Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4984/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4081/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2020-ci il tarixli, 1000/346Ş əmri ilə DGK nin Cavabdeh gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Bakı şöbəsinin böyük mühafizəçisi vəzifəsinə keçirilmişdir. 2. “Azərterminalkompleks”in direktorunun xx.xx.2020-ci il tarixli 2300/236ş əmri ilə işə çıxmadığına görə törətdiyi xəta onun nəzərinə çatdırılmış və gələcəkdə oxşar xətalara yol verəcəyi təqdirdə ciddi intizam məsuliyyətinə cəlb edilməsi haqqında xəbərdarlıq edilmişdir. 3. 21.05.2021-ci il tarixli, 2300/147ş №-li əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə irad tutulmuşdur. 4. “Azərterminalkompleks” direktorunun xx.xx.2021-ci il tarixli 2300/390Ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini təkrarən kobud şəkildə pozduğuna görə İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə (bundan sonra – cavabdeh) məhkəmədə iddia qaldıraraq əmək müqaviləsinə xit am verilməsinə dair 23001390 ş №-li, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2005-ci ildən DGK əməliyyat axtarış idarəsində müxtəlif ərazilərdə və fərqli-fərqli vəzifələrdə nümunəvi əməkdaş olaraq xidmət etmişdir. xx.xx.2020-ci il tarixli, 1000/346Ş əmri ilə DGK-nin Cavabdeh gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Bakı şöbəsinin böyük mühafizəçisi vəzifəsinə keçirilmiş, 23001390 ş №-li, xx.xx.2021-ci il tarixli əmr ilə həmin vəzifədən xaric edilmidir. Komitədə işləyən zaman Zamanov Razim və kadrlar şöbəsinin rəisi Hacıyev Abbasla birlikdə dəfələrlə idd iaçıya üzbəüz və Whatsaap proqramı vasitəsilə hədə qorxu gələrək ərizə yazaraq işdən çıxmağını tələb etmiş, xx.xx.2021-ci il tarixdə Hacıyev Abbas 5 gün ərzində könüllü işdən çıxmadığı halda maddə ilə işdən çıxarılacağını bildirmişdir. İddiaçı könüllü çıxmaq istəmədiyini bildirmiş və işdən azad olması barədə əmri tələb etmiş, əmrin ona poçt vasitəsilə çatdıralacağı deyilmişdir. İddiaçı sonradan bilmişdir ki, xx.xx.2021-ci il tarixdə xidməti yerində olmadığı üçün “Gömrük orqanlarında Xidmət haqqında” əsasnamədə nəzərdə tutulmuş müvafiq maddə ilə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə DGK-nin sədrinə müraciət ünvanlamışdır. Müraciətə cavab olaraq ona bildirilmişdir ki, iddiaçı işlədiyi dövrdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək üzrlü səbəb olmadan işə çıxmadığından, əvvəllər tətbiq edilmiş intizam tənbehindən nəticə çıxartmadığından işdən azad olmuşdur.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, bildirmişdir ki, “Azərterminalkompleksin” gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin rəisi, gömrük xidməti polkovniki İlkin Əhmədin xidməti zərurətlə əlaqədar Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinə təhkim edilən İddiaçı xx.xx.2021-ci il tarixdə heç bir səbəb göstərmədən və heç bir məlumat vermədən xidmət yerinə çıxmaması barədə xx.xx.2021ci il tarixli raport “Azərterminalkompleksi”nə göndərilmişdir. Bununla əlaqədar Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılmış, xx.xx.2021-ci il tarixli 34/190/0532 88 nömrəli arayış tərtib edilmiş, həmin arayış Gömrük Komitəsinin sədri tərəfindən təsdiq edilmişdir. Arayışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək işlədiyi orqana üzrlü səbəb təqdim etmədən işə çıxmamış, məlumatlandırılmasına baxmayaraq, barəsində aparılan xidməti araşdırmada iştirak etməmiş, iş yeri ilə əlaqəni itirmiş, bununla da iş rejiminin və həmin hərəkət və ya hərəkətsizliyi nəticəsində müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-008/2022 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iş yerində olmamışdır, iddiaçı özü də bu halı təsdiq edir. Lakin iddiaçının mövqeyinə görə, o, şifahi olaraq işdən kənarlaşdırıldığından xidməti yerinə gedə bilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı hətta hər hansı bir səlahiyyyətli əməkdaş tərəfindən onun işdən kənarlaşdığı bildirilmiş olsaydı belə, o, işdən kənarlaşdırılması barədə əmri rəsmi qaydada alana qədər mütləq qaydada iş yerinə getməli idi.
11. Məhkəmə gəldiyi nəticəni “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 64, 69, Cavabdeh haqqında Əsasnamənin 5.9.15-ci yarımbəndinə, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayə ti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu olmaqla həmçinin onunla əsaslandırılmışdır ki, əvvəla əmrdə onun gah 17 may 2021-ci il tarixdə xəstəliyi ilə əlaqədar işə çıxamadığı göstərilmiş, gah da həmin tarixdə xidmətdə olduğu zaman vəzifəsindən kənar işlə məşğul olduğu, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğu göstərilmişdir. Əgər 19 may 2021-ci il tarixdə Samura təyin olunmuşsa, necə olur ki, 17 may 2021-ci il tarixində o, Samurda xəstəliyi ilə əlaqədar xidmət işini təşkil etmir və yaxud da həmin tarixdə Samurda Xidmətdə olan zaman xidməti vəzifəsindən kənar bir işlə məşğul olur. Göründüyü ki mi, 21 may 2021-ci il tarixli irad tutulması barədə əmr tamamilə qanunsuzdur və məqsəd barəsində intizamsız işçi görüntüsü yaratmaqdan ibarətdir. Hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. İşə Sabunçu rayon Məhkəməsində baxılan zaman həmin yazışmalar və danışıqlar sübut qismində məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutlara hər hansı münasibət bildirməmiş, ümumiyyətlə sübutlara əhəmiyyət verməmişdir. Əvvəla, xidməti araşdırma zamanı onun həyat yoldaşının səhhətində problem yaranmış, bu faktı təsdiq edən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Bi rliyi “Bakı şəhər Təcili və X1 Stansiyası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli məktubu təqdim olunmuşdur. Onun əmisi Daxili Təhlükəsizlik idarəsinə gedərək bu barədə məlumat vermiş və iddiaçının araşdırmaya gələcəyini bildirmişdir. Bu səbəbdən o, xidməti araşdırmaya 3-4 gün gec getmişdir. Xidməti araşdırma ərəfəsində dindirmə zamanı səbəbsiz yerə onun xidmət yerinə çıxmağına qadağa qoyulduğu barədə məlumat vermişdir. Daxili Təhlükəsizlik İdarəsinin rəisi tərəfindən aldığı göstərişə əsasən Cavabdehnə getmiş İlkin Əhməddən xidməti vais kartını almış və yenidən xidmət yerinə göndərilmişdir. xx.xx.2021-ci ildə Cavabdeh direktoru Ehtiram Xəlilova raport yazan Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin rəisi İlkin Əhməd də, 19 və 20 oktyabr tarixlərində onun əmisinə zəng edərək, Fəxri Hüseynova edilən təzyiqlərin ona da edildiyini və onun gəlib könüllü şəkildə işdən çıxma barədə ərizə yazmalı olduğunu bildirmişdir. X3 Hüseynovun bilavasitə rəisidir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4081/22 nömrəli iş üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qə tnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası kimi istinad olunan hallarla eyni məzmunlu olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir.
17. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə bu dəlilləri əsassız saymış və qeyd etmişdir ki, birinci insta nsiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 64, 69, MPM-in 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsində və apelyasiya şikayətində göstərilənlərlə eyni məzmunda tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz cavabdeh etiraz göndərərək göstərmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozmuş, o cümlədən əmək funksiyalarının yerinə yetirməmiş, biganəlik göstərmiş, rəhbərliyin göstərişlərinə tabe olmayaraq açıq-aşkar hörmətsizlik etmiş, DGKnin Daxili Təhlükəsizlik İdarəsinin keçirdiyi xidməti araşdırmada iştirak etməmiş, “X2”nin prinsip və qaydalarını kobud surətdə pozmuşdur. Ona görə də kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”
22. Maddə
64. Gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.
23. Maddə
69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmala rı törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1. irad; 2. töhmət; 3. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; 4. aşağı vəzifəyə keçirilmə; 5. xüsusi rütbənin bir pillə aşağı salınması; 6. vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7. gömrük orqanlarından xaric etmə; 8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə.
24. Maddə 69-1. Əsasnamənin 69-cu maddəsinin 7- ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. MPM
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyas ının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q ərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4081/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.