Məhkəmə qərarları › İş №2(102)-5212/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5212/2022

31.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5212/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsində razılıq, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 BOKT MMC-yə və X1 qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-2433/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh3 (bundan sonra – 1-ci cavabdeh) ilə xx.xx.2006-cı il tarixində rəsmi nikaha daxil olmuşdur. 2. 1-ci cavabdeh, Cavabdeh1 Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyyətli Cəmiyyəti (bundan sonra – 2-ci cavabdeh və ya cavabdeh MMC) ilə bağladığı 25 oktyabr 2017-ci il və 21 dekabr 2018-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin olunması məqsədilə cavabdeh MMC ilə 25 oktyabr 2017-ci il və 21 dekabr 2018-ci il tarixli ipoteka müqavilələri bağlamış və iddiaçı ilə birgə mülkiyyətlərin də olan ünvan 1 ünvanında yerləşən 50 saylı mənzili (bundan sonra – mənzil) cavabdeh MMC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilmə müvafiq olaraq dövlət reyestrində qeydə alınmışdır.

3. X3 (bundan sonra – 3-cü cavabdeh) isə digər cavabdehlərlə xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlamaqla sözügedən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üzrə zamin durmuş şəxsdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1-ci cavabdeh onun əridir və s onuncu tərəfindən ipotekaya qoyulmuş mənzil onların birgə nikahı dövründə alınmışdır. Lakin 1-ci cavabdehin onlara məxsus olan əmlakı ipotekaya qoymasından məlumatsız olmuşdur. Halbuki, birgə nikah dövründə alınmış əmlak üzərində onun ½ hissədə pay hüququ olduğundan həmin ipoteka müqavilələri bağlanan zaman iddiaçının da razılığı alınmalı idi. İddiaçı bu yaxın günlərdə evə məktub gələrkən ipoteka müqavilələrinin mövcudluğundan xəbər tutmuşdur.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh MMC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməmiş, hər iki ipoteka müqavilələri bağlanarkən iddiaçının razılığının alındığını bildirmiş və bu barədə iddiaçının adından yazılmış müvafiq ərizələri məhkəməyə təqdim etmişdir.

7. Belə ki, iddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2 017-ci il tarixli ərizənin mətnində “yazıb sizə bildirirəm ki, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka(girov) qoyulmasına etiraz etmirəm. İpotekaya (girova) qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm” qeyd olunmuşdur.

8. İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, **********133 nömrəli ərizənin mətnində “yazıb sizə bildirirəm ki, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka(girov) qoyulmasına etiraz etmirəm. İpotekaya (girova) qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm” qeyd olunmuşdur.

9. İddiaçı xx.xx.2017 və xx.xx.2018-ci i l tarixli ərizələrin sonunda “Zeynalova” yazıları və həmin ərizənin aşağı hissəsində “İmza:” qrafasındakı imzanın onun tərəfindən icra olunmadığını bildirdiyindən və məhz iddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.

10. Məhkəmə-xəttşünaslıq ekspertizasının 4/1582 nömrəli, 06 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ipoteka müqaviləsinin bağlanmasına razılıq verilməsi barədə İddiaçı adından olan 24 oktyabr 2017-ci il tarixli və 05 dekabr 2018-ci il tarixli ərizələrin sonunda “Zeynalova” yazıları və həmin ərizənin aşağı hissəsində “İmza:” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiy a məhkəməsi) 2(005)-1736/2021 saylı nömrəli iş üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi rədd edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının adından olan 24 oktyabr 2017-ci il tarixli və 5 dekabr 2018-ci il tarixli ərizələrin sonunda “Zeynalova” yazılarının və həmin ərizənin aşağı hissəsində “İmza:” qrafasındakı imzanın - iddiaçı tərəfindən icra olunması iddianın rədd edilməsini şərtləndirir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, iddiasının hüquqi əsası kimi eyni zamanda Mülki Məcəllənin 347.2.2-ci maddəsinə istinad etməklə əqdin məzmunu barəsində səhv etdiyini, razılıq ərizələrini imzalamadığını irəli sürmüşdür. Məhkəmə bu hissədə belə qənaətə gəlmişdir ki, bu norma hazırkı münasibətlərə tətbiq oluna bilməz. Çünki işin h allarından aydındır ki, iddiaçı məhz ipoteka müqaviləsinin bağlanmasını arzulamışdır və bu səbəblə də əqdin məzmununda yanılmanın olması mümkün deyildir. Hər bir halda, ipoteka müqaviləsinin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni özü imzalamışdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.3, 269.5, 276.1, 294.1.1, 294.2, 339.2, 339.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən məhkəmə xətşünaslıq ekspertizasının rəyinə istinad etmiş, lakin ekspert rəyini digər sübutların məcmusu ilə birlikdə qiymətləndirməyərək qanunsuz qətnamə çıxarmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2433/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə hesab etmişdir ki, ipoteka müqavilələri bağlanarkən iddiaçının razılığının alınmama sı barədə iddiaçının dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinə görə apellyasiya instansiyası məhkəməsi d ə sübutlara qeyri-obyektiv, qərəzli baxmış, təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, iddiaçının həmin əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq verməməsinə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi

23. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.

24. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Mülki Məcəllə

25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir.

26. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmı ş hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

42. Məhkəmə kollegiyası qeyd olunanları n əzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2433/2022 nömrəli mülki iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar