Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4913/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Hüseynova Mənsurə Zöhrab qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4913/21 (Açar sözlər: müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdeh: Cavabdeh və vəkili Vəkil2, Üçüncü şəxs: X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)1762/202 1 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 22 saylı evin 25 saylı mənzilinə dair onunla Cavabdeh arasında notarial qaydada bağlanmış 20 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh adına verilmiş 28 avqust 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Ədilova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 22 saylı evin 25 saylı mənzili iddiaçının mülkiyyətində olub və o, həmin mənzili notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 30.000 manata Cavabdeh satıb və sonuncunun adına mülkiyyət hüququna dair müvafiq Çıxarış verilib. Həmçinin Cavabdeh sözügedən mənzili 66.000 manata Rəşad Mustafayevə satıb və mənzil mülkiyyət hüququ üzrə onun adına qeydə alınmaqla ona təhvil verilib. İddiaçı, sözügedən alqı-satqı müqaviləsinin onun iradəsini ifadə etmədiyini, həmin müqavilənin əslində borc müqaviləsini pərdələmək məqsədilə bağlandığını göstərsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar mülki iş materialları ilə təsdiq olun mur. Ona görə də iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 339.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməs i gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 337.1, 339.2, 340.2-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassas iya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh və vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs Rəşad Mustafayev məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respubli kası Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin yanında DƏDRX-nin Bakı Şəhəri 1 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələ blərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339cu maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Hacıbəyli küçəsi 22 saylı evin 25 saylı mənzil 14 noyabr 2007-ci il tarixdə mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınıb və onunla Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzili 30.000 manata Cavabdeh satıb və 28 avqust 2019-cu il tarixdə sonuncunun adın a müvafiq Çıxarış verilib. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, Cavabdeh 27 aprel 2020-ci il tarixdə mənzili 66.000 manata üçüncü şəxs Rəşad Mustafayevə satıb və mənzil mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınıb və mənzil ona təhvil verilib. Hazırda iddiaçı öz iddiasını, 20 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin cavabdehlə onun həqiqi iradələrini ifadə etmədiyini, həmin müqavilənin əslində borc müqaviləsini pərdələmək məqsədilə bağlandığını irəli sürməklə əsaslandırıb və tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337 və 339-cu maddələrinin tələblərinə istinad edib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin d əlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini belə əsaslandırıb ki, iddiaçını n irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır: Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtl əri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmasına qədər rəsmiləşdirilən sənədlərə, eləcə alqı-satqı müqaviləsinə bilavasitə tərəflər imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyənləşdirilmiş, hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri iddiaçıya ödənilmiş, notaria l qaydada müqavilə bağlandıqdan sonra cavabdehin bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranmışdır. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Çünki işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, cavabdeh, iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin daha yüksək olmasına baxmayaraq, alqı-satqının 30.000 manat müqabilində rəsmiləşdirilməsinin onun formallığına dəlalət etməsi ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünki əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının, müvafiq müqavilə bağlandıqdan sonrakı davranışları və mənzilin artıq üçüncü şəxsin mülkiyyətində olması da iddia tələbinin əsassız hesab olunmasını şərtləndirən hal kimi nəzərdən keçirilməlidir; tərəflərin izahatlarından aydın olur ki, iddiaçının valideynləri mənzilin onlara məlumat verilmədən satıldığını cavabdehə bildirərək mənzilin geri qaytarılmasını tələb edib, Cavabdeh isə mənzilə görə ödədiyi pulun geri qaytarılması şərtilə buna razı olub, buna görə onlar mənzilin satılması barədə razılığa gəliblər, bundan sonra mənzilə məhz İddiaçı tərəfindən müştəri tapılıb, müştəridən (Rəşad Mustafayevdən) 1.300 manat beh məbləğini də məhz İddiaçı alıb və mənzil Rəşad Mustafayevə satıldıqdan sonra isə satış pulunun 15.000 manatı İddiaçı verilib. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşmayıb qeyd etmişdir ki, işin qeyd edilən faktiki halları iddiaçının hazırkı iddianı irəli sürməklə “hüquqdan sui-istifadə qadağası”nı pozmuş olduğu qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. İşə baxan məhkəmələr hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq ni yyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilib. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X4 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qe yri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin təmin edilməməsi barədə hüquqi mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 4 və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından mübahisəli mənzili alan üçüncü şəxs Rəşad Mustafayevin vicdanlı alıcı olduğu müəyyən edilir, bunu iddiaçı özü də etiraf edib; bu isə o deməkdir ki, iddianın təmin edilməsi üçüncü şəxs Rəşad Mustafayevin əldə etdiyi və qan uni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi digər dəlillərə də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrin in tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-1762/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4913/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4913/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver