Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-533/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5476/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Tərə flər 11 noyabr 2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Onların birgə nikahından 17 noyabr 2012-ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X2 adında uşaqları anadan olmuşdur.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 09 aprel 2011-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, mənzil 15 İddiaçı xüsusi mülkiyyətindədir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)-1023/2021 saylı qətnaməsi ilə Cavabdeh, 17 noyabr 2012-ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X1 qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının tanınması, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 17 noyabr 2012-ci il təvəllüdlü X3 v ə 20 aprel 2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(011)-633/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış nikahın pozulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17 noyabr 2012-ci il təvəllüdlü X3, 20 aprel 2014-cü il təvəllüdlü X2 və cehiz əşyaları (1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo) ilə birlikdə iddiaçın ın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər valideynləri ilə birlikdə atasının mülkiyyətində olmuş ünvan 1 ünvanında yaşamışdır. 2011-ci ilin aprel ayında iddiaçının atası sözügedən mənzili satdıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilini almışdır. Valideynləri yaşlı olduğuna görə yeni alınmış mənzili iddiaçının adına rəsmiləşdirmişlər. İddiaçı cavabdeh ilə 11 noyabr 2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. 2012-ci ilin fevral ayında iddiaçı cavabdehi mülkiyyətində olan mənzilə qeydiyyata aldırmışdır. Tərəflərin birgə nikahınd an 17 noyabr 2012-ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər evliliklərinin ilk vaxtlarında mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında mübahisələr yaranmağa başlamış, bu səbəbdən cavabdeh uşaqları da götürərək evi tərk etmişdir. Cavabdeh son dəfə 22 iyun 2020-ci il tarixdə övladları ilə birlikdə yaşadıqları mənzili tərk edərək atası evinə getmiş, bir daha geri qayıtmamışdır. Lakin cavabdehə məxsus cehiz əşyaları: 1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo iddiaçının mülkiyyətində olan mənzildə qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(011)-633/ 2021 saylı qətnaməsinə əsasən tərəflərin arasındakı nikah pozulmuşdur.
7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim: A.Həsənova) e-2(011)-2986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, hazırkı halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Cavabdehin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)- 1023/2021 saylı qətnaməsi ilə istinad edilən mənzilə istifadə hüququnun olması müəyyən edilmiş olsa da, həmin qətnamənin qanuni qüvvəsini almasından sonra tə rəflər arasında nikah münasibətlərinə xitam verilmiş və cavabdehin istifadə hüququnun tanınmasına əsas olan hal aradan qalxmışdır. Belə ki, cavabdeh artıq iddiaçının ailə üzvü deyildir. Belə olan halda cavabdehin hər hansı hüququnun mövcud olmadığı üçün iddiaçıya məxsus mənzildən çıxmaması iddiaçının mülkiyyətçi kimi hüquqların pozur. Odur ki, iddiaçı cavabdehin azyaşlı uşaqları ilə və əşyaları ilə birlikdə ona məxsus evdən çıxarılmasını tələb etməkdə haqlıdır.
10. Məhkəmə tərəflərin azyaşlı uşaqlarının mənzildən çıxarılması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, birgə nikahdan doğulmuş 17 noyabr 2012-ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz anaları iş üzrə cavabdeh mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ü nvana qeydiyyata alınmışlar.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, həmin Məcəllənin 30.2 və 30.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Ca vabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, ailə qurduqları vaxtdan cəmi bir neçə ay əvvəl alınmış, həyat yoldaşına məxsus olan, ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışdılar. Həmin mənzil alınarkən təmirsiz vəziyyətdə olmuş (yəni təmiri olduqca köhnə olmuşdur), birgə nikah dövründə əsaslı şəkildə təmir işləri aparılmışdır. Onlar arasında müəyyən vaxtlar narazılıqlar olsa da Cavabdeh övladların xatirinə ailənin qorunub saxlanılmasına çalışmışdır. Lakin heç bir səbəb göstərilmədən məcburi şəkildə iki övladı ilə birlikdə həmin mənzildə yaşamaqlarına iddiaçı və onun anası tərəfindən maneçilk yaradı lmış, aralarındakı nikahın pozulmasına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh nikahın pozulmasına da razı olmamışdır. Mübahisəli mənzilə köçürülmə ilə bağlı məhkəməyə iddia ərizəsi vermiş, eləcə də nikahın pozulmasını mübahisələndirmişdir. Belə ki, iki oğlan uşağı onun himayəsində olmuşdur. Hesab etmişdir ki, gələcəkdə onların şəxsiyyət kimi formalaşmalarına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq o 2011-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, yuxarıda qeyd edilən kimi mənzili birgə nikah dövründə əsaslı şəkildə təmir etmişdilər, o da işləyib, qazancını son qəpiyinə kimi ailəsinə xərcləmişdir. Övladları orada doğulub. Bu qədər müddət ərzində həm evdə, yoldaşının ata-anası ilə birlikdə yaşamış, həm də əmək fəaliyyəti göst ərmişdir. Mənzilin abadlaşması üçün onun da vəsaitindən istifadə olunmuşdur. Həmin mənzildən istifadə etmək, öz övladları ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. Bu məhkəmə qətnaməsi ilə də öz əksini tapmışdır. Belə ki, onun mübahisəli mənzilə köçürülməsi ilə bağlı qaldırdığı iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, həin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Cavabdeh məxsus olan bütün cehiz əmlakları həmin mənzildə yerləşir. Lakin məhkəmə öz qətnaməsində həmin əşyaların yalnız iddiaçının göstərdiyi hissəsini qeyd etmişdir. Halbuki, Cavabdeh məxsus olan məhkəmə qətnaməsində əks olunmayan cehiz əşyaları, eləcə də birgə nikah dövründə Cavabdeh vəsaiti hesabına alınan əşyalar hazırda həmin mənzildə, iddiaçın ın və onun anasının istifadəsindədir. iddiaçı gəlin köçmüş, cehiz əmlakı aparmış və orada yaşamışdır. Gəlin köçdüyü gündən bu günə kimi o, həmin ünvanda övladları ilə birlikdə pasport qeydiyyatındadır. Həmin mənzilə köçürülmələri ilə bağlı məhkəmə qətnamələri mövcuddur. Mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. İddiaçının hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Həmin mənzildən övladları ilə birlikdə çıxarıldıqda konkret olaraq harada yaşayacaqları məlum deyil. Belə ki, o müvəqqəti olaraq bundan əvvəl mənzildən məcburi çıxarıldıqda anasına məxsus olan çox kiçik ölçüləri olan mənzildə qalmışdılar. Amma həmin mənzildə o və iki övladının daimi yaşamaq imkanı yoxdur. Belə ki, onun qardaşı da vardır. Bundan əlavə olaraq onun mənzildən çıx arılmalı olması qənaətinə gələn məhkəmə tərəflərin xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə birlikdə yaşayıb təsərrüfat idarə etmələrini nəzərə almamışdır. Ona görə də hesab edir ki, nikaha daxil olaraq iddiaçının mülkiyyətində olan sahəyə köçməklə və aralarında etibarlı ailə münasibətləri mövcud olduğundan iddiaçı mübahisəli mənzildən ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ əldə etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.A.Məmmədova sədrlik edən və məruzəçi, R.Ə.Eyvazov və F.F.Babayev) 26 sentyabr 2022-ci il tarixli, 2(103)5476/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(011)-2986/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iddia tələbi qismən təmin olunaraq Cavabdeh azyaşlı uşaqları 17 noyabr 2012-ci il təvəllüdlü X3, 20 aprel 2014-cü il təvəllüdlü X2 ilə və cehiz əşyaları (1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo) ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 1 (bir) il müddətinə istifadə hüququ saxlanılmaqla mübahisəli mənzildən çıxarılması qət olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi ilk olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində bildirir ki, mübahisəli mənzil alınarkən təmirsiz vəziyyətdə olmuş (yəni təmiri olduqca köhnə olmuşd ur), birgə nikah dövründə əsaslı şəkildə təmir işləri aparılmışdır. Həmçinin, Cavabdeh məxsus olan bütün cehiz əmlakları həmin mənzildə yerləşir. Lakin məhkəmə öz qətnaməsində həmin əşyaların yalnız iddiaçının göstərdiyi hissəsini qeyd etmişdir. Halbuki, Cavabdeh məxsus olan məhkəmə qətnaməsində əks olunmayan cehiz əşyaları həmin mənzildə qalmışdır.
16. Cavabdehin mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi olmadığını, cavabdehin hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri olmadığını, müvəqqəti olaraq bundan əvvəl mənzildən məcburi çıxarıldıqda anasına məxsus olan çox kiçik ölçüləri olan mənzildə qaldıqlarını, amma həmin mənzildə onun və iki övladının daimi yaşamaq imkanı olmadığını, onlardan əlavə onun qardaşı da olduğunu, heç yerdə işləmədiyini bildird iyini, bunu təkzib edəcək sübutlar iş materialları müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin 1(bir) il müddətə istifadə hüququ saxlanmaqla iddia qismən təmin olunmalıdır.
17. Məhkəmə mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına, Mənzil Məcəlləsinin 30.1. və 30.4.-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli, obyektiv, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun şəkildə araşdırılmamış və bu səbəbdən düzgün olmayan, əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır, ailə üzvü deyildir. Belə olan halda, cavabdehin hər hansı hüququ mövcud olmadığı üçün iddiaçıya məxsus mənzildən çıxmaması mülkiyyət hüququmun pozulması deməkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsində n istifadə hüququ saxlanılmır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatlara əhəmiyyət verməyərək, mülki işə baxarkən, hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparmamış, tərəflərin çəkişmə, bərabərlik prinsiplərini pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, düzgün olmayan, əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13, İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsi
24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı:
27. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasi bətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəl illərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5476/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.