Məhkəmə qərarları › İş №2(102)-4690/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4690/2020

27.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4690/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Əliyev Əli Abdulla oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3061/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4490/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.A.Əsədova) iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, **, 813 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3061/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4490/2019 saylı işi üzrə 12.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması, mənzilin cavabdeh tərəfindən dərhal boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona mərhum X1ndan ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. X1 23 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. X1 ünvan 1 ünvanında yerləşən mənzildə 21 oktyabr 1999-cu ildən 09 yanvar 2018-ci ilə kimi qeydiyyatda olmaqla tək yaşamışdır. Vəfat etməsi ilə əlaqdar isə hazırda qeydiyyatdan silinmişdir və mənzildə qeydiyyatda heç kim yoxdur. Bundan başqa bacısı X4 09 iyul 2004-cü ildə evlənmiş və ailəsi birlikdə bu günədək Rusiya Federasiyasıda yaşayır. Mərhum atasının yeganə varisləri isə o, yəni İddiaçı və bacısı XXX qızıdır. Bacısı XXX qızı isə mirasın ona məxsus payından onun, yəni İddiaçı xeyirinə imtina etmiş və notarial qaydada təsdiq edilmiş ərizə yazmışdır. Bundan sonra müvafiq qaydada adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bunun əsasında isə mənzilə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almış, əmlak adına Daşınmaz əmlakın dövlət reyestrində 1554 nömrəli kitabının 142115 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzil tam olaraq onun mülkiyyətindədir. Lakin, mərhum atasının vəfat etməsi, eyni zamanda özünün ömürlük birinci qrup əlil olmağı, daimi olaraq Qəbələ şəhərində yaşamağı və böyr ək çatışmazlığı xəstəliyi səbəbindən həftədə üç dəfə dialez almağından cavabdeh istifadə edərək, ona məxsus əmlaka qanunsuz olaraq girmiş və hal-hazırda da orada yaşayır. Qeyd edir ki, cavabdeh mərhum atasının qohumlarındandır, bildiyi qədəri ilə ərindən boşanmış, özünə hədəf kimi isə onun mənzilini seçmişdir. Dəfələrlə ondan şəxsən özü və qohumları vasitəsilə mənzilindən çıxmağı tələb etmiş, lakin cavabdeh öz qanunsuz əməllərindən əl çəkməmiş, bundan sonra müvafiq polis orqanlarına şikayət ərizələri ünvanlamış, nəticədə isə ona bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda isə cavabdeh öz qanunsuz əməllərini davam etdirir, mənzilindən çıxmaqdan qəti imtina edir. Halbuki, onun mənzilə heç bir hüququ yoxdur, ümumiyyətlə ona və ailəsinə kənar bir şəxsdir. O, yuxarıda qeyd etdiyi kimi ağır xəstədir, mənzilə ehtiyacı var, mənzil üzərində öz halal sərəncam vermək, ondan istifadə etmək kimi hüquqlarından tam olaraq məhrum olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili İsmayılov Mübariz İslam oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Əliyev Əli Abdulla oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublika sı MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Əliyev Əli Abdulla oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 04 iyul 2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, **, 813 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 oktyabr 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, **, 813 nömrəli mənzil 20 iyun 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamayə əsasən 04 iyul 2019-cu il tarixdən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29; MM-nin 152-158, 228; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istina dən hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apelyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. M əhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3061/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar