Məhkəmə qərarları › İş №2(102)-5242/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5242/2019

23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5242/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdehin Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1426/2019 nömrəli iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.A.Məmmədov) 2(060)-6206/2018 nömrəli, 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, cavabdehdən 15.000 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və S.A.Qafari) 2(105)-1426/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2018 nömrəli, 25 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 avqust 2015-ci il tarixdə Sumqayıt şəhəri, 6 saylı dövlət notariat kontorunun dövlət notariusunda kredit müq aviləsi bağlamaqla cavabdehə 15.000 manat məbləğində pul vermişdir. Müqaviləyə əsasən, cavabdeh borc pulu 24.08.2017-ci il tarixədək qaytarılmalı idi. Lakin 6 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün cavabdehə müraciət etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasını yubatmışdır. Cavabdeh onunla kredit müqaviləsi bağlayarkən onun soyadı Nəbiyeva idi. 18.01.2018-ci ildə isə, o soyadını dəyişdirmiş və Əliyeva soyadına keçmişdir. Göstərilənlərə əsasən, iddiaçı, cavabdehdən 15.000 manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA Şİ KAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)1426/2019 nömrəli iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiy ası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1426/2019 nömrəli iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan 24.08.2015-ci il tarixli “kredit müqaviləsin”dən müəyyən edilir ki, iddiaçı cavabdehə 15000 manat pul məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə görə cavabdeh 15000 manatı 2 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarl a və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmşdir ki, cavabdeh iddiaçıdan 15000 manat borc pul almış, lakin həmin məbləği müqavilə ilə müəyyən olunmuş müddətdə qaytarmamışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə borc pulun verilməsi və bununla əlaqədar borc müqaviləsinin olması iddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutlara (borc müqaviləsi) təsdiqini tapır. Apellyasiya instansiyası m əhkəməsi qeyd etmişdir ki,cavabdehin iddiaçıya borclu olması təsdiq edilirsə cavabdehin həmin öhdəliyi tamamilə icra edilməsi və bu öhdəliyin iddiaçı tərəfindən qəbul edilməsi yalnız həmin etiraz üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair cavabdehə iddiaçı tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər. Lakin hazırki iş üzrə cavabdehdə nə öhdəliyin icra edilməsinə dair iddiaçı tərəfindən verilmiş sənəd, nə də ki, onun tərəfindən razılaşmanın icra edilməsinə dair heç bir qeyd yoxdur. Bu isə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcə llənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kim i halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)1426/2019 nömrəli iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1426/2019 nömrəli iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar