Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4763/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Həbib oğluna, Cavabdeh2 qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4763/2022 ( Açar sözlər: kredit borcu, ipoteka predmetinin ilkin satış qiyməti) Bakı şəhəri, 14 dekabr 2022-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Həbib oğluna, Cavabdeh2 qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-275/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X1 ASC (yeni adı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 Həbib oğlu arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən, Bank borcalana illik 27% dərəcəsi ilə 60 ay müddətinə 40.700 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Həmin tarixli ipoteka müqaviləsinə (əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsəd ilə borcalan tərəfindən mülkiyyətində olan (DƏDRX-nin RX ******* saylı 4 dekabr 2014-cü il tarixli Çıxarışına əsasən) Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.m ümumi, 72.8 kv.m yaşayış, 38.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş, müqavilədə evin qiyməti 83.000 manat müəyyən edilmiş, Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 3. 20.06.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 Həbib oğlunun kredit müqaviləsi üzrə əsas borcu 37371,04 ABŞ dollar, faiz borcu üzrə 27394, 62 ABŞ dolları və cərimə borcu 1758,68 ABŞ dolları təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Həbib oğlundan ASC-nin xeyrinə 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsi üzrə banka 37371.04 ABŞ dolları əsas, 27394.62 ABŞ dolları faiz, 1758.68 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 66524.34 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 Həbib oğlunun mülkiyyətindəki Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 Həbib oğluna məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Həbib oğlu, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 həmin ev və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 Həbib oğlu ilə İddiaçı İKB ASC arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, kredit üzrə öhdəlik vaxtında və lazımı qaydada icra edilmədiyinə və gecikdirildiyinə görə ipoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etiraz verməmişdirlər.
7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 17 avqust 2018-ci il tarixli, 2(060)-7246/2018 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 Həbib oğlundan İddiaçı İKB ASCnin xeyrinə 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 37 371.04 ABŞ dolları əsas, 27394.62 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 65065.66 ABŞ dollarının və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh1 Həbib oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.3 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin açıq hərracdan satılması, borcun mənzilin satışından əldə olunacaq vəsait h esabına İddiaçı İKB ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübuta yetirə bilmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyəyli şəxslər arasında bağlanmış və onların etibarsızlılığına səbəb ola biləcək digər hallar da mövcud deyildir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbi də qanunidir.
10. Məhkəmə iddianın cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca ye rinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ ilə razılaşmış, lakin tələbin hərrac keçirildikdən sonra və satıldıqdan sonra bir ay müddətində boşaldılması hissəsi ilə razılaşmamışdır.
11. Məhkəmə həmçinin cavabdehlərin hazırkı iş üzrə ipoteka predmeti olan mənzildən istifadə hüququnun itirilmiş hesab olunması barədə hesab etmişdir ki, sözügedən mənzilin gələcəkdə hüquqi rejiminin necə olacağını indidən müəyyən etmək mümkün olmadığından iddia həmin hissədə də təmin edilə bilməz.
12. Məhkəmə iddianın ipoteka predmetinin hərracdan satışından əldə olunacaq vəsaitin borcun tam ödəniməsinə kifayət etmdəikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsində hesab etmişdir ki, iddia bu hissədə də konkret olmadığından və bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən təmin oluna bilməz.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 203.1, 319.1, 421.1, 421.2, 425.1, 443.1, 445.1, 445.2, 448.1, 462.1, 739.1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.4, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1. 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh1 Həbib oğlu apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissələrində ləğv edilməsi, kredit müqaviləsi üzrə qanuni və əsaslı borc məbləğinin müəyyən edilməsini, onun hissə-hissə icra edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi çəkişmə və tərəflərin bərabərliyi prinsiplərini pozaraq ətnamə qəbul etmiş, mülki işin baxılması barədə xəbəri olmamış, heç bir bildiriş almamış və qətnamənin mövcud olması ona məlum olmamışdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi kredit müqviləsini və tələbini nəzərə alaraq əsas borc və faiz borcununu dzgün hesablamamış, tərəfindən aparılmış ödənişlər nəzərə alınmamışdır. Birinci instansiya məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və prosessual hüquq normalarına riayət etməmişdir.
16. Apellyasiya məhkəməsi tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 17 dekabr 2019-cu il tarixli 15062 saylı ekspert rəyinə əsasən borcalanın banka 20 iyun 2018-ci il tarixinə 38.793,01 ABŞ dolları əsas və 28.240,91 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. 17. "xxxx" MMC-nin 04 mart 2019-cu il tarixli M116/19 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, fərdi yaşayış evinin bazar qiyməti 100.000 manat təşkil edir. Borcalan bu rəyə etiraz etmiş və məhkəmə əlavə qiymətləndirmə ekspertizası təyin etmişdir.
18. Yaşayış evinə qiymət qoyularkn torpaq sahəsi nəzərər alınmadığında əlavə ekspertiza təyin edilmiş və "xxxx" MMC-nin 22 yanvar 2020-ci il tarixli, M176/20 saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin bazar qiyməti 230.000 manat təşkil edir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bun dan sonra apellyasiya instansiyası məhkəməsi) 25 fevral 2020-ci il tarixli, 2(105)-83/2020 nömrəli qətnaməsi ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 14/49 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 230000 (iki yüz otuz min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qətnamənin tutulan borc məbləği hissəsinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin müvafiq maddələrinə düzgün istinad edərək iddia tələbini tam təmin etməkdə haqlı olmuşdur.
21. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyə əsasən cərimə məbləğini azaltmaqda haqlı olmuşdur.
22. Kollegiya cavabdehin borc məbləğinin şişirdilməsi barədə dəlilini əsassız saymışdır. Çünki bu dəlil mühasibatlıq ekspertizasının rəyi ilə də təkzib edilmişdir. Həmçinin cavabdeh də ekspertizanın rəyi ilə razı olduğunu göstərmişdir.
23. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qətnamədə dəyişiklik edilməli, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində görünür ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir.
24. Apellyasiya instansiya məhkəməsi ipoteka predmeti olan evin qiymətinin 230000 manat müəyyən edilməsi ilə bağlı sonuncu rəyi daha əsaslı hesab etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 83.000 manat məbləğində müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətini müəyyən edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, ilkin satış qiyməti müəyyən edilərkən daşınmaz əmlakların hazırkı bazar qiyməti, daşınmaz əmlak bazarında son vaxtlar qiymətlərin düşməsi, tərəflərin həmin əmlakın dəyərinin 83.000 manat razılaşmaları, iki dəfə ekspertiza keçirilsə də ekspert rəylər i arasındakı ziddiyyətlərin nəzərə alınmaması səbəbindən məhkəmə düzgün nəticəyə gəlməmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 28 iyul 2020-ci il tarixli, 2(102)-3456/2020 nömrəli qərarı ilə (İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır.
28. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, birinci dəfə ekspert rəyi verdikdən sonra ikinci dəfə rəy verilməsi üçün qiymətləndirmənin yenə həmin qiymətləndirmə şirkətinə göndərilməsi qərarın obyektivliyi tə min etmək baxımından düzgün deyildi. Çünki ilkin ekspertiza keçirilməsi qərarında elə eksper həmin suala cavab verməli idi ki, ipoteka ilə yüklü edilmiş evin bazar qiyməti nə qədər təşkil edir. Qiymətləndirməni aparan ekspert evin yerləşdiyi torpaq sahəsinin dəyərini nəzərə almadan rəy vermişdirsə, torpaq sahəsini nəzərə almaqla yenidən qiymətləndirmə keçirilməsi göstərişi ilə qiymətləndirmənin eyni şirkətə həvalə edilməsi tərəflərin etimadını qazana bilməzdi. Çünki ilk dəfə rəy verən ekspert bilməli idi ki, ipoteka ilə yüklü edilmiş fərdi ev torpaq sahəsinin üzərində yerləşirsə və ona tutma yönəldiləcəksə, deməli torpaq sahəsi ilə birlikdə özgəninkiləşdiriləcək.
29. Bundan başqa, nəzərə almaq lazımdır ki, “İpoteka haqqında” Qanunun 1.0.9cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tə ləbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Likvid dəyərlə bağlı qeyd edilməlidir ki, likvidlik özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu bax ımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Ona görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. İşin yeni apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli 02- 05/20 № ekspertizası rəyi ilə ipoteka predmetinin 18 noyabr 2020-ci il tarixinə likvid dəyəri 231.000 manat məbləğində müəyyən edilmişdir.
31. İddiaçı tərəfindən ekspert rəyi mübahisələndirilmiş, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. 32. “B+Ş Audit Ko nsaltinq” MMC tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli №A01/03 rəy ilə ipoteka predmeti olan fərdi yaşayış evinin orta bazar qiyməti 180.000 manat, likvid dəyəri 160.000 manat məbləğində qiymətləndirilmişdir.
33. İddiaçı tərəfindən yenidən ekspert rəyi mübahisələndirilmiş, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. 34. "xxxx" MMC-nin tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli Ç-202 № rəy ilə ipoteka predmetinin likvid dəyəri 125.000 manat məbləğində qiymətləndirilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin 22 sentyabr 2021-c il tarixli, 2(105)275/2021 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti o lan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 111.4 kv.metr ümumi, 72.8 kv.metr yaşayış, 38.6 kv.metr yardımçı sahədən ibarət 14/49 nömrəli fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin likvid dəyərinin 160.000 (bir yüz altmış min) manat müəyyən edilməsi qət edilmişdir.
36. Məhkəmə kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən iş üzrə mübahisə predmeti olan əmlakla bağlı "xxxx" MMC, “B+Ş Audit Konsaltinq” MMC və "xxxx" MMC tərəfindən verilmiş rəyləri müqayisə edərək hesab etmişdir ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş rəylərdə göstərilən ipoteka predmetinin qiymətləri reallığı əks etdirmir. Odur ki, iki rəydə göstərilən qiymətlərə münasibətdə “B+Ş Audit Konsaltinq” MMC-nin rəyi daha çox reallığı özündə əks etdirdiyindən həmin rəydəki qiymət ipoteka predmetinin likvid dəyəri kimi göstərilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilib, ipoteka predmetinin satış qiyməti hissəsində işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən verilən sübutlar qərəzli şəkildə düzgün tədqiq edilməmişdir. Belə ki, ipoteka predmetinin likvid dəyəri 160.000 manat müəyyən edilmişdir. Məhkəmələr tərəfindən ümumilikdə 5 dəfə ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndirilməsinə dair ekspertiza təyin edilmişdir. 15 iyul 2021-ci il tarixli son ekspert rəyində ipoteka i lə yüklü edilmiş əmlakın dəyərinin 125.000 min manat qiymətləndirilməsinə baxmayaraq məhkəmə 03 mart 2021-ci il tarixli ekspert rəyini əsas götürmüşdür. Əgər məhkəmə 03 mart 2021-ci il tarixli ekspert rəyinə əsaslanırdısa, növbəti dəfə ekspertizanın təyin edilməsi ağlabatan deyildir. Odur ki, məhkəmə işi mahiyyəti üzrə tam və düzgün araşdırmadan, əsassız olaraq yanlış qiymətə istinad etməklə qətnamədə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
40. Maddə 1.0.9. İlkin satış qiyməti – bu qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraiti ndə ipoteka predmetinin satış (likvid) qiymətidir.
41. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
46. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
48. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətna mədə və ya qərardadda əsaslandırılmalıdır.
49. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin b axış predmetini ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi təşkil etdiyindən və qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin ipotekanın ilkin satış qiymətinin 160000 manat müəyyən edilməsi hissəsi ilə razılaşır və qeyd edir ki, əmlakın qiyməti barədə bir neçə qiymətləndirmə rəyi alınmışdır.
57. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
58. Ekspert rəyləri arasındakı ziddiyyət barədə kassasiya şikayətinin dəlillər i ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sonuncu apellyasiya baxışı zamanı məhkəməsi tərəfindən 3 dəfə ekspertiza keçirilmiş, apellyasiya məhkəməsi həmin rəyləri digər iş materialları ilə birlikdə qiymətləndirib haqlı olaraq “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir.
59. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
60. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
61. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert r əyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
62. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən hər 3 ekspertiza rəyi ətraflı araşdırılmış və hansı rəyin mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsasla ndırılmışdır.
63. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-275/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.