Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4770/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkiliVəkil3 və Cavabdeh3 MMC-nin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının **.**.2020-ci il tarixli, 2(103)*****/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: B akı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 16.01.2020-ci il tarixli, 2(005)-*****/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, Z.Şirinov, A.İmanov) **.**.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli, 2(005)-*****/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2020-ci il tarixli qətnaməsindən kasasiya şi kayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduqları mənəvi zərərin əvəzi olaraq 200000 manat pul məbləğinin cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki,iddiaçı tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127-ci, Mülki-Prosessual Məcəllənin 9cu. Avropa Konvensiyasının 6.1-ci maddə sində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırsınlar. İşin faktiki halları ilə təsdiq edilir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının məhkəmə qərarının əsaslandırılması hüququnu pozmuşdur. İşin faktiki halları və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi iddia ərizəsinə əlavə olunan sənədlərə diqqət yetirməmiş, Cavabdeh3 MMC-nin İdarə Heyəti sədrinin birinci müavini F1 ünvanlanmış elektron məktubların iş üçün əhəmiyyətli tərəfləri araşdırılmamışdır. Əksinə, cavabdeh tərəfin təqdim etdikləri “yalanlarla” dolu iddia ərizəsinə etirazda göstərilən xüsusatları məhkəmə qətnaməsinin əsaslandırılma hissəsin də qeyd etməklə işini bitmiş hesab etmişdir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi əmək münasibətləri zəminində iddiaçının Cavabdeh3 MMC-də insan resursları üzrə müşavir vəzifəsində çalışdığı müddətdə dəymiş mənəvi ziyanın onun necə iztirab və şərəf və ləyaqətini alçaldılmış fomada olmasını araşdırmadan, cavabdeh tərəfin məhkəmə çıxışlarında dedikləri yalan və böhtan xarakterli ifadələri məhkəmə qətnaməsində qeyd etmişdir. Eyni zamanda əmək qanunvericiliyinin fərdi əmək mübahisələrində dəymiş mənəvi ziyanın ödənilməsi barədə müddəası da mövcuddur. İddiaçının təqdim etdiyi sübutlar araşdırılmamış və ya onlara hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının **.**.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi nin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil3 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının **.**.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdiril mədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə Cavabdeh3 MMC arasında müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı **.**.2017-ci ildən **.**.2019-cu ilədək İnsan Resursları üzrə müşavir vəzifəsində çalışmışdır, 11.10.2019-ci ildə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır, iddiaçı iddia tələbində MMC-nin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını iddia etsə də, məruz qaldığı mənəvi zərərin nədə ifadə olunduğunu qeyd etməmiş, hansı qanunsuz hərəkətlər nəticəsində hansı mənəvi zərərə məruz qalmasını göstərən hər hansı bir hal göstərməmişdir, həmçinin iş materiallar ından cavabdehin hansı qanunsuz hərəkətləri nəticəsində, onun necə mənəvi zərərə məruz qalması müəyyən edilmir. Eyni zamanda apelyasiya kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin «Qeyd»ində göstərilmişdir ki, bu mad dənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, əmək qanunvericiliyində əmək münasibətləri prosesində vurulmuş mənəvi ziyanın əhatə dairəsi konkret olaraq müəyyənləşdirilmişdir. Hazırki iş üzrə iddiaçıya münasibətdə əmək münasibətləri prosesində işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən mənəvi ziyanın əhatə etdiyi qa nunvericilikdə sadalanan hallardan hər hansı birinin baş verməsi sübuta yetirilmir və işin halları ilə müəyyən edilmir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf apelyasiya məhkəməsinin qəbul etdiyi qətnaməni əsaslandırmaması ilə onun hüquqlarını pozmasını qeyd etsə də, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən görünür ki, qətnamə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmışdır. Bununla yanaşı, iddiaçı kasasiya şikayətində əmək qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə müddəaya istinad etmiş, apelyasiya kollegiyası da qəbul etdiyi qətnamədə əmək qanunvericiliyində əmək münasibətləri prosesində vurulmuş mənəvi ziyanın əhatə dairəsini əsaslandırmış və düzgün olaraq vurğulamışdır ki, hazırki iş üzrə iddiaçıya münasibətdə əmək münasibətləri prosesində işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən mənəvi ziyanın əhatə etdiyi qanunvericilikdə sadalanan hallardan hər hansı birinin baş verməsi sübuta yetirilmir və işin halları ilə müəyyən edilmir. Ümumilikdə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4770/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4770/2020
15.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver