Məhkəmə qərarları › İş №2(102)-5304/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5304/2019

31.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5304/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli 2(103)1038/2019 saylı qətnaməsindən iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Əliyev Əbdüləhəd Hidayət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev, iş № 2(005)-887/2018) iddiaçılar İddiaçı1, İdd iaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə Cavabdeh2 qarşılıqlı iddiası təmin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs N oğlunun iddiası qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən 120,68 kv. metr sahəsi olan 4 otaqdan ibarət sahənin icarəyə götürülməsi haqqında Bakı şəhəri Nərimanov rayonu 37 saylı MKİS-nin rəisi X2 ilə İddiaçı1 arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli kirayə müqaviləsi etibarsız hesab edilmiş, ilkin iddia tələbi üzrə iddiaçıların həmin mənzilə istifadə hüquqları itirilmiş hesab edilmiş, üçüncü şəxs N oğlunun mənzilə istifadə hüququ tanınmış, N oğlunun iddiası qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.M.Əliyev və R.Ə.Eyvazov) Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarma və mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Na qızının İddiaçı1 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və kirayə müqaviləsinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Əbdüləhəd Hidayət oğlunun ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və qeyrilərinə qarşı istifadə hüqu qunun tanınması, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: N saylı evin 6 saylı mənzili üç otaqdan ibarət olmaqla həmin mənzil 24 noyabr 1972-ci il tarixli orderə əsasən N oğluna cəmi 6 nəfərdən ibarət (özü, arvadı, 4 uşağı) ailə üzvlərinin köçməsi üçün verilmişdir. Bakı şəhəri Nərimanov rayon XDS İK-nin 22 fevral 1980-cı il tarixli qərarı ilə həmin ünvanda boşalmış bir otaqlı (16,5 kv. metr) 5 saylı mənzil Nə verilmiş üç otaqlı mənzilə birləşdirilməklə o, 9 nəfərdən ibarət ailə üzvləri ilə 4 otaqlı (75 kv.metr) mənzilin icarədarı hesab edilmişdir. Bakı şəhəri, Nərimanov rayon XDS İK-nin 29 aprel 1988-ci il tarixli qərarı ilə Nə 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə sahəsi 49,42 kv.metr olan üç otaqlı, oğlu N oğluna isə (4 nəfərdən ibarət ailə üzvü ilə) sahəsi 42,62 kv. metr olan üç otaqlı mənzil verilmişdir. Əvvəlki 6 saylı 4 otaqlı mənzil isə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 və Cavabdeh2 istifadəsində olmuşdur. 6 saylı mənzilə dair kirayə müqaviləsi 01 dekabr 2017-ci il tarixdə İddiaçı1 ilə bağlanmışdır. 2017-ci ilin dekabr ayında İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qarabağ küçəsi, 7 saylı evin 6 saylı 4 otaqlı mənzilinin onların arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və N qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək İddiaçı1 ailə qurduğu 1977-ci ildən 6 saylı mənzildən başqa daimi yaşayış yerinə köçməklə ailə üzvləri ilə birlikdə həmin vaxtdan mübahisəli mənzildə yaşamamalarını əsas göstərməklə cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək mənzilə dair İddiaçı1 ilə bağlanmış 01 dekabr 2017-ci il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. 2018-ci ilin aprel ayında N oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bacısı İddiaçı1 1977-ci ildən 6 saylı mənzildə yaşamamasını və s. əsas göstərməklə istifadə hüququnun tanınması, İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin mənzilə olan qeydiyyatlarının ləğv edilməsi, istifadə hüquqlarına xitam verilməsi və İddiaçı1 ilə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs N oğlu kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ona münasibətdə ləğv edilməsinə və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs N və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçıların vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməmə sini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə N oğluna aid hissədə ləğv edilərək iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qətnamə yalnız N tərəfindən mübahisələndirilməklə onun tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin yalnız ona münasibətdə ləğv edilməsi tələb olunduğundan, kollegiya yalnız ona münasibətdə qətnamənin qanuniliyini yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Əbdüləhəd Əliyevin iddiası qismən təmin olunduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə həmin hissədə ləğv edilərəkNin iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385, 387-ci maddələrində məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsinin əsasları müəyyən olunmuşdur. Qanunun həmin normalarının mənası və mahiyyəti ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız qanunda nəzərdə tutulmuş əsaslardan birinin və ya birneçəsinin mövcud olmasını müəyyən etdikdə qətnaməni ləğv edib MPM-nin 384-cü maddəsində müəyyən olunmuş səlahiyyətlərindən istifadə etməklə ya qətnaməni dəyişdirmədən, ya qətnaməni qismən və ya tamamilə ləğv edib birinci ins tansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, ya qətnaməni dəyişdirə, ya da qətnaməni tamamilə və ya qismən ləğv etməklə iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. (385.2) İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iş üzrə yeni qətnamə qəbul edərkən gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, qətnaməni Azərbaycan Respublikası MPM-nin 217, 218 və 220.4-cü maddələrinin tələblərinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (217.2). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3). Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyə n edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qəbul edilmiş qətnamə yoxlanılan hissədə qanunun yuxarıda göstərilən normalarının və Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarının tələblərinə cavab vermədiyindən, kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azər baycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 aprel 2019-cu il tarixli qətnaməsi N oğluna aid hissədə ləğv edilsin, iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar