Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5264/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-2136/2018 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli, 2(008)9815/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.R.Bu rcayev) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 8.000 manat pulun tutulub iddiaçıya verilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)2136/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 8.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıd a göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə ələavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında işti rak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında podrat hüquq münasibətlərinin yaranmasına, cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, onun iddiaçıya ödənilməmiş 8.000 manat borcunun qalmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 752.2, 753.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düz gün tətbiq edib, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında ünvan 1 ünvanda yerləşən 3 sot torpaq sahəsi üzərində yaşayış evinin tikintisi ilə bağlı şifahi razılıq əldə olunub. Həmin razılığa əsasən iddiaçı 2 ay müddətində 3 otaqlı yaşayış evini inşa edib cavabdehə təhvil verməyi, cavabdeh isə 42.000 manat pul vəsaitini ödəməyi öhdəsinə götürüb. Cavabdeh tərəfindən cəmi 34.000 manat ödənilib və hazırda ev onun istifadəsindədir. İddiaçı ödənilməyən 8.000 manat məbləğində pulun tutulmas ı tələbini irəli sürüb. Cavabdeh isə iddiaya etiraz edir və bildirir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyə əməl etməyib, 2 ay əvəzinə 1 il 6 aydan sonra evi yarımçıq tikili halda və aşağı keyfiyyətlə, yəni tək mişar daşı ilə inşa edərək və sair qüsurlarla təhvil verib. Tikinti yarımçıq təhvil verildiyi üçün o, evin inşasının başa çatdırılmasından ötrü başqa ustalarla razılaşaraq onlara 11.500 manat pul ödəyib. Halbuki iddiaçı ilə aralarında olan razılaşmaya görə, ev tam təmirli və yaşayış üçün lazımi şəraitdə ona təhvil verilməli idi. Lakin iddiaçı tərəfindən inşa olunan ev keyfiyyətsiz və qəzalı vəziyyətdə olmuş və işlərin 60-70 faizi icra olunmayıb. Cavabdehin etirazına dair iddiaçı bildirir ki, o, razılaşmanın şərtlərini pozmayıb, tikinti işlərini tam və keyfiyyətli şəkildə başa çatdır ıb. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticiyə gəlib. Belə ki, tərəflər arasında şifahi qaydada podrat müqaviləsi bağlanıb və iddiaçı cavabdehin öz öhdəliyini tam icra etməməsinə, yəni razılaşdırılmış muzdun tam ödəməməsinə əsaslanaraq pulun tutulması tələbini irəli sürüb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd edib ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 752.1-ci maddəsi). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir (Mülki Məcəllənin 752.2-ci maddəsi). Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqı-satqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit edilib ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırkı işin mübahisəsiz halı da ondan ibarətdir ki, podrat müqaviləsinin predmeti olan yaşayış evi cavabdehin sahibliyindədir və o, razılaşdırılmış muzdun dəyərini təşkil edən 42.000 manat puldan iddiaçıya yalnız 34.000 manat ödəyib. Halbuki, Mülki Məcəllənin 753.1-ci maddəsində təsbit olunmuşdur ki, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd edib ki, iddiaçı razılaşdır ılmış, lakin ödənilməmiş muzdun qalıq hissəsi olan 8.000 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edib ki, cavabdehin etirazı, eləcə də apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, həmin etirazın qanuni əsasını Mülki Məcəllənin 766-cı təşkil edir. Həmin maddənin tələbinə görə, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərinin əsaslı hesab edilməsi üçün müəyyən o lunmalıdır ki, podrat müqaviləsinin predmeti olan yaşayış evi keyfiyyətsiz inşa olunmuş, yəni podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmir (qüsurludur), cavabdeh podrat müqaviləsini əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etməmiş və müqavilədən imtina etdiyini bildirməmiş, həmçinin evdə olan qüsurlar onun dəyərini 8.000 manat məbləğində azaltmışdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, bu halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halların təsdiqi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 sentyabr 2018-ci il tarixl i ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən, ünvan 2 ünvanda yerləşən mübahisəli fərdi yaşayış və yardımçı tikililərin olduğunu, həmin evin otaqlarının təmirli vəziyyətdə olduğunu, kommunikasiya xətləri, yəni su, kanalizasiya, qaz və elektriklə təchiz olunduğunu nəzərə alaraq, həmin evin yaşayış üçün yararlı vəziyyətdə olduğu müəyyən edilir. Tədqiq olunan ev üzrə aparılmalı təmir-tikinti işlərinə dair hər hansı layihə və smeta sənədlərinin olmadığını nəzərə alaraq, həmin evin tikintisinin başa çatıb-çatmadığının müəyyən edilməsinə və aparılmış işlərinin dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-2136/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5264/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5264/2019
20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver