Məhkəmə qərarları › İş №2(102)-4918/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4918/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4918/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, vəkili X2, cavabdeh X5nın və vəkili X5nun iştirakı ilə, İddiaçı cavabdeh X5na qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.12.2019-cu il tarixli X5 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onu n paylı mülkiyyətində olan X5saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil X5 ərazi İdarəsində X5 Notariat Kontorunda rəsmiləşdirilmiş 02.03.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına qeydə alınmışdır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır və aralarında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsinə əsasən isə onun birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsinə dair iddiası təmin edilməklə həmin mənzildən 1/2 hissədə payı müəyyən olunmuşdur. O, mübahisəli mənzildə qeydiyyatda olsa da, cavabdeh onu mənzilə buraxmır, artıq bir neçə ay dır ki, o, orda-burda kirayələrdə qalır. Halbuki, onun mübahisəli mənzilə istifadə hüququ vardır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) X5 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı X5saylı mənzilə köçürülməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun X5ndan alınaraq İddiaçı qızına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi, A.Abbasov və T.Məmmədov)27.12.2019-cu il tarixli X5 nömrəli iş üzrə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin X5 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir. Cavabdeh X5 və vəkili X5 kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onlarla birlikdə yaşayarkən dəfələrlə evdə dava-dalaş salıb, cavabdehi döyüb, uşaqları təhqir edib. Bu üzdən dəfələrlə polis orqanlarına müraciətlər etmiş, araşdırmalar aparılıb, lakin bunun iddiaçının davranışına heç bir müsbət təsiri olmayıb. Bundan əlavə, dəfələrlə iddiaçıya mübahisəli mənzili satıb payları ayırmağı təklif etsə də, o, buna da razı olmamışdır. İddiaçının iddiasının təmin edilməsi, onun mübahisəli mənzilə köçürülməsi ailənin hüquqlarını kobud şə kildə pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər 04.04.1997-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah dövründə 2005-ci ildə mübahisəli mənzili əldə etmişlər. Sonralar münasibətləri pisl əşmiş və Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə boşanmışlar. Bundan sonra birgə nikah dövründə əldə olunmuş mənzildən payın müəyyən edilməsinə dair mübahisələri yaranmış və Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin hər birinin mübahisəli mənzilə 1/2 hissədə payı müəyyən olunmuşdur. Hazırda iddiaçı mübahisəli evə köçürülmə tələb edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə edilən X5saylı mənzilin paylı mülkiyyətçisi kimi İddiaçı da cavabdeh X5 kimi həmin əmlaka sahiblik və ondan istifadə hüququ vardır. Buna görə də,evə köçürülmə tələbinə dair iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissələrində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bil ər. - 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. - 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddiaçının mülkiyyətçi kimi öz mülkiyyətindən istifadəsinə maneə yaradan hal heab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumili kdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, ape lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X5nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.12.2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar