Məhkəmə qərarları › İş №2(102)-4920/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4920/2020

01.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4920/2020 01.09.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Sumqayıt Şəhər Məhkəməsinin 06.11.2019-cu il tarixli x nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində tikilinin sökülməsi və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti rədd edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06.11.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan İddiaçı verdiyi kassasiya şikayəti Sumqayıt A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardad onunla əsaslanıdırılmışdır ki, bu qərardaddan kassasiya şikayəti vermək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı həmin məhkəmənin 18 fevral 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Qərardad belə əsaslanıdırılmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamışdır. İddiaçı 17.07.2020-ci il tarixdə yenidən kassasiya şika yəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2020-ci il, 18 fevral 2020-ci il və 18 iyun 2020-ci il tarixli qərardadlarının ləğv edilməsini, işin aidiyyəti məhkəməyə göndərilməsini, hakimlərin barəsində inzibati icraata başlanılması və ona dövlət büdcəsi hesabına vəkil ayrılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Həmin kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, kasssasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının aşağıdakı qərardadlarından kassasiya şikayəti vermişdir: -iddia ərizəsinin qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadının dəyişdi rilmədən saxlanılması; -apelyasiya instansiyası məhkəməsinin bu qərardadından verilmiş kassasiya şikayətinin geri qaytarılması, habelə 18 fevral 2020-ci il tarixli qərardaddan verilmiş şikayətin təkrar geri qaytarılması; -dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizənin rədd edilməsi. Məhkəmə qərardadlarından şikayət vermək qaydası qanunvericilikdə aşağıdakı kimi tənzimlənmişdir. Mülki-Prosessual Məcəllənin 267.1-ci maddəsinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayəti verilə bilən qərardadları qanunda konkret göstərilmişdir. Normada “kassasiya şikayətinin qaytarılması...barədə qərardadlar” müddəası nəzərdə tutulsa da, bu qayda kassasiya baxışının mümkün olduğu məhkəmə aktlarının geri qaytarılmasına aiddir. Başqa sözlə, hər məhkəmə aktından verilmiş kassasiya şikayətinin geri qaytarılmasından kassasiya şikayəti verilə bilməz. Əks yanaşma qanunvericinin qoyduğu məhdudiyyətin nəzərə alınmamasına və nəticə etibarilə işin hər bir qərardaddan verilmiş şikayətlə bağlı kassasiya instansiyası məhkəməsinə göndərilməsinə gətirib çıxarardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddələsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2020-ci il, 18 fevral 2020-ci il və 18 iyun 2020-ci il tarixli qərardadlarından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar