Məhkəmə qərarları › İş №2(102)-5054/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5054/2019

17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5054/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli 2(106)901/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan şəhər məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Əliyev, iş № 2(032)-1816/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Q.B.Kərimov, Z.B.Babayev və N.F.Mirzəyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ildə bankdan götürdüyü kreditlərin hesabına Cavabdeh müxtəlif vaxtlarda verdiyi pul məbləğindən ona bir dəfə 1300 manat, bir dəfə isə 1700 manat qaytarmasını, qalan 6900 manatı isə qaytarmamasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 6900 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayə ti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir k i, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmamasını qanuni sayıb apellyasiya şikayətini rədd edərkən iddiaçının cavabdehə 6900 manat məbləğində borc verməsi barədə məhkəməyə heç bir yazılı sənəd təqdim etməməsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən üç min manatdan çox olan məbləğə dair borc müqaviləsinin yazılı formada bağlanmalı olmasını, iddiaçının isə verdiyi borcun məbləğinin 6900 manat olmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə maddi hüquq normasının pozulması ilə qəbul edildiyindən qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi borc müqaviləsinin yazılı formada bağlanmalı olması barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinə 31 may 2016-cı il tarixli Qanunla edilmiş dəyişiklik əsasında daxil edilmiş 740.2-ci maddəsinə əsaslanmışdır. Həmin normaya görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya instansiyası məhkəməsi göstərilən normaya istinad edərkən həmin müddəanın Mülki Məcəlləyə 2016-cı ildə daxil edilməsini, mübahisəli hüquq münasibətinin isə tərəflər arasında 2014-cü ildə yaranmasını nəzərə alm amışdır. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 31 may 2016-cı il tarixə kimi (dəyişikliyə qədər) qüvvədə olmuş Mülki Məcəllənin 740cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mübahisəli hüquq münasibətinin yarandığı 2014-cü ildə qüvvədə olan 740.2-ci maddədə borc müqaviləsinin yazılı formada bağlanmalı olması barədə müddəa nəzərdə tutulmadığından apellyasiya instansiyası məhkəməsinin həmin əsasla iddianın rədd olunmasını qanuni sayması üçün əsaslar olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanunun qüvvəsini düzgü n tətbiq etməməklə maddi hüquq normasının pozulmasına yol verdiyindən, kollegiya hesab edir ki, qətnamə Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar