Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4788/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4788/2022 Açar sözlər: müqavilədən irəli gələn öhdəliyin icrası, müqavilənin ləğv edilməsi əsasları və qaydası, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3704/2022 nömrəli, 18 may 2022 -ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə "xxxx" MMC (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 m2 yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə tikilməkdə olan binanın 13-cü mərtəbəsində 1 otaqlı, 47.18 m2 sahəsi olan 219 nömrəli mənzili orta təmirli vəziyyətdə onun istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
2. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 m2 yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə tikilməkdə olan 2 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı 45.5 m2 və sakinin istəyinə (ərizəsinə) əsasən ödəniş şərti ilə həmin mənzil sahəsinə 17.5 m2 əlavə olmaqla, cəmi sahəsi 63 m2 olan 54 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) tikinti başa çatdıqdan sonra orta təmirli vəziyyətdə iddiaçının istifadəsinə verməyi öhdəsinə götürmüş, əlavə sahəyə görə ödəniş 22.000 manat müəyyən edilmişdir.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək, 10 gün müddətində müqavilədə nəzərdə tutulmuş 22.000 manat ödənişin qəbul edilməsi, mübahisəli mənzilin ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22.000 manatın ondan qəbul olunması, mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə olunması, müqavilədə nəzərdə tutulan aylıq 300 manat kirayə haqqı məbləğinin 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qüvvəyə minənədək cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, müqavilədə nəzərdə tutulan yaşayış binası tam tikilib sakinlərin istifadəsinə verilməsinə baxmayaraq, cavabdeh 22.000 manat əlavə ödənişi qəbul etməkdən, mübahisəli mənzili təhvil verməkdən, həmçinin kirayə xərci olan 300 manatı ödəməkdən imtina edir. Halbuki, aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədədir və rəsmi qaydada ləğv edilməmişdir. Bundan başqa, əlavə ödənişin hansı tarixdə ödənilməli olması barədə müqavilədə konkret müddət nəzərdə tutulmamışdır. Yaranmış mübahisənin danışıqlar yolu ilə həll olunması üçün həyat yoldaşı ilə birlikdə cavabdehin ofisinə getmiş, bu zaman mübahisəli mənzildə digər şəxslərin olduğu müəyyən olunmuş, lakin mənzilin satılması və kirayəyə verilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Hesab edir ki, aralarında bağlanmış müqavilə xx.xx.2017-ci il tarixli mülki qanunvericiliyin tələblərinə uyğun olaraq (ona məlumat verilməklə məhkəmə qaydasında) ləğv edilmədən həmin mənzilin digər şəxsə verilməsi qanunsuzdur.
6. Cavabd ehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, 2019-cu ildə mübahisəli mənzil istifadəyə tam hazır olduğundan qəbul edilməsi üçün iddiaçı MMC-yə dəvət olunmuş, lakin sonuncu müqavilədə nəzərdə tutulan 22.000 manatı ödəməkdən imtina etdiyindən, xx.xx.2017-ci il tarixli müqaviləyə xitam verilməklə həmin mənzil ona təhvil verilməmişdir. İddiaçı 2019-cu ildə bununla bağlı prokurorluğa və icra hakimiyyətinə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində şirkətin işində hər hansı qüsur aşkar edilməmişdir. İddiaçının xx.xx.2017-ci il tarixdə ödəməli olduğu 22.000 manat hazırda əvvəlki dəyərini xeyli itirmişdir. Şirkət iddiaçıya tam təmirli vəziyyətdə olan və aralarındakı ilk razılaşmada göstərilən tələblərə tam cavab verən sahəsi 45.5. m2 olan digər mənzili təklif edir və istənilən vaxt onun adına rəsmiləşdirməyə zəmanət verir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, uzun illərdir ki, iddiaçı ilə tanışdır, qardaşı və ailəsi ilə birlikdə Qara Qarayevdə yerləşən yataqxanada yaşayırdı. Bir gün ona zəng vurub icra hakimiyyətindən yataqxananın sökülərək, yerində bina tikiləcəyini bildirdiklərini demiş, bir müddət sonra iddiaçının yanına gəlmiş, sonuncu şirkətlə arasında bağlanmış müqaviləni göstərmiş, həmin müqaviləyə baxdıqdan sonra hər şeyin qaydasında olduğunu bildirmişdir. Bundan sonra, iddiaçı yenidən zəng vurub ona verilən mənzili dəyişdiklərini, hansısa vətəndaş şikayət etdiyindən onu razı salmaq lazım olduğunu demiş, o isə razılaşmamasını bildirmişdir. 2020-ci ildə müqavilə üzrə ödəmə li olduğu pulu şirkətə aparan zaman, orada bir xanım və bir hüquqşünas olmuş, iddiaçıya heç bir problem olmadığını, ödəniş edə biləcəyini bildirmişlər. Bu vaxt XXX çıxmış, onu görüb tanımışdır. Belə ki, oraya başqa bir tanışının işi ilə bağlı qetmişdir. Həmin şəxsə iddiaçının ödənişini gətirdiklərini bildirmiş, o isə tələb olunan müddətdə pul ödənilmədiyi üçün artıq həmin mənzili satmadığını, yeni inşa edilən binadan 63 m2 sahəsi olan mənzil verməyə hazır olduğunu bildirmiş, lakin iddiaçı bununla razılaşmamışdır.
8. Məhkəmə tərəfindən 04 fevral 2022-ci il tarixdə keçirilmiş yerində müayinə protokolundan görünür ki, mübahisəli mənzilin (54 nömrəli mənzil) qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamış, həmin binada iddiaçıya təklif olunan sahəsi 45.5 m2 olan 91 saylı mənzilə baxış keçirilərkən isə müəyyən olunmuşdur ki, mənzil tam təmirli vəziyyətdədir, mənzilin qeyri-yaşayış sahələri (mətbəx, hamam, tualet və s.) mebel və aksesuarlarla təmin olunmuşdur. Həmin mənzil iddiaçıya təklif olunmuş, lakin iddiaçı mənzili qəbul etməkdən imtina etmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-389/22 nömrəli, 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia rədd olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sonuncu müqavilədə “onun istəyinə əsasən ödəniş şərtilə” sözləri iddiaçıya pulu ödəməkdən imtina hüququ vermir və həmin sözlərə istinad edərək təqribən 2 il ərzində 22.000 manat əlavə ödənişi həyata keçirməməklə iddiaçı özü a rtıq onunla bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Belə ki, 2019-cu ilin aprel ayında mübahisəli mənzilin tam hazır olması, əlavə ödənişi etməklə mənzili təhvil alınmasının iddiaçıya təklif olunması mübahisə doğurmur. Cavabdeh iddiaçının hazırda təklif etdiyi 22.000 manatı qəbul etməməsini onunla əsaslandırır ki, həmin məbləğ vaxtında ödənmədiyi üçün öz dəyərini itirdiyindən mübahisəli mənzil iddiaçıya veriləcəyi təqdirdə ona zərər dəyəcəkdir. Göründüyü kimi, iddiaçı 02 may 2017-ci il tarixli müqavilənin şərtlərinə əməl etmədiyi üçün MMC haqlı olaraq müqaviləyə birtərəfli qaydada xitam vermişdir.
11. Bundan başqa, hazırda MMC iddiaçıya istifadəsində olmuş 22 m2 yaşayış sahəsinin əvəzinə 2 saylı binada tam təmirli, yaşayış sahəsi iki dəfədən artıq olan 45.5 m2 bir otaqlı mənzil təklif edir. Bu hal ona dəlalət edir ki, MMC iddiaçının hüquqlarını məhdudlaşdırmamış və ona ziyan vurmamışdır. Məhkəmə iddiaçının MMC-nin hazırkı təklifini qəbul etməməsini və 2 il müddətində əlavə ödəniş etmədən israrla 63 m2 yaşayış sahəsini tələb etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmiş, kirayə haqqı tələbinə münasibətdə isə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən xitam verildiyindən iddia tələbi bu hissədə də əsassızdır.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3, 18-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.6, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla, əlavə olaraq cavabdeh tərəfindən Mülki Məcəllənin 423 və 452-ci maddələrinin tələblərinin pozulduğu, məhkəmə tərəfindən işdə olan sübutlara, o cümlədən şahid ifadəsinə düzgün hüquqi qiymət verilmədiyi göstərilmişdir.
14. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, Mülki Məcəllənin 423-cü maddəsinə görə, müqavilədən ayrı qayda irəli gəlmirsə, tərəflər arasında müqavilə ilə eyni formada müqavilənin ləğvi barədə razılaşma imzalanır. İddiaçı ilə aralarında bağlanmış müqavilənin 4-cü bəndində isə göstərilmişdir ki, müqavilənin hər hansı tərəfi öz öhdəliklərini vaxtında və lazımınca icra etmirsə, müqavilə dərhal ləğv oluna bilər. İddiaçı müqavilə üzrə öhdəliyini icra etmədiyindən MMC tərəfindən həmin müqavilə ləğv edilmiş və aralarındakı əvvəlki müqavilənin şərtlərinə tam cavab verən mənzil təklif olunmuş lakin iddiaçı bundan imtina etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3704/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma il ə razılaşmayaraq, hesab etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri olduğundan və cavabdeh iddiaçı qarşısında öhdəliyini lazımi qaydada icra etmədiyindən iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ vardır. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yaşayış sahəsini boşaldıb cavabdehə təhvil versə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək nəzərdə tutulan mənzili iddiaçının istifadəsinə verməmiş və kirayə haqqının ödənilməsini dayandırmışdır.
17. Məhkəmə kollegiyası, bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, tərəflər arasında bağlanmış müqavilədə 22.000 manatın nə vaxt ödənilməsinə dair konkret müddəa (şərt) nəzərdə tutulmamışdır. İşdə olan məlumatlara və sənədlərə əsasən iddiaçı hələ 2019-cu ildə cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə müxtəlif orqanlara, o cümlədən prokurorluğa müraciət etmiş və Bakı Şəhər Prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmışdır. Cavabdeh bundan sonra da öhdəliyi icra etməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadəsi ilə müəyyən olunur ki, iddiaçı 2020-ci ildə ödəməli olduğu pul vəsaitini cavabdehə ödəmək istəmiş, lakin cavabdeh qəbul etməmişdir. Bütün bunlar onu göstərir ki, cavabdehin müqavilə şərtlərini tam yerinə yetirmək və iddiaçıya müqavilədə göstərilən 63 m2 yaşayış sahəsini iddiaçının istifadəsinə vermək niyyəti olmamışdır. Cavabdehin məqsədi iddiaçıya yalnız 45.5 m2 sahəsi olan bir otaqlı mənzil verməkdən ibarətdir ki, bu da tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun deyil.
18. Kollegiya, həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı mübahisəli mənzilə dair üçüncü şəxslərlə müqavilə bağlanılması, yaxud mənzilin üçüncü şəxsin istifadəsinə verilməsinə dair hər hansı hal müəyyən edilməmiş, cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi 04 fevral 2022-ci il tarixdə yerli baxış keçirmək istəsə də, mənzilin qapısı bağlı olduğundan, bu da mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir.
19. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.2, 427.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələr inə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməni yalnız müqavilədə iddiaçının öhdəliyinin icrası müddətinin göstərilmədiyi ilə əsaslandırmışdır. Müqavilədə öhdəliyin icrası ilə bağlı konkret müddətin göstərilməməsi heç bir halda müqavilə tərəfinin öhdəliyi istədiyi vaxt yerinə yetirməsi mənasına gəlmir. İşgüzar adətlərə görə, şirkətdən mənzil alan müştərilər bir qayda olaraq müqavilə bağlandıqdan dərhal sonra öz öhdəliklərini his sə-hissə icra edirlər və mənzilin haqqını tam ödəməyən şəxslərə mənzildə təmir işləri başlanılmasına icazə verilmir. İddiaçının müqavilə bağladıqdan sonrakı 4 ilə yaxın müddətdə 22.000 manat əlavə ödənişi cavabdehə ödəməməsinin ağlabatan izahı yoxdur, öhdəlik şərtin baş verdiyi gündən (mənzilin təmiri yekunlaşdığı gündən) icra edilməlidir. Eyni zamanda, cavabdeh tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubdan da görünür ki, iddiaçı mənzilin haqqını ödəməmişdir. Beləliklə, mötəbər sübutlarla təsdiq olunur ki, mənzil təmir olunduqdan 14 ay sonra iddiaçı müqavilə üzrə öhdəsinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə cavabdeh müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli məhrum olmuşdur.
22. Mülki Məcəllənin 423-cü maddəsinə g örə, müqavilədən ayrı qayda irəli gəlmirsə, tərəflər arasında müqavilə ilə eyni formada müqavilənin ləğvi barədə razılaşma imzalanır. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndində birmənalı qeyd olunur ki, müqavilənin hər hansı tərəfi öz öhdəliklərini vaxtında, tam və lazımınca icra etmirsə, müqavilə dərhal ləğv oluna bilər. Şirkət müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirdikdən, yəni müqavilə üzrə iddiaçının istifadəsinə veriləcək mənzili tam təmir etdikdən sonra iddiaçı pulu ödəmədiyi üçün mənzili onun istifadəsinə verməkdən imtina etməklə faktiki olaraq pulun tam şəkildə dərhal ödənilməsini tələbini irəli sürmüş, lakin iddiaçı ağlabatan müddətdə pulun ödənilməsini təmin etmədiyi üçün müqaviləyə xitam vermişdir.
23. Digər tərəfdən, həm birinci, həm də apellyasiya instansi yası məhkəməsində mənzilin yeni sahibinin olması barədə məlumat verilmiş, lakin bu fakt məhkəmə tərəfindən araşdırılmadan şahidin qeyri-müəyyən ifadəsi əsasında səhv nəticəyə gəlinmiş, eyni zamanda, şahid ifadəsində 2020-ci ildə şirkətə müraciət edildiyi qeyd olunduğu halda, məhkəmə 2020-ci ilin yanvarından kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni əsaslardan çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. v ə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
28. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv ed ilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
29. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
30. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
31. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
32. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfində n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 m2 yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə tikilməkdə olan 2 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı 45.5 m2 və sakinin istəyinə (ərizəsinə) əsasən ödəniş şərti ilə həmin mənzil sahəsinə 17.5 m2 əlavə olmaqla, cəmi sahəsi 63 m2 olan 54 nömrəli mən zili (bundan sonra – mübahisəli mənzil) tikinti başa çatdıqdan sonra orta təmirli vəziyyətdə iddiaçının istifadəsinə verməyi öhdəsinə götürmüş, əlavə sahəyə görə ödəniş 22.000 manat müəyyən edilmişdir. Müqavilədə əlavə 22.000 manatın hansı tarixdə ödənilməli olması ilə bağlı bənd yer almamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək, 10 gün müddətində müqavilədə nəzərdə tutulmuş 22.000 manat ödənişin qəbul edilməsi, mübahisəli mənzilin ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
43. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı hələ 2019-cu ildən hüquq mühafizə orqanlarına şikayətlər ünvanlayaraq müqavilədə nəzərdə tutulan mənzilin cavabdeh tərəfindən ona təhvil verilmədiyini və tədbir görülməsini tələb etmişdi r.
44. Apelyasiya məhkəməsi toplanmış sübutlara məcmu qaydada qiymət verərək belə qənaətə gəlmişdir ki, müqavilə şərtləri iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən pozulmuş, cavabdeh müqavilədə nəzərdə tutulan mənzili iddiaçıya təhvil vermək niyyətində olmamışdır.
45. Müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi üçün əsaslar yaranmamışdır. Beləki, mənzilə görə əlavə 22.000 manatın nə vaxt ödənilməsi barədə müqavilədə qeyd olmadığı üçün ehtiva olunur ki, həmin mənbləğ mənzil təhvil veriləndə ödənilməlidir. Lakin cavabdehin mənzili iddiaçıya təhvil verməsinə hazır olması, həmin mənzili razılaşdıqları şəraitdə iddiaçıya təklif etməsi iş materiallları ilə müəyyən edilməmişdir. Əksinə, iddiaçının 2019-cu ildən mənzilin ona təhvil verilməsindən cavabdehin imtina etməsi il ə bağlı şikayətlər etməsi təsdiq olunur.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Hazırkı işin yeganə mübahisəli halı müqavilə şərtlərinin kimin tərəfindən pozulması ilə bağlıdır. İddiaçı müqavilənin şərtlərinin onun tərəfindən pozulmaması halını sübuta yetirə bilmiş, qarşı tərəf bunun əksini sübuta yetirə bilməmişdir.
48. Eyni zamanda kollegiya qeyd edir ki, müqavilə şərtlərinə uyğun olaraq hər ay verilməli olan 300 manat kirayə haqqı ilə bağlı apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmin vəsait tərəflərin müqavilə ilə razılaşdıqları məbləğdir və mənzil təhvil verilənədək ödənilməlidir.
49. Məhk əmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3704/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.