Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4897/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi barədə 19.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(103)150/2022 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh X və üçüncü şəxs X1 qarşı iddia qaldıraraq, notarius tərəfindən Ramazan Səlimovla onun arasında 300.000 manat borc pulun alınmasına dair 05 dekabr 2012-ci il tarixli borc müqaviləsinin dublikatı əsasında verilmiş 04 iyul 2014-cü il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi və həmin icra qeydinin Nəsimi Rayon İcra və Probasiya Şöbəsindən geri tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.N.Həsənova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, icra qeydinin ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, tərəflər arasında bağlanmış borc müqav iləsinin və icra qeydinin ləğv edilməsi tələbləri ilə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır və həmin məhkəmə aktları ilə İddiaçı tələbləri rədd edilib. Hazırki iş üzrə notarius notariat hərəkətlərini qanunauyğun şəkildə aparıb və icra qeydi ilə bağlı vaxtında müqavilənin tərəfi olan borclu İddiaçı bildiriş göndərib, daha sonra isə icra qeydi verib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə icraata xitam verilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasını nəzərə almayıb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazı n dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadı nın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə icraata xitam verilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qətnaməsi ilə X “borc müqaviləsi və öhdəlik icra ediliyi üçün xitam verilməsi” barədə iddiası rədd edilib. Qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı X və X qarşı “Bakı şəhəri, Notariat Ofisində bağlanmış 05 dekabr 2012-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. Həmçinin qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı X qarşı “04 iyul 2014-cü il tarixli, 40553 nömrəli icra qeydinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. Göründüyü kimi, İddiaçı eyni tərəflərə qarşı əvvəlki iddiasında sözügedən icra qeydinin etibarsız hesab edilməsini, hazırki iddiasında isə icra qeydinin ləğv edilməsini tələb etsə də, hər iki iddia eyni əsaslar üzrə verilib. Yuxarıda qeyd edilən məhkəmə aktlarından məlum olur ki, eyni tərəflər arasında, eyni predmet barəsində, yəni hazırkı icra qeydinin verilməsinə əsas olmuş əqdin etibrasızlığına dair iddia tələbi, həmçının hazırkı icra qeydinin etibarsızlığına dair tələb məhkəmə qaydasında artıq yoxlanılıb və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraat a xitam verir. Maddənin mənasına görə, bu əsasla iş üzrə icraata xitam verilməsinə o, halda yol verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün hə min dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(103)-150/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4897/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4897/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver