Məhkəmə qərarları › İş №2(102)-5034/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5034/2022

05.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5034/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin Cavabdeh qarşı «torpaq sahəsindən və tikilidən cavabdehin çıxarılması» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2158/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsin dən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli, 91/1649 saylı qərarına əsasən “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq və balıqçılıq bazasının tikintisi üçün Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində (Şıxlar kəndi) 0.10 ha torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq Planlaşdıma İdarəsinin 3629 saylı tikinti pasportundan görünür ki, Qaradağ rayonu (Şıxlar kəndi) ərazisində yerləşən cənubşərq bölməsində Respublika “Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq və balıqçılıq bazası tikmək üçün icazə verilmişdir. 3. 1975-ci il tarixdə tərtib edilmiş, 5/20 nömrəli ayrıc aktından görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsində (Şıxlar kəndi) yerləşən torpaq sahəsi “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” İctimai Birliyinə ayrılmış və həmin ərazinin plan cizgisi tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyi Cavabdeh qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Ovçular və X1i istifadəsində olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və Azərbaycan Ovçular və X3 məxsus 2 otaqlı tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 7 mart 1995-ci il tarixli, 91/1649 saylı qərarından çıxarışına və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3629 saylı İnşaat pasportuna əsasən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” X4 rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırda da “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh heç bir hüquqi əsas olmadan İctimai Birliyə ayrılmış torpaq sahəsinin müəyyən hissəsini, həmçinin İctimai Birliyə məxsus 2 otaqlı mehmanxana sahəsini zəbt edərək qanunsuz sahibliyində saxlayır, oradan qanunsuz olaraq istifadə edir, o, ərazidə özbaşınalıqlar edir, Bir liyin fəaliyyətini, iş rejimini pozur, Cəmiyyətin üzvlərinə qarşı zorakı hərəkətlər edir. Cavabdeh qanunsuz, özbaşına, qeyri-hüquqi hərəkətlərindən çəkilməsi, torpaq sahəsini tərk etməsi və mehmanxananı boşaltması ilə bağlı dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2895/2019 nömrəli, 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Həşimova) iddia rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 1975-ci ildə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” X4 rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinə dair hüquqlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmamışdır. İddia ərizəsindən qeyd edilmiş “iki otaqlı ti kili”yə dair ümumiyyətlə heç bir sənəd təqdim edilməmiş, məhkəmə iclasında tərəflərin izahatları ilə həmin tikilinin özbaşına tikili olması müəyyən edilmişdir. Bu səbəbdən, hazırkı halda iddiaçının subyektiv hüququ olmadığından iddia təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 667, 68-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

10. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-293/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov – sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilk əvvəl həmin mübahisəli torpaq sahəsinə subyektiv hüquqlarının olduğunu, yəni mübahisələndirdiyi torpaq sahəsinin onun istifadəsinə verilmiş sahə olduğunu sübut etməlidir. Həmin halı sübut etmək vəzifəsi iddiaçı Birliyin üzərinə düşür, lakin iddiaçı bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Həmin qətnamədən iddiaçı kassasiya şi kayəti vermişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(103)-293/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qeyd edilən mübahisəli torpaq sahəsinə və orada yerləşən tikiliyə iddiasını onun rəhbəri olduğu “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin ərazidə torpaq sahəsi ayrılması üçün müraciət etməsi və müvafiq orqanların müsbət rəylərini alması ilə əsaslandırsa da, hal-hazı rda onun mübahisəli torpaq sahəsinə və orada yerləşən tikiliyə dair hər hansı bir hüququ yoxdur. Ona görə də, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın rədd edilməsi qanuni və əsaslı deyildir. Bundan başqa, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli qərarı əsasında iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıbalınmaması araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2158/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov – sədrlik edən və məruzəçi, Qürbət Əsgər ov və Fuad Talışinski) apellyasiya şikayətinin təmin edilməşi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin qanuni istifadəsində olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsindən və «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinə məxsus 2 otaqlı tikilidən çıxarılması qət edilmişdir.

16. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıbalınmaması halını araşdırmış və iddiaçı tərəfindən təqdim edilmiş və tərəflər arasında mübahisələndirilməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” “Çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndinin cənub-şərq hissəsi torpaq sahəsi 0.25 ha “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin xeyrinə yüklü edilməklə 1008 nömrəli reyestr kitabının 10004 nömrəli vərəqində qeydiyyata alınmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, cavabdehin isə qeyd edilən mübahisəli torpaq sahəsinə və orada yerləşən tikiliyə dair hər hansı bir hüququ yoxdur. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının istifadəsinə ola n torpaq sahəsi və orada yerləşən 2 otaqlı tikilini zəbt etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 23. 84-cü maddənin 1-ci hissəsi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 24. 84-cü maddənin 3-cü hissəsi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydad a bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 25. 109-cu maddə. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. 26. 111-ci maddənin 1-ci hissəsi. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin göstərişləri nə riayət etməklə, müvafiq araşdırma aparmış, iş üzrə gəldiyi nəticəni qanunvericiliyin tələblərinə müvafiq əsaslandırmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, cavabdeh isə heç bir hüquqi əsas olmadan iddiaçının istifadəsində olan torpaq sahəsi və orada yerləşən 2 otaqlı tikilini zəbt etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur.

41. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2158/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar