Məhkəmə qərarları › İş №2(102)-5272/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5272/2022

05.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5272/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən tələb olunması, yaşayış sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3862/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə 5 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-370/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh (bundan sonra – cavabdeh) İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Kredit Təşkilatı) xeyrinə cəmi 17.430,11 ABŞ dolları borcun tutulması, tələbin cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 87 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməklə açıq hərracda satılması, əldə olunan pul hesabına 26.968,36 ABŞ dolları məbləğində borcun ödənilməsi qət edilmişdir. Qətnamə 27 oktyab r 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

2. Hərracın yekunları barədə 40/02 nömrəli 7 may 2021-ci il tarixli protokola əsasən mübahisəli mənzil Kredit Təşkilatı tərəfindən 47812.5 manat məbləğinə əldə edilmişdir.

3. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə Kredit Təşkilatının adına 16 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən fa ktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzilin Kredit Təşkilatının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehə məxsus əşyalar həmin mənzildə qalmışdır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuşdur.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1292/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil qətnamənin icrası ilə əlaqədar hərraca çıxarılmış və iddiaçıya təklif əsasında satılmışdır və hazırda həmin mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Cavabdeh isə mənzilin özgəninkiləşdirilməsindən sonra həmin mənzildən əşyalarını çıxarm amışdır, hazırkı mülkiyyətçi ilə arasında istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 228.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3862/2022 nömrəli mülki iş üzrə 2 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bank hazırda mənzilin mülkiyyətçisidir və onun bu hüququ mübahisələndirilməmişdir. Cavabdehin isə bu mənzilə hər hansı hüquqi bağlılığı olmamışdır. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan cavabdehin həmin mənzilə dair mülkiyyət hüquqları itirilmişdir.

12. Kollegiya hesab etmişdir ki, iddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin isə mənzilə dair hər hansı hüququ mövcud olmadığından onun mənzili boşaldaraq iddiaçıya təhvil verməməsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmu şdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələblərini haqlı olaraq təmin etmişdir.

13. Kollegiya apellyatorun məhkəmə iclaslarında iştirakının təmin edilmədiyi və çəkişmə prinsipinin pozulduğu barədə arqumentlərini araşdıraraq hesab etmişdir ki, bu dəlillər iş materialları ilə təkzib olunmuşdur. Belə ki, iş materiallarına əsasən cavabdehlərin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş, məhkəmənin 21 fevral 2022-ci il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirak etmiş və bu barədə qəbzi imzalamaqla məhkəmə baxışı iclasının xx.xx.2022-ci il tarixə təyin edilməsi barədə xəbərdar olunmuşdur. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 178.1, 203.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən verilən apellyasiya şikayətinə əsasən, birinci instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verməmiş və son nəticədə çəkişmə prinsipini pozmuşdur. Mübahisəli mənzil cavabdehin yeganə yaşayış yeri olmuşdur. Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” 5 iyun 2002-ci il tarixli 89 nömrəli qərarında qeyd edilmişdir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayn-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Göstərilən halda cavabdehin mənzilinə tələbin yönəldilməsi qanunsuz olmuşdur. Kredit Təşkilatına xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində 435 ABŞ dolları məbləğində pul ödəmiş, iddiaçı məhkəməyə müraciət etdikdən sonra yenə ödənişlər etmiş, lakin məhkəmə işə baxarkən bunları nəzər ə almamışdır. Ümumilikdə 3000 ABŞ dollarına yaxın məbləğdə pul ödəməsinə baxmayaraq, onun 13.964 ABŞ dolları məbləğində borcunun qaldığı göstərilmişdir. İşin halları ilə bağlı izahat verən şahidlərin ifadələri nəzərə alınmamışdır. İşin gedişi ilə hüquqi baxımdan marağının və hər hansı qohumluq əlaqələrinin olmaması səbəbindən X2 və X1 ifadələri tam olaraq mötəbər sübut sayılmalı idi. Belə ki, adıçəkilən şəxslərin izahatlarının bu cür əhəmiyyətsiz olması kimi yanaşılması da tam olaraq əsassız olmuşdur.

17. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18, 152, 157-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.2, 385.1.1, 387.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29, İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə

152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, on a mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadə lərlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.

35. Eyni zamanda kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” hazırkı işə tətbiq edilə bilməz. Çünki Siyahının qeyd hissəsində onun ipoteka ilə yüklü edilmiş əmlaklara şamil edilmədiyi birbaşa göstərilmişdir

36. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3862/2022 nömrəli mülki iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar