Məhkəmə qərarları › İş №2(102)-4843/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4843/2019

10.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4843/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli 2(103)2864/2019 saylı qətnaməsindən Cavabdeh MTK-nın sədri tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-8406/2018) iddiaçı N oğlunun Cavabdeh MTK-ya qarşı əmlakın özəlləşdirilməsi üçün zər uri olan sənədlərin verilməsi tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, N küçəsi, 18-də yerləşən 300 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin özəlləşdiriməsinə dair zəruri olan sənədlərin (müqavilənin addan ada keçirilməsi, yəni alqı-satqı müqaviləsinin, maliyyə arayışının, ümumi yığıncağın qərarının) iddiaçı N oğluna verilməsi barədə Cavabdeh MTK-nın üzərinə öhdəlik qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 10 iyun 2010-cu il tarixdə “xxxx” MMC ilə iddiaçı arasında 300 kv.metr ölçüdə qeyriyaşayış sahəsinin alqı-satqısı barədə müqavilə bağlanmış və sonuncu tərəfindən onun tam dəyərini təşkil edən 150.000 manat MMC-yə ödənilmişdir. 2012-ci ilin mart atında MMC-nin yarımçıq qalmış yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair 26 dekabr 2008-ci il tarixli sərəncam və inşaat pasportu Cavabdeh MTK-nın adına rəsmiləşdirilmişdir. Yasamal rayon məhkəməsinin 25 dekabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçının 300 kv.metr qeyri-yaşayış sahəsinə pay hüququnun tanınması, həmin əmlakın ona təhvil verilməsi və həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməməsi “xxxx” MMCyə həvalə edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmü ilə “xxxx” MMCnin vəzifəli şəxsləri barəsində ittiham hökmü çıxarılmışdır. 2018-ci ilin oktyabr ayında İddiaçı N Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın Cavabdeh MTK-nın balansına keçməsini, lakin MTK-nın ona həmin sənədlərin özəlləşdirilməsi üçün zəruri olan sənədləri verməkdən boyun qaçırmasını əsas göstərməklə həmin sənədlərin verilməsi barədə MTK-nın üzərinə vəzifə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh MTK-nın sədri kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlu matlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmasını və iddiaçı tərəfindən ə mlakın tam dəyərinin ödənilməsini, ev MTK-nın balansına verilərkən qeyri-yaşayış sahəsinin tikilmiş vəziyyətdə olmasını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin sahəyə pay hüququnun tanınmasına əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya işin yuxarıda göstərilən hallarına və qanunun normalarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azə rbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar