Məhkəmə qərarları › İş №2(102)-4797/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4797/2023

19.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4797/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «X2 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh Siracəddin qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin özbaşına tikili sayılaraq sökülməsi, əsl olmayan cavabdehə qarşı iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh Siracəddin qızına qarşı “tikilinin özbaşına tikili sayılaraq sökülməsi” tələbinə dair mülki iş üz rə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4407/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X2 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X2 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etiba rnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X2 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcuddur. Nümayəndəliyin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414988.00 m B 4476042.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Odur ki, qeyd olunan tikili özbaşına tikili hesab olunaraq sökülməlidir.

3. Cavabdeh iddia tələbini qəbul etməyərək b ildirmişdir ki, iddia tələbi üzrə sökülməsi tələb olunan ev ona məxsus deyildir. Belə ki, o təxminən 15 il bundan qabaq qızına cehiz almaq məqsədilə həmin torpaq sahəsini satmışdır. Hal-hazırda həmin torpaq sahəsində tikilən fərdi yaşayış evində başqa şəxs yaşayır. O yalnız özünün yaşadığı fərdi yaşayış evinin hasarını düzəltmiş və orada başqa tikinti işləri aparmamışdır. Hazırda sökülməsi tələb olunan fərdi yaşayış evi ona məxsus olmadığından iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

4. Məhkəmənin qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7646 nömrəli rəyində göstərilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geod eziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, X1 Company S.A tərəfindən məhkəməyə təqdim olunmuş koordinatlar əsasında elektron baza məlumatlarına əsasən müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414988.00 m B 4476042.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin “X1 Company S.A” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(010)35/2023 nömrəli qətnaməsi ilə (hakim L.Talıbova) iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hazırki mülki iş üzrə sökülməsi tələb olunan fərdi yaşayış evi cavabdehin istifadəsində deyildi r, bu əsasla iddia tələbi təmin oluna bilməz.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 146.1, 152.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamışdır. Həmçinin məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmiş və qətnamədə göstərilən nə ticələr işin həqiqi hallarına uyğun olmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin kontrakt sahəsinin hüdudları daxilində olması təqdim edilən sənədlərdən və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Həmçinin cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdə əlavə tikinti işlərinin aparıldığı məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir. Cavabdehin nə tikiliyə, nə də ki, tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması məhkəməyə təqdim edilən sənədlərdən aydın olsa da, birinci instansiya məhkəməsinin hakimi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

10. Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(103)-4407/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Cəfərov (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Abdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyasının mövqeyinə görə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmamışdır.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Suraxanı rayonu, Bülbülə qəsəbəsində iki ədəd özbaşına tikili inşa etmiş, daha sonra həmin tikililərdən birini başqa şəxsə satmışdır. Həmin tikililərin heç birinin mülkiyyət hüququna dair çıxarışları yoxdur. Cavabdeh tikilinin satılması barədə alıcı ilə aralarında a lğı-satqı müqaviləsi bağlamamış, habelə məhkəməyə bu barədə sübut təqdim edə bilməmişdir. Lakin cavabdeh məhkəməyə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli bildirişlərini təqdim edərək, göstərmişdir ki, iddia üzrə sökülməsi tələb olunan özbaşına tikili vaxtı ilə satılmış olan tikilidir və başqa şəxsin faktiki sahibliyindədir, ona heç bir aidiyyəti yoxdur. Həqiqiətən də həmin bildirişlərdən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0254 nömrəli evin 002-ci mənzil faktiki olaraq cavabdehin sahibliyində, 001-ci mənzil isə başqa şəxsin sahibiliyindədir. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntüdən müəyyən olunur ki, sökülməsi tələb olunan tikili ilə cavabdehin faktiki sahibiliyində ol an tikilinin divarları və dam örtükləri ayrıdır, həmin tikililərin arasında isə hasar mövcuddur. İddiaçının nümayəndəsi də, məhkəmə kollegiyasının iclasında izahat verərək, hazırda sökülməsi tələb olunan tikilinin cavadehin faktiki sahibiliyində olan evinin yanındakı tikili olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının tələbinin predmetini təşkil edən qanunsuz tikili hazırda faktiki olaraq başqa şəxsin sahibliyində olsa da, iddiaçı qanunsuz tikilinin vaxtı ilə cavabdeh tərəfindən tikildiyini və onun sahibiliyində olmasını iddia etmiş, lakin bu faktı sübuta yetirə bilməmişdir. Nəticədə isə irəli sürülmüş tələbə cavab verməli olmayan şəxsə qarşı iddia qaldırmışdır.

13. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı izah edib ki, iddiaçı birin ci instansiya məhkəməsindəki icraatda, habelə apellyasiya məhkəməsindəki icraatda hazırki cavabdehin əsl cavabdeh olmasının məhkəmələr tərəfindən mübahisələndirildiyini bilsə də, qətiyyətlə iddia tələbinin həmin cavabdehə qarşı təmin olunmasını xahiş etmişdir. Hətta apellyasiya baxışında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müvafiq bildirişlərinin iş üzrə qənaətbəxş sübutlar olmadığını, tikililər və onların işıq sayğacları bir-birindən ayrı olsa da, mübahisəli tikilinin cavabdeh tərəfindən tikildiyi üçün onun cavab verməli olduğunu ifadə etmişdir.

14. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmiş, iddiaçı isə tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Nəticədə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmış və iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 54.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə zərurət o zaman yarana bilərdi ki, boşaldılması tələb edilən torpaq sahəsinin hazırki cavabdeh tərəfindən zəbt edilməsi sübuta yetməz, sökülməsi tələb edilən tikilinin hazırki cavabdeh tərəfindən tikilməsi öz təsdiqini tapmazdı. Hazırki halda isə cavabdeh həmin torpaq sahəsini 13 il əvvəl zəbt etməsini və orada tikili inşa etməsini etiraf etdiyinə görə bu hal artıq sübuta yetir. Yəni hər bir halda qanunsuz əməl hazırki cavabdeh tərəfindən törədilmiş, hətta həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikili ilə birlikdə cavabdeh tərəfindən başqa şəxsə satılmışdırsa belə, həmin şəxs də hazırki cavabdehin əməlindən zərər çəkmişdir. Deməli, hazırki tələbə əsasən evin sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi artıq üçüncü şəxslərin hüquqlarına toxunursa, bu halda həmin şəxs müəyyən edilərək işə üçüncü şəxs qismində cəl b edilməlidir. Çünki, həmin şəxs torpaq sahəsini zəbt etməmiş, orada qanunsuz tikili tikməmiş, sadəcə qanunsuz tikilini alması ilə dələduzluq cinayətinin qurbanı olmuşdur. Göründüyü kimi cavabdeh iddiaçının əsaslandığı halları, torpaq sahəsinin onun tərəfindən zəbt edilməsini və orada tikili inşa etməsini etiraf etdiyinə görə, iddiaçının bu halları, yəni ona məxsus torpaq sahəsinin zəbt edilməklə və orada qanunsuz tikili inşa edilməklə ona qarşı mülki hüquq pozuntusu törədilməsini sübut etmək vəzifəsi qalmamışdır. Belə olduqda isə məhkəmə iddiaçıdan əsaslandığı halları sübut etmək üçün əlavə sübut tələb etməkdə haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Mə cəlləsi

21. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

22. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

23. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tər əfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

26. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

27. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunl arda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

34. Belə ki, iddiaçı onun sahibliyində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili inşa edildiyini bildirir və həmin tikilinin sökülməsini tələb edir.

35. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 158.4 və 180-ci maddələri çıxış edir.

36. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

37. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Suraxanı rayonu, Bülbülə qəsəbəsində iki ədə d özbaşına tikili inşa etmiş, daha sonra həmin tikililərdən birini başqa şəxsə satmışdır. Həmin tikililərin heç birinə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddia tələbi üzrə sökülməsi tələb olunan özbaşına tikili vaxtı ilə satılmış olan tikilidir və başqa şəxsin faktiki sahibliyindədir, cavabdehə heç bir aidiyyəti yoxdur. Sökülməsi tələb olunan tikili ilə cavabdehin faktiki sahibiliyində olan tikilinin divarları və dam örtükləri ayrıdır, həmin tikililərin arasında isə hasar mövcuddur. İddiaçının nümayəndəsi də, məhkəmə kollegiyasının iclasında izahat verərək, hazırda sökülməsi tələb olunan tikilinin cavadehin faktiki sahibiliyində olan evinin yanındakı tikili olduğunu bildirmişdir.

38. Göründüyü kimi sökülməsi tələb olunan tikiliyə cavabdehin hər hansı hüqu qu müəyyən olunmur, onun tərəfindən faktiki olaraq istifadə edilmir. Başqa sözlə, cavabdeh iddiaya cavab verməli olmayan şəxsdir.

39. İddiaçı qanunsuz tikilinin vaxtı ilə cavabdeh tərəfindən tikildiyini və onun sahibiliyində olmasını iddia edərək, tələb üzrə məhz onun cavabdehlik daşdığında israr edib və cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmamışdır.

40. İşin bu halı, iddia tələbinin rədd olunmasını şərtləndirir.

41. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əs aslandırılmışdır.

43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4407/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar