Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4670/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənzilin və ya pulun verilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4725/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci ildə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmiş və poçt vasitəsi ilə iddia ərizəsində qeyd edilən ünvan üzrə iddiaçıya göndərilmişdir. Zərf həmin ünvanda yaşamır qeydi ilə məhkəməyə geri qaytarılmışdır.
2. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya rəsmi qaydada verilmədiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsinin təqdim edilməsini xahiş etmişdir. Həmin qətnamə xx.xx.2022-ci ildə iddiaçının nümayəndəsi Nümayəndə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında qəbz imzalamaqla təqdim olunmuşdur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixində verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC arasında cəmi 129,1 kv.m. mənzilə dair yeni «Satış» müqaviləsinin bağlanması və ya ona 180.000 manat kompensasiya ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (haki m Ramin Xəlilov) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) 2(103)-4725/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən iddiaçının nümayəndəsinin elektron kabinetinə xx.xx.2021-ci il tarixində yerləşdirilmiş, iddiaçının ünvanına xx.xx.2021-ci il tarixində göndərilmiş zərf geri qayıtmış, daha sonra iddaçının nümayəndəsi ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixində qətnamənin surətini əldə etmişdir, apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixində verilmişdir (səh.198- 205). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qan unvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir.
9. Kollegiya hesab etmişdir ki, müddətin hesablanması həyata keçirilməli və münasibət bildirilməlidir ki, bu səlahiyyət də birinci instansiya məhkəməsinə aiddir.
10. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 129.3, 129.4, 130, 135.6, 135.7, 146, 360, 363.1.1-1, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şik ayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 9 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Belə ki qətnamə iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci ildə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında qəbz imzalamaqla təqdim olunmuş və 7-8 mart 2022-ci il qeyri-iş günü olduğundan apellyasiya şikayəti 9 mart 2022-ci ildə verilmişdir.
13. Bundan başqa apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qəra rdadı ilə müddətin ötürülməsi əsası ilə apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
15. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
16. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
17. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
19. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
20. Maddə 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
21. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müv afiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.
22. Maddə 135.5 Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
25. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
26. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hü quq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etd iyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
33. Bakı şəh əri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsinin iddiaçı tərəfindən xx.xx.2022-ci ildə əldə edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci ildə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirildiyindən MPM-in 135.5 və 135.6-cı maddələrinə əsasən xx.xx.2021-ci ildə iddiaçıya rəsmi qayda da verilmiş hesab edilməlidir.
34. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə müddətin ötürülməsi əsası ilə apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərardadının ləğv edilməsi və şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi həmin şikayətin birmənalı olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmalı olması demək deyildir. Belə ki, MPM-in 366.1 və 366.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4725/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.