Məhkəmə qərarları › İş №2(102)-4863/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4863/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4863/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4863/2022 (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi, yüksək təhlükə mənbəyinin sahibinin vurulmuş zərərə görə məsuliyyəti, sübutetmə) Bakı şəhəri 6 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-614/2022 nömrəli, 20 may 20 22-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2019-cu il tarixdə Zabrat-Maştağa yolunda "NazLifan” markalı avtomobili idarə edərkən manevr qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla İddiaçı (bundan sonra – iddiaçı) idarə etdiyi “Mercedes Benz E270” markalı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı vurulmuş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması nəticəsində ona maddi ziyan vurmuş cavabdehdən vurulmuş maddi ziyana görə 7725 manat, mənəvi ziyana görə 1000 manat, vəkil xidmətlərinə görə 201 manat, işin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 8956 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 04 noyabr 2019-cu il tarixdə saat 19:00 radələrində idarə etdiyi "Mersedes Benz E270" markalı avtomobil ilə ZabratMaştağa yolu ilə hərəkətdə olarkən qarşıdan gələn "NazLifan” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə ol duğu qarşı yola çıxaraq iddiaçının avtomobili ilə toqquşmuşdur. Toqquşmanın təsirindən onun avtomobilinə ciddi ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hadisəni törədən "NazLifan" markalı avtomobilin sürücüsü Cavabdeh adlı şəxsdir. Bundan sonra hadisə ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə hadisəni törətmiş cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2. maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Beləliklə, qanuni qüvvəsini almış inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, Cavabdeh özünün qanunsuz və təqsirli hərəkətləri ilə İddiaçı maddi ziyan vurmuşdur. Bundan əlavə, iddiaçı avtomobili vurulduqdan sonra çox əsəb sarsıntıları keçirmişdir. Belə ki, ibtidai araşdırma dövründə cavabdeh qeyri-səmimilik nümayiş etdirərək avtomobilin vurulmasını başqa şəxsin üstünə atmağa çalışmışdır. İddiaçı avtomobili başqa dövlətdə qeydiyyatda olduğundan Azərbaycanda olma müddəti 90 günlə məhdudlaşdırılmışdır. İddiaçı 07 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, ibtidai araşdırmanın getdiyi dövrdə ölkəni tərk edə bilməməyi və tərk etmə müddətinin bitməsinə az qalması iddiaçıda əlavə narahatçılıqlar yaratmış və sarsıntılar keçirməyinə səbəb olmuşdur. Hesab edir ki, bu səbəbdən Cavabdeh maddi məsuliyyətdən əlavə İddiaçı vurduğu mənəvi zərəri də ödəməlidir və mənəvi zərərin məbləği 1000 manat məbləğində dəyərləndirilir. Beləliklə, Cavabdeh idarə etdi yi avtomobildən istifadə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və bu hadisə nəticəsində özünün qanunsuz hərəkətləri ilə iddiaçıya ümumilikdə 7725 (yeddi min yeddi yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bu ziyan avtomobilin zədələnmiş və istifadə üçün yararsız hala düşmüş ehtiyat hissələrinin alınmasından (4945 manat) və təmir işləri üçün tələb olunan vəsaitdən (2780 manat) ibarətdir. Bundan başqa, iddiaçı tərəfindən vəkil xidmətlərinə görə 201 (iki yüz bir) manat məbləğində pul ödənilmişdir

4. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/605 nömrəli rəyi ilə 2000ci il buraxılışlı “Mercedes Benz E270” markalı, UBB 036 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7525 manat (dəyişilməli hissələrin qiyməti-4945 manat, təmir- bərpa işlərinin qiyməti – 2580 manat) müəyyən edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-333/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə (hakim: Əşir Səmədov) iddia qismən təmin edilərək, cavabdehdən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 7525 (yeddi min beş yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçının İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir

6. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab etmişdir ki, cavabdehin təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçıya zər ər vurulması sübuta yetirilmişdir.

7. Eyni zamanda məhkəmə, işin araşdırılan hallarını və ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya dəymiş maddi ziyan 7525 manat məbləğində qiymətləndirilməli və həmin pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya verilməlidir.

8. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbinin “1000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsi də təmin edilməməlidir.

9. Qeyd edilənlərdən əlavə məhkəmə iddia tələbinin “vəkil xidmətlərinə görə 201 manat tutulması” hissəsini də əsassız hesab edir. Belə ki, iddiaçı vəkil xidmətlərinə görə ödədiyi pulun 201 manat məbləğində olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

10. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 14.2, 77.1, 217.4-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 1108.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə Elspertizası Mərkəzinin 9/9317 saylı, 14 fevral 2021-ci il tarixli rəyi ilə, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Avtoservis 888” şirkətinin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz E270” markalı, UBB 036 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7375.0 manat müəyyən edm işdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-614/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Xumar Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 7525 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 7375 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

14. Məhkəmə kollegiyası qətnaməni apellyasiya icraatı zamanı keçirilmiş ekspertizanın rəyinə istinad edərək əsaslandırmışdır.

15. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 1108.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil2 ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, baş vermiş hadisədə onun təqsiri olmamışdır. Belə ki, hadisə baş verən anda hava yağışlı və sürüşkən olmuşdur. Eyni zamanda üçüncü şəxs yol hərəkəti qaydasını pozmuşdur ki, cavabdeh hadisədən qaçması üçün etdiyi manevr edərkən, qəza baş vermişdir. Ekspert tədqiqat obyeki olmadan, avtomaşının texniki vəziyyəti barədə akt tərtib etmiş şəxslərin və cavabdehin iştirakı olmadan rəy vermişdir.

18. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 22. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 2 4. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 25. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 26. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmi n mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İlk olaraq qeyd olunmalıdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş ziyana görə cavabdehin mülki məsuliyyət daşıması işin mübahisələndirir. Cavabdeh qəzanın baş verməsinə hava şə raiti və ücüncü şəxsin təqsirindən baş verməsini göstərmiş olsa da məhkəmələr müəyyən etmişdir ki, hadisə məhz cavabdehin təqsirli olması və bu əsasla da inzibat məsuliyyətə cəlb olunmasını göstərmişlər.

39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və həmin ekspert rəyi əsas götürülməklə apellyasiya şikayəti qismən təmin edilmişdir.

40. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı iş materialları əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdehlər iddiaçının avtomobilə vurulmuş ziyanın daha aşağı olmasını təsdiq edən hər hansı sübutu (alternativ mütəxəssis və ya ekspert rəyi və s.) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

41. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin dəyərini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişlər.

42. Kassasiya şikayətinin digər dəlilləri isə sübutların qiymətləndirilməsi ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəld iyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

44. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2022-ci il tarixli, 2(103)-614/2022 nömrəli qətnaməsi iddianın təmin olunmuş his səsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar