Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5402/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ 10 oktyabr 2022-ci il İş № 2(102)-5402/22 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6141/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun azyaşlı övladları X1 və X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən, 127/131 evin 52 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını və həmin qətnamənin sonuncuların mənzil qeydiyyatından çıxarılması üçün əsas olmasına dair qeydin aparılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-1741/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qərardadı ilə (hakim K.Əmirxanova) tərəflər məhkəmə iclasında iştirak etmədiyi, nümayəndələrinin iştirakları təmin edilmədiyi və məhkəmə iclasında iştirak etməmələrinin üz ürlü hesab olunması barədə hər hansı sənəd məhkəməyə təqdim edilmədiyi üçün ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsi və işin icraatının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin 2(010)-1741/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qərardadı ilə məhkəmənin 16 may 2022-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Cavabdeh sonuncu qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelly asiya instansiyası məhkəməsi) 2(103)-6141/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yalnız Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. MPM işin baxılmamış saxlanılması barədə qərardadın ləğvi ilə əlaqədar çıxarılan qərardaddan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, belə qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, MPM-in 264.0.7-ci maddəsinin tələbinə zidd olaraq qəbul etdiyi qərardaddan şikayət verilməsi imkanının nəzərdə tutulduğunu göstərmiş, eləcə də, verilmiş şikayətə baxaraq həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Cavabdeh (Vəkil2) həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti 09 sentyabr 2022-ci il tarixli qərardadla icraata qəbul olunmuşdur Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti icraat a səhv qəbul edildiyindən və 402-ci maddəsinin tələblərinə cavab vermədiyindən, kassasiya şikayətinin icraata qəbulu barədə qərardad ləğv edilməli və mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmişdir. MPM-in 402-ci maddəsində apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilməsi mümkünlüyü apellyasiya instansiyası məhkəmələri tərəfindən həmin məsələlərin həlli zamanı yol verilmiş səhvlərin aradan qaldırılması, habelə apellyasiya baxışı yol verilən məsələlər üzrə işdə iştirak edən şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədlərinə xidmət edir. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərardadı apellyasiyanın qeyri-mümkün hesab edilməsi ilə bağlı olsa da, birinci instansiya məhkəməsinin 2(010)-1741/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qərardadından MPM-də ümumiyyətlə şikayət verilməsi nəzərdə tutulmamış, apellyasiya şikayəti məhz həmin əsasla qeyri-mümkün hesab edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin 18 avqust 2022-ci il tarixli qə rardadından kassasiya şikayəti verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanları nəzərə alaraq və MPM-in 402.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6141/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qə rardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-5402/22 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5402/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5402/2022
10.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver