Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-490/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına öd ənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1762/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, hazırda ləğv prosesindədir) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 012-09/İ nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı, cavabdeh və X2 arasında bağlanmış eyni tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, cavabdeh X1 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqlı 32 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti) almışdır.
3. Cavabdeh ipoteka predmetini bazar dəyəri 62000 manat məbləğində müəyyən edilməklə iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixdə bağlanmış 012-09/İ nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 40295.30 manat, faiz borcu üzrə 2699.36 manat, dəbbə pulu 5398.72 manat olmaqla, ümumilikdə 48393.38 manat borcun cavabdehdən alınaraq iddiaçın ın xeyrinə ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdehin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya tələbdə göstərilən məbləğlərdə borcu yaranmışdır.
6. İş üzrə alınmış "xxxx" MMC-nin 22 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən, ipoteka predmetinin ilkin satış (likvid) dəyəri 86000 manat təşkil edir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən kredit müqaviləsi üzrə 40295.30 manat əsas, 2699.36 manat faiz borcu, 540 manat cərimə borcu olmaqla, ümumilikdə 43534.66 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehə məxsus mənzilə yönəldilməsi, həmin əmlakın likvid satış qiymətinin 86000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin Banka olan borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdeh mənzili boşaltmadığı təqdirdə, ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan qaydada və vaxtda ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, tərəflər arasında bağlanmış 16 iyul 2009-cu il tarixli, 012-09/i saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 16 iyul 2009-cu il tarixli, 012-09/i nömrəli kredit müqaviləsi üzrə 40295.30 manat əsas, 2699.36 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə cərimə borcuna aid hissədə belə qənaətə gəlmişdir ki, tələb olunan cərimə cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 10%-dək azaldılaraq, cavabdehdən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 540 manat cərimə tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 462.1, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 34, 36.1, 36.2.4, 36.3, 59.3, 59.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 317.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini mütəxəssis rəyi əsasında müəyyən etmiş, lakin həmin qiymət əmlakın real dəyərini ifadə etməmişdir. Belə ki, hazırda qeyd olunan əmlakın qiyməti qeyd olunandan 2 dəfə çoxdur. Qrafik əsasında Bank tərəfindən ondan 27 iyul 2021-ci il tarixdə 9000 manat ipoteka ödənişi alınmışdır. Lakin buna baxmayaraq sonradan məlum olmuşdur ki, həmin məbləğ adından depozit məbləği kimi götürülmüş və faiz yolu ilə əldə etdiyi pulu guya depozit qoyduğunu göstərmişdir. Bu isə Bankın işin məhkəmədə olmasından məlumatının olmaması üçün atdığı addımdır. İddiaçının onu aldatması nəticəsində hazırkı hadisə baş vermişdir. 9000 manat pulun isə kredit ödənişi əvəzinə depozit k imi qoyulması qanunsuzdur. Buna görə də məhkəmə mühasibatlıq ekspertizası keçirilməli, ödənilmiş məbləğlərin həqiqətən hesabdan çıxarışda öz əksini tapıb-tapmaması müəyyənləşdirilməli və borcun həqiqi məbləği müəyyənləşdirilməlidir. Həmçinin, hesablanmış və məhkəmə tərəfindən təmin olunan cərimə (dəbbə) məbləği borca mütənasib deyildir. Çünki borcun hesablanması halında həmin məbləğin kifayət qədər aşağı olmasını müəyyən etmək mümkündür ki, buna nəzərən dəbbə pulu da borca mütənasib hesablanmamışdır.
13. Apellyasiya baxışında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/2867 nömrəli ekspert rəyinə əsasən, cavabdehin Banka xx.xx.2020-ci il tarixə - 40196,14 manat əsas, 2652,95 man at faiz borcu; xx.xx.2021-ci il tarixə - 36743,21 manat əsas, 0,00 manat faiz borcu müəyyən edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1762/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə 36743,21 manat əsas borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin faiz borcunun tutulması hissəsində rədd edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən s axlanılması qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə əmlakın qiymətini müəyyən edərkən məhz "xxxx" MMC tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli qiymətləndirmə rəyini əsas sübut hesab etməklə düzgün nəticəyə gəlmişdir.
16. Həmçinin məhkəmə, Bank tərəfindən borcun qrafikə salınıb adi qaydada ödənilməsi üçün cavabdeh tərəfindən təklif verilməsi və Bankın da buna razılıq verməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, cavabdeh qeyd etdiklərini təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarında isə müəyyən edilir ki, tərəflər arasında münasibətləri tənzimləyən yeganə razılaşma xx.xx.2009-cu il tarixdə bağlanmış 012-09/İ nömrəli kredit müqaviləsidir.
17. Məhkəmə müqavilə üzrə əsas və faiz bo rcunun məbləğinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas və faiz borcu hissəsində tam təmin etmişdir.
18. Məhkəmə, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/2867 nömrəli ekspert rəyini əsas götürərək, hesab etmişdir ki, cavabdehdən tutulmalı olan əsas və faiz borcu məhz ekspert rəyində göstərilən həddə müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin 9000 manat ödəniş etdiyi nəzərə alınmayıb, borcun məbləği düzgün müəyyən edilməyib, əmlakın qiyməti xüsusi bilik tələb edən ekspert tərəfindən müəyyənləşdirilməmiş, qiymət qoyularkən mənzilə baxış keçirilməmişdir. Əmlakın real qiyməti 2 dəfədən artıqdır. Lakin işə baxan apellyasiya məhkəməsi bu məsələni araşdırmamış, şikayətin dəlillərini formal hesab etmiş, faktiki olaraq isə elə həmin tarixlərdə əmlakın alqı-satqısı zamanı əmlakın 2 dəfə artıq məbləğə satıldığını nəzərə almamışdır.
21. Apellyasiya icraatı zamanı əmlakın qiyməti ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatı olmamış və nəticədə qətnamə guya qanuni qüvvəsini alaraq, icra ya yönəldilmiş və mübahisəli əmlak, yəni 06 yanvar 2022-ci il tarixli hərracın yekunlarına dair protokola əsasən (təşkilat tərəfindən ancaq surəti təqdim edilmişdir ki, həqiqiliyi onda hazırda da şübhə doğurur) Bank tərəfindən 54825 manata alınaraq, balansa keçirilmiş, sonradan da bir çox şəxsə satılmış, protokolda ilkin satış qiyməti 86000 manat qiymətləndirilmişdir. Əmlak faktiki olaraq evə baxış keçirmədən, evin ölçülərinin fərqli olmasına baxmayaraq, faktiki olaraq evin 52 kv.m yazmış olsa da, 72 kv.m olması nəzərə alınmadan qiymətləndirilmişdir. İpoteka predmetinin 2021-ci ildə 180-200 min manat qiyməti olub. Mənzil 54825 manata Bankın balansına keçirildikdən sonra ilk olaraq bankın sahibinin qohumuna 60000 manata satılmış, 16 gün sonra isə 125000 manata başqa şəxsə satılmışdır. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)
23. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
24. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
27. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyala ra mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun
30. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
31. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
32. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
33. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası işə şikayət həddində baxaraq hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunmasına əsas verən prosessual hüquq normalarının kobud şəkildə pozulması halları müəyyən edilmir.
43. Kassasiya şikayətinin dəlillərin ə münasibətdə qeyd olunmalıdır ki, cavabdehin 9000 ödəniş etməsi və borcun məbləği ilə bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış, bununla bağlı ekspertiza təyin edilmiş, həmin rəyə müvafiq olaraq əsas borc azaldılmış, faiz borcu tələbi isə təmin olunmamışdır.
44. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi ilə dəlilə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
45. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi də həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəyə ipoteka predmet inə vizual baxış keçirilməsi ilə bağlı bildirişin və həmin bildirişin cavabdehə çatdırılması barədə qəbzin surəti əlavə edilmişdir (i.v.89).
46. Cavabdeh tərəf apellyasiya baxışı zamanı rəylə razı olmadığını bildirsə də, yeni qiymətləndirmə keçirilməsi ilə bağlı vəsatət verməmiş, əmlakın qiymətinin daha yüksək olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
48. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəd ə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1762/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.