Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4842/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cinayət işinin istintaqı zamanı zərərçəkmişə ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)4772/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ona məxsus 105000 manat pulun X3 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə şikayəti əsasında cinayət işi başlanmış, X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 1(101)-822 saylı hökmü ilə X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. 2.Cinayət işinin gedişində İddiaçı tanışı X2 zərərçəkmiş Cavabdeh vurduğu maddi ziyanın ödənilməsi üçün 85.000 manat pulu istintaq orqanına təqdim etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul təl əbinə dair iddia ərizəsi ilə 25.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 85.000 (səksən beş min) manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə iddiaçıya məxsus, Mətbuat prospekti 3138-3141-ci məhəllə, 35C ünvanında yerləşən binanın birinci mərtəbəsində, sahəsi 170 kv.m. olan qeyri-yaşayış sahəsini satışa çıxartmışdır. 2019-cu ilin yay ayında həmin binanın birinci mərtəbəsində yerləşən 340 kv.metr sahəsi olan obyektin də satışa çıxarıldığını görüb həmin obyektin satışı ilə məşğul olan Müşfiq Məmmədovla əlaqə saxlamışdır. Müşfiq Məmmədov həmin qeyri-yaşayış sahəsinin Cavabdeh məxsus olduğunu və həmin qeyri-yaşayış sahəsinin satışının da ona həvalə edildiyini bildirmişd ir. İddiaçı Müşfiq Məmmədovdan ona məxsus 340 kv.metr sahəni də 510.000 manata satmaqda ona köməklik etməyi xahiş etmişdir ki. 2019-cu ilin sentyabr ayında Müşfiq Məmmədov onunla əlaqə saxlayaraq bildirmişdir ki, əgər Cavabdeh və ya onun işçisi Zaur adlı şəxs ona zəng vurub soruşsa ki, ona məxsus qeyri-yaşayış sahəsini Müşfiq almışdırmı və bunun müqabilində ona 100.000 manat beh ödəmişdirmi, o həmin məbləğin alınmasını təsdiq etsin və Cavabdeh pulun qalan hissəsini ödəniş edib qeyri-yaşayış sahəsini alacaqdır. İddiaçı Müşfiq Məmmədovun sözlərinə inanaraq Mahmud X1 100.000 manata beh verdiyini bildirmişdir. Cavabdeh həmin 100.000 manat beh pulun onda olmasını yazılı və notarial qaydada təsdiq edilmiş ərizədə göstərilməsini tələb etmiş və Müşfiq Məmmədovu pis vəziyyətdə qoymamaq üçün guya on un Cavabdeh 100.000 manat borcu olması barədə formal və görünüş üçün tərtib edilmiş notarial qaydada təsdiq edilmiş ərizəni yazmışdır. Əslində isə bu ərizə formal xarakter daşımış, görünüş üçün imzalanmışdır, həqiqəti və reallığı əks etdirmir. 07.01.2020-ci il tarixdə notariat kontoruna müraciət edərək 20.09.2019-cu il tarixdə adından tərtib edilmiş və imzalanmış ərizənin ləğvi barədə yeni ərizə imzalamışdır. Göründüyü kimi o, bu ərizəni ləğv etdirməklə faktiki olaraq Cavabdeh heç bir borc almadığını təsdiq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 1(101)- 822/2020 saylı hökmündə Müşfiq Məmmədovun öz ifadəsindən və şahid ifadələrindən də müəyyən olunmuşdur ki, həmin 100.000 manat pulu Müşfiq Məmmədov ona beh olaraq verməmişdir. Onun Cavabdeh heç bir borcu olmamışdır. Cavabdeh heç bir öhdəliyi olmadığı halda 85.000 manat məbləğində pul ödəmişdir. Bunun nəticəsində Cavabdeh onun ödədiyi pulla əsassız olaraq varlanmışdır. Bütün bu qeyd edilənlər Müşfiq Məmmədovun cinayət işində olan şahid ifadələri ilə də öz əksini tapmışdır. Bununla bağlı Cavabdeh 20 noyabr 2020-ci il tarixində pretenziya məktubu ünvanlamış və 85.000 manat məbləğində pulun 5 gün müddətində ödənilməsi bildirilmişdir. Göndərilən pretenziya məktubuna cavab verilməmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2021 saylı, 01 mart 2021ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı 85000 min manat məbləğində pul tələbinin he ç bir hüquqi əsası yoxdur. Bundan əlavə, iddiaçı Cavabdeh pulu qaytaracağına dair könüllü olaraq öhdəlik götürmüş və qarşı tərəfdə həmin pulun onun tərəfindən qaytarılacağına dair inam yaratmışdır. Daha sonra iddiaçı birtərəfli qaydada pulu qaytaracağına dair ərizəni ləğv etdirmiş və 85000 manat məbləğində pulu istintaq zamanı qaytarmışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(1 03)4772/2021 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan, qətnaməsini hüquqi cəhətdən əsaslandırmadan, yalnız birinci instansiya məhkəməsinin əsassız mövqeyini köçürməklə kifayətlənmişdir. Hazırki iş üzrə məhkəmələrin mövqeyi tamamilə əsassızdır. Məhkəmələr iş üzrə heç bir araşdırma aparmadan, birinci baxışdan iddianı rədd etmişdir. Bu da məhkəmələrin qərəzli olmasını, işə birtərəfli baxaraq sifarişli qətnamə çıxardığını sübut edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1,14.2, 385, 386, 1091 və 1092-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88 və 217-ci maddələrinin tələbləri pozulmuş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, səhv hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
15. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
16. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı iddiaçıya aid hissədə tam yoxlanılır. Tətbiq edilən hüquq 19.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 22.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi əsassız varlanma o halda mövcud olur ki, varlanan şəxs hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak etmiş olsun. Baxılan işdə bu hal yoxdur. Çünki iddiaçı hazırda tələb etdiyi pulu bilavasitə Cavabdeh deyil, istintaq orqanına təqdim etmişdir və bu barədə tərtib edilmiş protokolda qeyd olunmuşdur ki, İddiaçı tanışı X2 zərərçəkmiş Cavabdeh vurduğu maddi ziyanın ödənilməsi üçün 85.000 manat pulu istintaq orqanına təqdi m etmişdir. Cavabdeh cinayət prosesi zamanı cinayət əməli nəticəsində ona dəymiş zərərin ödənilməsi hüququ vardır və həmin zərər təqsirləndirilən şəxsin əvəzində başqa şəxslər tərəfindən ödənilməsi qadağan edilməmişdir. Bu halda iddiaçının istinad etdiyi əsassız varlanma halı aradan qalxmış olur.
23. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1,14.2, 385, 386, 1091 və 1092-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88 və 217-ci maddələrinin tələblərinin pozulduğunu, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan, səhv hüquqi nəticəyə gəlindiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz təsdiqini tapmır.
24. Kass asiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)4772/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.