Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5587/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5587/21 (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, evin boşaldılması) Bakı şəhəri, 06 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, evin boşaldılması” tələbinə dair mül ki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-553/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqlarına xitam verilməklə evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 mülkiyyətində olan iki otaqlı, sahəsi 91,3 kvadrat metr olan evi 23 aprel 2017-ci ildə alqısatqı müqaviləsi əsasında iddiaçıya satmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2399A saylı bağ evi iddiaçının mülkiyyətinə keçmişdir.
4. Alqı-satqı müqaviləsinə görə yeni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən etibarən 1 (bir) ay ərzində mənzili satan şəxs və onunla yaşayan ailə üzvləri və digər şəxslər mənzili boşaltmalı və qeydiyyatdan çıxmalıdır. Buna baxmayaraq hazırkı vaxta qədər cavabdehlər tələb olunmasına baxmayaraq, qeydiyyatdan çıxmamış və mənzili boşaltmamışlar
5. İddia tələbinin əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.1 və 157.2-ci maddələrinə istinad etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməs inin 2(060)-853/2020 nömrəli, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqlarının itirilmiş hesab olunması, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməsi, hazırkı qətnamənin göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. (hakim Emin Abdullayev )
6. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, cavabdeh 23.04.2017-ci il tarixdə mübahisəli evi iddiaçıya satmış və "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 mübahisəli evi 23 aprel 2017-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsinə əsasən iddiaçıya satıb. Həmin müqavilənin 2.2.5-ci bəndinə görə alıcı tərəfindən evin dəyəri ödənildikdən sonra satıcı evi alıcıya təhvil verməlidir. Müqavilənin bağlanmasından üç ilə yaxın müddət keçsə də, cavabdehlər evdən qeydiyyatdan çıxmamış və evi iddiaçıya təhvil verməmişlər.
8. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olmalar iddiaçının mənafeinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olduğundan iddia təmin edilməli, cavabdehlərin mübahisəli evə istifadə hüquqları itirilmiş hesab edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.3, 157.1 və 157.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayətinin dəlilləri: - sözügedən fərdi evin alınması üçün tələb olunan ilkin məbləği cavabdeh ödəmişdir, lakin iddiaçı cavabdehi aldatmış, mənzildə yaşamasına ilkin olaraq razılıq versə də, sonradan imkan verməmişdir; - bütün ödənişləri cavabdeh özü edib və ödəniş çeklərini məhkəmə iclasında iştirak edə bilmədiyi üçün təqdim edə bilməmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-553/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkə məsinin 10 mart 2020-ci il tarixli, 2(060)-853/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə, yəni cavabdehlərin ailə üzvlərinə münasibətdə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova, (sədrlik edən və məruzəçi) Gülnarə Tağızadə, Telman Quliyev)
13. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152.1, 152.3 və 152.5-ci maddələrinə istinadən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edərək onların ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqlarının itirilmiş hesab olunması, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
14. Apellyasiya məhkəməsi cavabdehin ilkin ödənişinin onun tərəfindən edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, göstərib ki, mübahisəli mənzil cavabdehlər tərəfindən iddiaçıya alqı-satqı yolu ilə satılıb. Eyni zamanda banka olan ödənişlərin cavabdeh tərəfindən ödənilməsinə dair hər hansı sübut mövcud deyildir.
15. Bununla yanaşı apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi cavabdehlərin ailə üzvlərinin də ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqlarının itirilmiş hesab olunması qənaətinə gəlməkdə haqlı olmamışdır. Çünki iddia tələbində cavabdehlərin ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılması göstərilsə də, iddiaçı cavabdehin ailə üzvlərinin kimlərdən ibarət olması barədə hər hansı məlumat verməmiş, həmin şəxsləri cavabdeh qismində göstərməmişdir.
16. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi də bu halı araşdırmamış, cavabdehlərin ailə üzvlərini dairəsini müəyyən etməmiş, onların məhkəmə iclasında iştirakına şərait yaratmamış, nəticədə cavabdeh qismində qoyulmayan şəxslər barəsində onların hüquqlarını pozan qətnamə çıxarmışdır. Bu da qətnamənin cavabdehlərin ailə üzvlərinə aid hissədə ləğvi üçün əsasdır.
17. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, qətnamə cavabdehlərin ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edi lməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh Cavabdeh2 (Vəkil2 oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya baxışında iştirakları təmin edilməyib; - mübahisəli ev cavabdehlərin vəsaiti ilə tikilib, alqı-satqı və ipoteka müqaviləsi formal olaraq iddiaçının adına rəsmiləşib. Mənzilin bütün ödənişlərini cavabdehlər edir; -apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlillərinə qiymət verməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassas iya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiy ası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələ b edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilir. İddianın təmin edilməyən hissəsindən isə şikayət verilməyib. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəmə si tərəfindən tam qiymət verilib.
26. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
27. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsi və evin boşaldılması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, ev onun xüsusi mülkiyyətindədir.
28. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir cavabdeh mübahisəli evi 23.04.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən iddiaçıya satıb, iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.
29. Göründüyü kimi, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və boşaldılması tələb edilə ev iddiaçının mülkiyyətindədir. Mülkiyyətçinin isə ona mənsub əmlaka öz istədiyi kimi sahib olma q, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır, bu hüquq dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
31. Bu baxımdan, iddianın təmin edilən hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya baxışında cavabdehlərin iştirakının təmin edilməməsi barədə kassasiya şikayətini dəlillərini əsassız sayır. Belə ki, işdən görünür ki, apellyasiya baxışında cavabdehə onun öz ərizəsində yaşadığı kimi göstərdiyi və rəsmi qeydiyyat ünvanı üzrə məhkəmə bildirişləri göndərilmiş, poçt zərfləri həmin ünvana xidmət edilməməsi səbəbi ilə geri qaytarılmışdır. (i.v. 52, 62, 66)
33. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
34. Bununla da apellyasiya baxışında cavabdehlərin iştirakının təmin edilməməsi barədə dəlil iş materialları ilə təkzib edilir və məhkəmə kollegiyası bunu prosessual pozuntu hesab etmir. Çünki apellyasiya məhkəməsi bildirişləri prosessual qanunvericiliyə uyğun olaraq cavabdehin rəsmi, həmçinin cavabdehin özünün də göstərdiyi kimi yaşadığı ünvan üzrə göndərib. Həmin bildirişlərin cavabdehə çatmaması məhkəmənin öz prosessual vəzifəsini yerini yetirməməsi kimi qiymətləndirilə bilməz.
35. Həmçinin Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
36. Mənzilin bütün ödənişlərinin cavabdehlər tərəfindən ödənilməsi barədə dəlillərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilməməsi barədə kassasiya şikayətini dəlilinə gəldikdə, qətnamədən görünür ki, apellyasiya məhkəməsi həmin dəlilə qiymət verib və göstərib ki, əvvəla, mübahisəli mənzil cavabdehlər tərəfindən iddiaçıya alqı-satqı yolu ilə satılıb. Eyni zamanda banka olan ödənişlərin cavabdeh tərəfindən ödənilməsinə dair hər hansı sübut mövcud deyildir. (hazırki qərarın 14-cü bəndi)
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilə n hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 İbadulla qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-553/2021 nömrəli 09 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.