Məhkəmə qərarları › İş №2(102)-5533/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5533/2022

28.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5533/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1160/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35, mənzil 40 (bundan sonra – mübahisəli mənzil) Cavabdeh3 Bayram oğlunun mülkiyyətində olmuşdur.

2. Hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 sonuncunun oğlu X2 ilə 1992-ci ildə nikaha daxil olaraq, mübahisəli mənzilə köçmüş, onların birgə nikahlarından hazırkı iş üzrə digər cavabdehlər olan xx.xx.1992-ci il təvəllüdlü Şiriyeva (Mədətova) Dinarə Ruslan qızı və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3 doğulmuşdur.

3. X2 2007-ci ildə, Cavabdeh3 Bayram oğlu 2013-cü ildə ölmüşdür.

4. Cavabdeh3 Bayram oğlundan miras qalmış mübahisəli əmlaka dair vərəsəlik haqqında şəhadətnamə ilə miras qoyanın arvadı İddiaçı (bundan sonra - iddiaçı), oğlanları X3 və X4 həmin mənzildən bərabər payda irs almışlar. 5. 11.08.2014-cü il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən X3 və X4 miras əmlakda olan paylarını iddiaçıya bağışlamışlar.

6. Mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan X1 mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslan dırmışdır ki, mərhum oğlu və gəlini faktiki olaraq ayrıldıqdan sonra, Ruslan onun yanına, mübahisəli mənzilə qayıdaraq orada yaşamağa başlamış, Solmaz isə uşaqları ilə birlikdə öz valideynlərinə məxsus Ceyranbatan qəsəbəsi ərazisində yerləşən evdə yaşamağa başlamışlar. Oğlu vəfat edəndən sonra Solmaz bir dəfə yas mərasimində iştirak etmək üçün həmin evə gəlmiş, hazırda cavabdehlərin mübahisəli mənzilə hər hansı bir bağlılıqları yoxdur, həmin mənzildə onlara aid heç bir əşya yoxdur. Onların mənzilə olan qeydiyyatı formal xarakter daşıyır.

9. Cavabdeh1 vəkili, Cavabdeh3 nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Cavabdeh3 son 1 ilə kimi həmin mənzildə yaşayıb, onun iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Mənzilə istifadə hüququna xitam verilməsindən təsadüfən xəbəri olmuşdur. Belə ki, qiyabi qətnamə icra olunmuş və cavabdehlər mənzildən qeydiyyatdan çıxarılmışlar. Daha sonra Cavabdeh3 qeydiyyatla bağlı iddiaçıya müraciət etmiş, iddiaçı onu yenidən mənzilə qeydiyyata salmışdır. Digər cavabdehlər mənzildən qeydiyyatdan çıxarıldıqları üçün heç bir yerə qeydiyyata düşməmişlər. Belə ki, əvvəllər yaşayış sahəsindən məcburi qeydiyyatdan çıxarılan şəxslər polis idarəsinin ünvanına daimi qeydiyyata düşürdülər. Lakin hal-hazırda bu ləğv olunmuşdur. Həmçinin Cavabdeh2 da qeydiyyatsız olduğu üçün alimenti ala bilmir. Cavabdehlər mübahisəli mənzildə yaşamasalar da qeydiyyatsız qalmaları onların qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instans iya məhkəməsi) 2(060)-144/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər mübahisəli mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə getmişlər və onların mübahisəli mənzildə əşya və əmlakları yoxdur. Bu səbəbdən onların mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün tam qanuni əsaslar vardır

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.4, 220.5, 228.1, 228.2-ci, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60-cı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2-ci maddələrinə, Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 2001 il 27 iyul tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən onların daimi yaşayış yerinin, heç birinin mənzilinin, evinin olmamasını, həmçinin qeydiyyata düşəcək ünvanlarının olmamasını nəzərə almamışdır. Münasibətlər yaranan vaxtdan mənzilin hüquqi rejimi araşdırılmamışdır. Məhkəmə hətta 28 noyabr 2014-cü il təvəllüdlü Mədətli Teyyubun da istifadə hüququnu itirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına göstərilən sübutlarla təsdiq edilməli və ya qeyri-mötəbər, ziddiyyətli aydın şəkildə izah verilməlidir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1160/22 nömrəli iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Telman Quliyev və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yetkinlik yaşına çatmayan xx.xx.2014- cü il təvəllüdlü X1 mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması hissəsində iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4, maddələrinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi hüquq normalarının tələblərini pozmuş, nəzərə almamışdır ki, cavabdehlər nəinki mənzildə yaşamaq, hətta qeydiyyat hüququndan da məhrum olmuşlar. Halbuki, bu maddi normaya əsasən ailə üzvü kimi onların mübahisəli mənzildə icarədarla, mülkiyyətçi ilə eyni hüquqlardan istifadə etməklə yaşayış və qeydiyyat hüquqları vardır. Cavabdehlər mübahisəli mənzilə ailə üzvü kimi köçürüldükləri andan mülkiyyətçinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malik olmuşlar. Cavabdeh3 öləndən sonra qardaşı Zaur Şiriyev mənzili öz adına keçirib onları mənzil hüququndan məhrum etmək istəyir. Cavabdehlərin başqa daimi yaşayış yerləri yoxdur, iddiaçı belə bir sübutu məhkəməyə təqdim etməmişdir. 1-ci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası qətnamədə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarına (123, 53-cü maddələri) istinad etsə də, sonda həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanıldıgını qeyd edərək həmin mübahisəli mənzilə istifadə hüquqlarını itirir. Cavabdehlərin qeydiyyatdan çıxarılmaları onların bir çox məsələlərdə hüquqlarını məhdudlaşdırır. 1-ci instansiya məhkəməsi kimi, apellyasiya instansiya məhkəməsi də bu maddi normanı tətbiq edərək iddianı rədd etməmişdir. Konstitusiya Məhkəməsinin qərarına əsasən icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Apellyasiya instansiya məhkəməsi xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü maddələrini səhv təfsir etmiş, tətbiq etməli olduğu Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60- cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarının 2-ci bəndini tətbiq etməmiş, sonda belə bir qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneəl ər əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

24. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümum i təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

25. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

26. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hes ab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı

27. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əs aslandırılmalıdır. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdehlər kassasiya şikayəti verdiklərindən həmin məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

41. Nəzərə alınmalı dır ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının yarandığı hazırkı iş üzrə mübahisə (sübutetmə) predmeti olmamış, məhkəmələr cavabdehlərin uzun illər əvvəl daimi yaşamaq üçün başqa yerə köçdüklərini müəyyən edərək, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasın onların mənzilə istifadə hüquqlarının itirilməsi barədə iddianı təmin etmişlər.

42. Həmçinin cavabdehlər iddiaya etirazlarını, apellyasiya və kassasiya şikayətlərini mənzilə istifadə hüquqları itirildiyi üçün deyil, qəbul edilmiş məhkəmə aktlarının icrası nəticəsində mənzildən qeydiyyatdan çıxarıldıqları üçün hüquqlarının pozulduğu ilə əsaslandırmışlar. Halbuki istifadə hüququnun itirilməsi barədə iddianın əsaslılığı müəyyən edildiyi halda həmin dəlil özü-özlüyündə iddianın təmin olunmasına mane ola bilmə z.

43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1160/2022 nömrəli mülki iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar