikayəti vermişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli və kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 avqus t 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Cavabdeh2 tərəfindən 14.10.2021-ci il tarixdə poçt vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə ünvanlanmış və həmin məhkəməyə 25.10.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə kassasiya şik ayətindən görünür ki, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 Şirvan Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2551/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar