Məhkəmə qərarları › İş №2(102)-5083/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5083/2019

18.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5083/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(61)201/2018, hakim M.S.Məmmədov) İddiaçı iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan Tərtər rayonunun Hacıqərvənd kəndində 0,29 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 228 kv.m, yaşayış sahəsi 131,2 kv.m, yardımçı sahəsi 96,8 kv.m olan 6 otaqlı fərdi yaşayış evindən həmin evdə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına onlara cəmi 5000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və kompensasiya verildikdən sonra cavabdehlərin həmin evdən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-459/2019, hakimlər N.N.Quliyev, Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabde h1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv olunub işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Tərtər rayonunun Hacıqərvənd kəndində 0,2945 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 228 kv.m olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 12 may 2016-cı il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı 07.11.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinə 1250 manat olmaqla cəmi 5000 manat kompensasiya ödənilməklə həmin evə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlil ləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, hazırki mübahisəyə düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının mülkiyyətində olan evdən cavabdehlərin istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi y olu ilə xitam verilə bilər. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərin mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının olduğunu qəbul edərək cavabdehlərə ümumilikdə 5000 manat kompensasiya verməklə onların istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdehlər isə kompensasiyanın məbləğini mübahisələndirərək onların hər birinə 5000 manat olmaqla məbləğin 20000 manat məbləğində müəyyən olunmasını və yaxud iddiaçının onlara ayrıca ev almasını, əks halda iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Kompensasiya məbləğinə münasibətdə məhkəmə göstərmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə görə ödənilən kompensasiya məbləği ayrıca mənzil əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağılabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Apellyasiya məhkəməsi kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə həmin istiqamətdə araşdırma apararaq müəyyən etmişdir ki, kommunal xidmətləri ilə mübahisəli fərdi yaşayış evinə uyğun səviyyədə təhciz olunmuş və eyni ərazidə yerləşən fərdi yaşayış evlərinin bir aylıq kirayə haqqı 40 manat təşkil edir. Bu halda təklif olunan kompensasiya məbləği cavabdehlərə eyni şəraitdə ən azı 10 il müddətinə yaşayış imkanı verir. Yaşayış sahəsinə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə məhkəmə kompensasiya məbləğinin bazar qiymətinə uyğun olduğunu müəyyən etdikdə iddianın təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə yaşayış sahəsinə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar