Məhkəmə qərarları › İş №2(102)-5096/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5096/2019

18.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5096/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(023)1433/2018, hakim A.H.Səmədov) İddiaçı 08 iyun 2011-ci il təvəllüdlü Ləman, 26 fevral 2013-cü il təvəllü dlü Güllər və 17 aprel 2014-cü il təvəllüdlü Aslan adlı uşaqları ilə birlikdə Qazax rayonunun Daş Salahlı kəndində yerləşən qayınatası Cavabdeh1 məxsus yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququ verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş №2(104)-1027/2019, hakimlər İ.Ə.Şəfiyev, R.Z.Mamedov və A.H.Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh2 ilə İddiaçı 2010-cu ildə ailə qurmuş, birg ə nikahdan 08 iyun 2011-ci il tarixdə Ləman, 26 fevral 2013-cü il tarixdə Güllər və 17 aprel 2014-cü il tarixdə Aslan adlı uşaqları doğulmuş, tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı 29.08.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ildə Cavabdeh2 ilə ailə quraraq Ruslanın atası Cavabdeh1 mülkiyyətində olan evə gəlin köçmüşdür. 04 aprel 2010-cu il tarixdə əri Ruslanla birlikdə Rusiya Federasiyasının Vladiqafqaz şəhərinə getmiş, orada 7 il yarım birlikdə yaşamış, sonra ayrılmışlar. O, ata evinə gələrək atası evində yaşamış, cavabdeh isə Rusiya Federasiyasında qalmışdır. Himayəsində 3 uşaq vardır, uşaqları üçün sığınacaq istəyir. 18 yanvar 2018-ci il tarixdə aralarındakı nikah pozulmuş və 3 uşağı nın saxlanılması üçün aliment alır. Cehiz əşyaları cavabdehlərin evindədir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə cavabdehin daşınmaz əmlaka dair Çıxarışına əsaslanmış, uşaqların mənafeyini nəzərə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının 2010-cu ilin mart ayında gəlin köçdüyü qayınatasına məxsus fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməklə istifadə hüququnun verilməsi təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 22.07.2009-cu il tarixdə cavabdehin adına qeydə alınaraq müvafiq Çıxarış verilmişdir. Apellyasiya məhkəməsi tərəflər arasında hüquq münasibətinin 2010-cu ilin mart ay ında yaranmasını və fərdi yaşayış evinin həmin vaxt cavabdehin mülkiyyətində olduğunu nəzərə alaraq hesab etmişdir ki, mübahisə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar mülkiyyətçinin himayəsində olan əmək qabiliyyətli olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya məhkəməsi tərəfində n həmin normaya istinad edilərək iddiaçının cavabdehin ailə üzvləri dairəsinə daxil edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə fərdi yaşayış evlərinə mülkiyyətçiyə məxsus yaşayış sahəsində yaşamış şəxslərin hüquq və vəzifələrini müəyyən edən mənzil qanunvericiliyinin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətn amənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar