Məhkəmə qərarları › İş №2(102)-5160/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5160/2021

07.12.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5160/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Quba Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli, 2(105)530/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya Quba Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 285 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün 1000 kvadrat metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin situasiya planı tərtib edilmişdir.

2. İddiaçı Quba Bələdiyyəsinə müraciət edərək, qeyd olunan torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmasını xahiş etmişdir. Quba Bələdiyyəsi iddiaçıya 30.08.2018ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, iddiaçı vaxtında DTXK Quba rayon Şöbəsinə müraciət edərək alğı-satqı müqaviləsi almalı idi. Hal-hazırda mövcud qanunveric iliyin tələblərinə görə Quba Bələdiyyəsinin vaxtilə satılan torpaqlara dair alğısatqı müqaviləsi bağlamaq səlahiyyəti olmadığından ərizədə nəzərdə tutulan alğı-satqı müqaviləsinin verilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Bələdiyyəsinin sədri tərəfindən 30 dekabr 2003-ci il tarixli, 283 saylı sərəncamı ilə Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış N7/8 saylı, sahəsi 20.0x50.0=1000 (bir min) kvadrat metr olan torpaq sahəsinə dair onunla Quba Bələdiyyəsi arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.

4. Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1899/2019 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia təmin edilmiş, Quba Bələdiyyəsinin sədrinin 30 dekabr 2003-cü il tarixli, 283 saylı sərəncamı ilə Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidə ayrılmış fərdi yaşayış evinin tikinti altına düşən N-7/8 saylı sahəsi 20x50=1000 kv.metr olan torpaq sahəsinə dair iddiaçı ilə Quba Bələdiyyəsi arasında alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması qət edilmişdir.

5. Məhkəmə Quba Bələdiyyəsinin sədrinin 30 dekabr 2003-cü il tarixli, 283 saylı sərəncamı ilə Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidən ayrılmış fərdi evin tikilməsi altına düşən N-7/8 saylı sahəsi 20.0x50.0=1000 (bir m in) kvadrat metr olan torpaq sahəsinə dair İddiaçı ilə Quba Bələdiyyəsi arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasını qanuna uyğun hesab etmişdir.

6. Məhkəmə öz mövqeyini hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335, 230-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Qətnamədən narazı qalan cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2020-ci il tarixli, 2(105)-398/2020 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruz əçi), G.F.Tağızadə və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı Quba Bələdiyyəsinin sədrinin 30 dekabr 2013-cü il tarixli, 283 saylı sərəncamı ilə Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidə N-7/8 saylı sahəsi 20x50=1000 kv.metr olan torpaq sahəsi ayrılması barədə sərəncamına əsasən iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətinin dəlillərinə dair əsaslarını sübut edə bilməmişdir.

11. Məhkəmə kollegiyası hə mçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul olunduqdan sonra Quba Bələdiyyəsi iddia tələbi ilə razılaşmış olsa da, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını həyata keçirən orqan apellyasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2020ci il tarixli, 2(102)-3353/2020 saylı qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Dəmirov) cavabdeh Azərbaycan Respublik ası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2020-ci il tarixli, 2(105)-398/2020 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

14. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Quba bələdiyyəsinin sədrinin eyni tarixli və eyni saylı sərəncamında iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün birində 500 kv.metr, digərində isə 1000 kv.metr göstərilməsinə əhəmiyyət vermədən, həmin sərancamın həqiqiliyini yaxlamaq üçün onun əslini məhkəməyə təqdim etməyi Quba bələdiyyəsinə təklif etmədən və ümumiyyətlə bu hal üzrə heç bir araşdırma aparmada n, eyni tarixli, eyni saylı sərəncamdakı açıq-aşkar ziddiyyətə aydınlıq gətirmədən, həmin sərəncamın kserosurətini yazılı sübut kimi qəbul edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.1, 77.3-cü maddələrinin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə ilk növbədə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbardar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə lazımi kömək göstərməlidir. Eyni zamanda, məhkəmə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif etməlidir.

15. Kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin müvafiq maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenmunun Qərarında şərh edilən məcburi göstərişlərə uyğun olaraq sözügedən torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin notariatda təsdiqlənməsi qaydasına riayət edilməməsinin Quba bələdiyyəsinin təqsiri ucbatından baş verib-verməməsini, məhz sonuncunun alğı-satqı müqaviləsini notariat qaydasında təsdiq etməkdən yayınıbyayınmamasını, ümumiyyətlə həmin torpaq sahəsinə dair iddia edilən alğı-satqı müqaviləsinin özünün qanuna zidd olub-olmamasını və həmin müqavilənin yazılı formada tərtib edilməsinə dair tələblərə əməl edilib-edilməməsini tam, hərtərəfli və obyektiv araşdarmadan və hansı dəlillərə əsasən apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, yalnız iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli, 2(105)-530/2021 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.Q.Məmmədov və Ş.R.Abasov) apellyasiya şikayəti təmin olunmamış, Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1899/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyas iya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Quba Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 285 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün 1000 kvadrat metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin sitausiya planı tərtib edilmiş, iddiaçı torpaq sahəsi ona ayrıldıqdan sonra orada hasar çəkmiş, bir sıra abadlıq işləri aparmış, müxtəlif növ ağaclar əkmişdir və həmin torpaq sahəsi indiyədək onun istifadəsindədir. Bununla da iddiaçı həmin torpaq sahəsindən uzun müddət istifadə etməklə mülkiyyətçi kimi hüquq əldə etmişdir. Torpaq sahəsi iddiaçıya ayrıldıqdan indiyədək bələdiyyə bunu mübahisələndirməmiş, torpaq sahəsinin boşaldılması və ya hərraca çıxarıb satılması təşəbbüsündə olmamış, bununla da faktiki olaraq tərəflər alğısatqının mövcudluğunu qəbul etm işdir. Eləcə də müəyyən olunur ki, Quba Bələdiyyəsi tərəfindən hazırkı qətnamə mübahisələndirilməmiş, apellyasiya şikayəti verilməmişdir. Yəni bununla cavabdeh həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair alğı-satqı müqaviləsini qəbul etmiş sayılır.

18. Məhkəmə qeyd etmişdir ki, işin faktiki halı onu deməyə əsas verir ki, iddiaçı Quba Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 285 nömrəli Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin mövcudluğu təsdiqini tapır, lakin İddiaçı torpaq sahəsinin alğı-satqısına dair etdiyi ödəniş qəbzlərinin mövcud olmaması halı Quba Bələdiyyəsi və İddiaçı arasında bağlanmış alğı-satqının mövcud olmadığı kimi qəbul edilə bilməz. 19.Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktla rının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir.

20. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, Konsitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitus iyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarda da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən iş üzrə hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını x ahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin ümumi və ya inzibati məhkəməyə aidiyyatı müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməli idi, lakin apellyasiya instansiyası məhkəməsi buna heç bir əhəmiyyət verməmiş, bununla da qətnamə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-cü və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.1-2.2.4-cü maddələrinin tələblərinə zidd olaraq aidiyyət qaydalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 19-cu və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9-cu maddələrinin tələblərini nəzərə a lmamış, işə baxmış məhkəmələr tərəfindən Mülki Məcəllənin 01 noyabr 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsini mübahisəyə tətbiq etməklə yanlış nəticəyə gəlmişlər. Bələdiyyə Bakı şəhərində yaşayan vətəndaşa torpaq sahəsi satmaqla qanunun tələbini pozmuşdur. Daha öncə qeyd olunduğu kimi qeyd olunan torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq işlər görülsə də, bu iş tam başa çatdırılmamış, tərəflər arasında alğı-satqı aktı imzalanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə

335. Əqdin notarial formasına riayət edilməməsinin nəticələri (01 noyabr 2005-ci ilədək qüvvədə olmuş redaksiya) 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Bu Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə

7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub- olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya kollegiyası kassatorun mübahisənin ümumi və ya inzibati məhkəməyə aidiyyətının müəyyən e dilməli olması və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməli olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

35. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət or qanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

36. Lakin baxılan işin hallarından göründüyü kimi, verilmiş iddia torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyənin qərarı və ya hərəkəti (hərəkətsizliyi) ilə bağlı deyil. İddiaçı ona torpaq sahəsi verilməsi barədə qərar verilməsi mərhələsinin başa çatdığını iddia edir və bundan sonra həyata keçirilməli olan alğı-satqı müqaviləsinin bağlanmasını tələb edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6.2-ci bəndində deyilir ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.

37. İddiaçı Bakı şəhərində yaşadığına görə ona Quba Bələdiyyəsinin ərazisindən torpaq sahəsinin satılmasının qanunsuz olması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanundan 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmış 7.4-cü maddəsində deyilirdi ki, müvafiq inzibati-ərazi vahidi daxilində adambaşına düşən orta torpaq norması və torpaq ehtiyatları azlıq təşkil etdiyi hallarda bələdiyyələr torpaq sahəsinin ilk növbədə öz ərazilərində yaşayan vətəndaşlara və sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edə bilərlər.

38. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsi verilən dövrdə başqa inzibati-ərazi vahidində yaşayan şəxslərə torpaq verilməsini birmənalı olaraq qadağan edən norma yox idi və Qanunun 7.4-cü maddəsi müvafiq inzibati-ərazi vahidi daxilində adambaşına düşən orta torpaq norması və torpaq ehtiyatları azlıq təşkil etdiyi halda, kənarda yaşayan şəxslərə torpaq sahəsinin birinci növbədə verilməsinin məhdudlaşdırılmasını nəzərə tuturdu və bu cür səlahiyyət bələdiyyəyə məxsus idi. Bələdiyyə isə işin hallarını bu əsasla mübahisələndirmir.

39. Mülki Məcəllənin 404.1-ci maddəsi, tərəflərin aras ında olan razılaşma ilə bağlı mübahisə yarandığı halda, mübahisənin həlli üçün bütün müvafiq hallar, o cümlədən razılaşmaya qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını ehtiva edir.

40. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də iş üzrə nəticəyə gələrkən iddiaçıya Quba Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 285 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmasına, torpaq sahəsinin sitausiya planının tərtib edilməsinə, iddiaçının torpaq sahəsi ona ayrıldıqdan sonra orada hasar çəkib abadlıq işləri aparmasına, müxtəlif növ ağaclar əkib indiyədək istifadə etməsinə istinad etmişdir. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı həmin torpaq sahəsind ən sözügedən qərara əsasən uzun müddət istifadə etmiş, torpaq sahəsi iddiaçıya ayrıldıqdan indiyədək bələdiyyə bunu mübahisələndirməmiş, torpaq sahəsinin boşaldılması və ya hərraca çıxarıb satılması təşəbbüsündə olmamış, bununla da faktiki olaraq tərəflər alğı-satqının mövcudluğunu qəbul etmişdir.

41. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır.

42. Kassatorun digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir. 43.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli, 2(105)530/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar