Məhkəmə qərarları › İş №2(102)-474/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-474/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-474/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-474/2023 (Açar sözlər: mənzilə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi) Bakı şəhəri 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5671/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 16 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi əsasında tərəflərin nikahı pozulmuşdur.

2. Tərəflər 2005-2014-cü illərdə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evdə, daha sonra isə həmin ünvanda yeni tikilmiş başqa bir ikimərtəbəli fərdi yaşayış evində yaşamışlar.

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “uşaqları ilə birlikdə ünvan 1 yaşayış sahəsinə köçməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə” iddia qaldırmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-356/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və onun övladları 13 yanvar 2006-cı il təvəllüdlü X3, 10 may 2009-cu il təvəllüdlü X2 və 05 avqust 2013-cü il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsi, 12/1 ünvanında yerləşən yeni tikilən iki mərtəbəli yaşayış sahəsinə (evinə) köçürülmələri qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası rədd edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1663/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “İddiaçı azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evə köçürülməyi və iki otağından, mətbəxindən və sanitar qovşağından iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, ailə qurduqdan sonra iddiaçı qayınatasına məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evə gəlin köçmüşdür. İddiaçıya məxsus valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə cehiz olaraq aparmışdır və hal-hazırda cehiz əmlakları oradadır. 2005-2014-cü illər ərzində həmin evdə yaşamışdır. Lakin, sonradan həmin həyətdə ikimərtəbəli fərdi yaşayış evi tikilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evinə köçərək yaşamış və onlarla birgə təsərrüfat aparmışlar. İddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər iddiaçıya və uşaqlarına orda yaşamağa imkan ver məmiş və onları oradan qovmuşdur. Hazırda iddiaçı övladları ilə birlikdə atasına məxsus olan evdə çox çətinliklə yaşayır. İddiaçı ünvan 1 ünvanda yerləşən yeni tikili olan ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə olan həmin qətnamələrdə 2005-2014-cü illər ərzində İddiaçı və övladlarının ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evdə yaşaması faktı öz əksini tapmış və sübuta yetirilmişdir. Həmçinin 13 yanvar 2006-cı il təvəllüdlü Sadıqova Ay işə Anar qızı, 10 may 2009-cu il təvəllüdlü X2 və 05 avqust 2013-cü il təvəllüdlü X4 iddiaçı və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır.

8. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 sentyabr 2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia rədd edilmişdir.

9. Məhkəmə tərəfindən işin araşdırılması və mübahisəli evin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh2 16 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 13 yanvar 2006-cı il təvəllüdlü X3, 10 may 2009-cu il təvəllüdlü X2 və 05 avqust 2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı ailə qurduqdan sonra qayınatasına məxsus Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Levanevski küçəsi, 12/1 saylı evə gəlin köçmüşdür. Həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz ə mlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Yaşayış evində iki otaq və kiçik mətbəxdən ibarət ayrı girişi olan bir mənzil və iki otaq və kiçik mətbəxdən ibarət ayrı girişi olan ikinci mənzil yerləşir, həyətdə bir ədəd sanitar qovşaq mövcuddur, bir mənzildə kirayəçi qalır.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəli evin sahibi ilə arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair müvafiq qaydada rəsmiləşdirilmiş razılaşma mövcud olmadığından, iddiaçının mübahisəli evdən istifadə hüququ yarana bilməzdi. İddiaçının qeyd edilən mənzildən istifadə hüququ yaranmadığına görə, yaranmayan istifadə hüququ üzrə istifadə qaydaları da məhkəmə tərəfindən müəyyən edilə bilməz.

11. Məhkəmə iddia tələbinin “uşaqların mənzilə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsinə dair hissəsində” təmin edilməməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 məhkəmə qətnaməsi əsasında anaları İddiaçı yanında qalır, uşaqların da yaşayış yeri valideynin yaşayış yeridir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 228.1, 228.2, 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 13.5, 14.2, 77.1, 217.4, 218.3-cü və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətna mədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinın dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5671/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Vahid Sadıqov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5511/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman mübahisəli evin yerində müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi köhnə tikilidir və iddiaçının həmin yerə gəlin köçməsindən daha əvvəl tikilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı uzun müddət orada yaşasa da, həmin evdə hər hansı yaxşılaşdırma işləri aparmamışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbləri ilə bağlı mövqeləri ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında istifadə hüququ ilə bağlı razılaşmanın olmaması ilə yanaşı, mübahisəli tikili iddiaçının həmin evə köçməsindən daha əvvəl inşa edildiyindən və yaşadığı müddətdə iddiaçı tərəfindən həmin evdə hər hansı yaxşılaşdırma işləri aparılmadığından iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ yarana bilməz.

18. Məhkəmə gəldiyi nəticəni Azər baycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 228.1, 228.2, 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 13.5, 385.2-ci və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5671/2022 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdurki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığı üçün uşaqlar da evə kö çürülməlidir. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə yalnız həmin tikilinin özbaşına tikili olmasını əsas gətirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçü n öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq eləməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

23. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmə lə gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

24. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

25. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

29. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, u şaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənz imləyən hüquq normalarına müraciət edir.

31. Maddə 13.5. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi özbaşına tikili olsa da, faktiki olaraq iddiaçının keçmiş qaynatasın a məxsusdur. Bu işin mübahisəsiz halıdır, iddiaçı iddia ərizəsində də bunu göstərmişdir.

43. İddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına evə köçürülmə, istifadə hüququnun yaranması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından münahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzilmələyən hüquq normalarına uyğun olmalıdır.

44. İddiaçının cavabdehin oğlu ilə nikaha girməsi və həmin evə köçməsi onun həmin evdə yaşayış hüququnun mübahisəsiz yaranması demək deyildir. İddiaçının evin sahibi olan qayınatanın ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanmasını tələb etmə k hüququ olmadığından bu ev özbaşına tikili olsa da, iddiaçının həmin yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti yoxdur. Çünki iddiaçının bu istəyi evin sahibi ilə olan razılıqla şərtləndirilir. Həmin evə faktiki sahiblik edən qayınatanı isə belə razılıq verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz.

45. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

46. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmal ıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5671/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar