Məhkəmə qərarları › İş №2(102)-5181/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5181/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5181/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)504/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 22 noyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hacı qabul şəhəri, H.Z.Tağıyev küçəsi ev 170 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ev (mübahisəli ev) İddiaçı ( bundan sonra-iddiaçı) valideynlərinə məxsus olub, iddiaçının atası 21 dekabr 1979-cı ildə, anası isə 21 aprel 1992-ci ildə ölüblər, valideynləri öləndən sonra onlara məxsus olan evdə qardaşı X və qardaşının arvadı, hazırki iş üzrə Cavabdeh1 (bundan sonra cavabdeh) yaşayıblar. Digər vərəsələr də ölüblər: 27 may 2002-ci ildə qardaşı X, 13 may 2007-ci ildə qardaşı x, 01 may 2012-ci ildə bacısı X, 01 noyabr 2013-cü ildə qardaşı X. 13 aprel 2004-cü ildə digər qardaşı, yəni hazırki iş üzrə cavabdehin əri X4 da ölüb. Mübahisəli ev iddiaçının qardaşı (hazırki iş üzrə cavabdehin əri) X2 adına xüsusi mülkiyyəti kimi qeydə alınıb və Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı ilə sənədləşdirilmklə tikili onun mülkiyyətinə verilib. X2 ölümündən sonra birinci növbəli vərəsə kimi onun arvadı cavabdehin adına 02 avqust 2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Cavabdeh, 28 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən özünə məxsus mübahisəli evi bacısı oğlu X3 bağışlayıb və bağışlama müqaviləsi Şirvan şəhəri, 1 saylı notariat ofisində təsdiq edilib və mübahisəli ev X1 adına xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçib və onun adına mülkiyyət hüququnu təsdiq edən 02 dekabr 2020-ci il tarixli Çıxarış verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Dövlət Notariat Kontoru tərəfindən cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsə kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş edib. İddia onunla əsaslandırılıb ki, valideynlərinin, bacı və qardaşının ölümündən sonra cavabdehin valideynlərinə məxsus evdə qalmağına heç bir narazılığı olmayıb və hesab edib ki, onun övladı yoxdur təkdir, həm ev yeyəsiz qalmaz, həm də qardaşının arvadıdır. O, cavabdehə arxayın olduğu üçün valideynlərinin, qardaşlarının və bacısının ölümündən sonra vərəsəliyi qəbul etmək üçün notariusa müraciət etməyib. Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əzizov) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı mübahisəli evə dair qanun üzrə özünə düşən paydan heç vaxt imtina etməyib və bununla bağlı heç bir ərizə imzalamayıb, vaxtı ilə atasının inşa etmiş olduğu yaşayış evi yararsız hala düşdüyündən həmin mənzili özü inşa etdirib, ata və anasının yas mərasimlərini həmin evdə keçirib və valideynləri vəfat etdikdən sonra vərəsəliyi qəbul edib. Cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni və mülkiyyət hüququnun qeydiyyatına dair Çıxarışı Hacıqabul rayon Dövlət Notariat Kontoruna yalan məlumat verməklə və qanunsuz əldə etdiyindən, onun cavabdehə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1146, 1147.1, 1147.2, 1151.1, 1151.2, 1159.1, 1159.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Üçüncü şəxs X apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Belə ki, iddia tələbində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisləndiriliyi və nəticədə həm şəhadətnamə, həm də çıxarış etibarsız hesab edildiyi halda nə şəhadətnamənin nə də dövlət reyestrindən verilmiş çıxarışın tarix, nömrə və reyestr nömrələri göstərilməyib. Mübahisələndirilən mi ras əmlakın qanuni mülkiyyətçisi işə cəlb olunmadan onun adına verilmiş Çıxarış etibarsız hesab edilib. Cavabdehin müraciətinə əsasən açılmış vərəsəliyin qəbulu ilə bağlı notariat işi tələb edilməyib və dəqiqləşmə aparılmayıb. İddia tələbi ilə qətnamənin nəticə hissəsi fərqlidir, yəni tələbdən kənara çıxma halı baş verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov sədrlik edən, məruzəçi, S.Mayılov və F.Mirzəyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Hacıqabul rayon məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, valideynlərinin ölməsindən sonra iddianın miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı məlumat (sübut) yoxdur. Valideynlərinin vəfat etməsindən sonra iddia edilən yaşayış evində iddiaçının qardaşı X və onun arvadı Cavabdeh1 yaşadığını iddiaçı öz ərizəsində göstərib. İddia ərizəsindən və izahatlardan da bəlli olur ki, iddiaçı ərə köçəndən sonra, eləcə də valideynlərinin vəfatından sonra valideynlərinə məxsus evdə yaşamayıb. Bundan başqa, iddiaçı öz tələbində cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş edib. İddiaçının tələbi baxımından iddianı təmin etmək üçün əsas yoxdur. Bundan başqa, cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsindən əvvəl iddia edilən yaşayış evi, onun əri X adına mülkiyyət hüququ üzrə qeydiyyata alınıb. İddiaçı, öz qardaşı X adına olan qeydiyyatı, mülkiyyət sən ədini mübahisələndirmədən birbaşa cavabdehin adına verilmiş “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməsini mübahisələndirib. Bundan başqa, cavabdeh miras qoyan X birinci növbəli yeganə vərəsəsidir və onun ölümündən sonra, miras əmlak birinci növbəli vərəsə olaraq cavabdehin mülkiyyətinə keçməli idi. İddiaçının valideynlərindən miras qalmış əmlakı rəsmi və ya faktiki idarə etməklə qəbul etməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını müəyyən etmədən əsassız nəticəyə gəlib, qanunsuz və əsassız qətnamə qəbul edib. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarını da pozub. İddiaçı cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsini və özünün vərəsə kimi tanınmasını xahiş etsə də, məhkəmə iddia tələbind ən kənara çıxaraq, həm də mülkiyyət hüququnu təsdiq edən Çıxarışı etibarsız hesab edib. Apellyasiya instansiya məhkəməsi oz hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1134.1, 1159.1.1, 1243.2, 1246-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya məhkəməsi işin faktiki hallarını, sübutları hərtərəfli, düzgün, obyektiv araşdırmayıb, qanunsuz və əsassız qətnamə qəbul edib. Hacıqabul rayon notariat ofis inin notariusu X vərəsəlik üzrə verdiyi sorğuya əsasən məlum olmuşdur ki, Həsin X hər hansı miras əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması aşkar edilməyib. Buna dair sənəd də təqdim olunub. iddiaçı sonra bu məsələni araşdırmaq üçün ərizə ilə Reyestr Xidmətinə müraciət edib, lakin ona heç bir məlumat verilməyib və apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs X kassasiya şikayətinə qarşı etirazı daxil olub və etiraz ərizəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası k eçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.1-ci maddəsində göstərilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzin də mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ev 170 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ev (mübahisəli ev) İddiaçı ( bundan sonra-iddiaçı) valideynlərinə məxsus olub, iddiaçının atası 21 dekabr 1979-cı ildə, anası isə 21 aprel 1992-ci ildə ölüblər, valideynləri öləndən sonra onlara məxsus olan evdə qardaşı X və qardaşının arvadı, hazırki iş ü zrə Cavabdeh1 (bundan sonra cavabdeh) yaşayıblar. Digər vərəsələr də ölüblər: 27 may 2002-ci ildə qardaşı X, 13 may 2007-ci ildə qardaşı X, 01 may 2012-ci ildə bacısı X, 01 noyabr 2013-cü ildə qardaşı X. 13 aprel 2004-cü ildə digər qardaşı, yəni hazırki iş üzrə cavabdehin əri X4 da ölüb. Mübahisəli ev iddiaçının qardaşı (hazırki iş üzrə cavabdehin əri) X2 adına xüsusi mülkiyyəti kimi qeydə alınıb və Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı ilə sənədləşdirilmklə tikili onun mülkiyyətinə verilib. X2 ölümündən sonra birinci növbəli vərəsə kimi onun arvadı cavabdehin adına 02 avqust 2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Cavabdeh, 28 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən özünə məxsus mübahisəli evi bacıs ı oğlu X3 bağışlayıb və bağışlama müqaviləsi Şirvan şəhəri, 1 saylı notariat ofisində təsdiq edilib və mübahisəli ev X1 adına xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçib və onun adına mülkiyyət hüququnu təsdiq edən 02 dekabr 2020-ci il tarixli Çıxarış verilib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdırıb müəyyən etmişdir ki, valideynlərinin ölməsindən sonra iddianın miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı məlumat (sübut) yoxdur. Valideynlərinin vəfat etməsindən sonra iddia edilən yaşayış evində iddiaçının qardaşı X və onun arvadı Cavabdeh1 yaşadığını iddiaçı öz ərizəsində göstərib. İddia ərizəsindən və izahatlardan da bəlli olur ki, iddiaçı ərə köçəndən sonra, eləcə də valideynl ərinin vəfatından sonra valideynlərinə məxsus evdə yaşamayıb. Bundan başqa, iddiaçı öz tələbində cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş edib. İddiaçının tələbi baxımından iddianı təmin etmək üçün əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.1-ci maddəsində göstərilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şə ksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, miras evə dair mərhum Nadir Piriyevin adına verilmiş hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu halda, sözügedən ev iddiaçının atası Həsən Piriyevdən miras qamış əmlakın kütləsinə aid edilə bilməz. Belə ki, cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsindən əvvəl iddia edilən yaşayış evi, onun əri X adına mülkiyyət hüququ üzrə qeydiyyata alınıb. İddiaçı, öz qardaşı X adına olan qeydiyyatı, mülkiyyət sənədini mübahisələndirmədən birbaşa cavabdehin adına verilmiş “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməsini mübahisələndirib. Bundan başqa, cavabdeh miras qoyan X birinci növbəli yeganə vərəsəsidir və onun ölümündən sonra, miras əmlak birinci növbəli vərəsə olaraq cavabdehin mülkiyyətinə keçməli idi. İddiaçının valideynlərindən miras qalmış əmlakı rəsmi və ya faktiki idarə etməklə qəbul etməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsi işin qeyd edilən halları nı müəyyən etmədən əsassız nəticəyə gəlib, qanunsuz və əsassız qətnamə qəbul edib. Birinci instansiya məhkəməsi həmçinin prosessual hüquq normalarını da pozub. Belə ki, iddiaçı cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsini və özünün vərəsə kimi tanınmasını xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq, həm də mülkiyyət hüququnu təsdiq edən Çıxarışı etibarsız hesab edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar