Məhkəmə qərarları › İş №2(102)-559/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-559/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-559/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxoğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)1740/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respub likası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: “xxxx” MMC, həmin MMC-nin “xxx” filialı və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 8,75 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 17,5 ton xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı cavabdehə 5711,20 manat məbləğində avans vəsaiti ödəmişdir. Cavabdeh iddiaçıya 548,00 manat məbləğində 1096,00 kq. Xam pambığı təhvil vermiş və onun avans vəsaitə görə ümumi borcdan 5163,20 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, 5163,20 manat əsas borcun, 1640,40 manat cərimə məbləğinin, cəmi 6803,60 manat borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıq məhsulu ilə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin son nəticədə cavabdeh 548,00 manat məbləğində 1096,00 kq xam pambığı təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Cavabdehin ümumi borcdan avans v əsaitə görə iddiaçıya 5163,20 manat borcu qalmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın birinci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 500 manatdır) 20 % həcmində cərimə ödəməlidir. Həmin hesabla cərimənin məbləği 1640,40 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına da cavab verilməmişdir. Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(056)-1671/2019 nömrəli qətnaməsi ilə (hakim N.A.Bağırov) iddia qismən təmin edilərək, 5163,20 manat əsas borcun, 10 manat cərimənin, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin, ümumilikdə isə 5188,20 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona göstərilmiş çiyid, dərman və gübrə səpini, kultivasiya və digər avans xidmətlərin 5711,20 manat məbləğində əvəzini 17,5 ton xam pambıq məhsulu istehsal edib, “xxx” filialına satmaqla qaytarmaq öhdəliyini götürsə də, üzərində götürdüyü öhdəliyi tam və lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə istinad edərək cərimə məbləğini azaltmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(056)-1671/2019 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)1 740/2020 nömrəli qətnaməsi ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.B.Kərimovdan və Z.B.Babayevdən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(056)-1671/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, borclu Cavabdeh xx xxxxxx 2016-ci il tarixli müqaviləyə əsasən kreditor “xxxx” MMC qarşısında götürdüyü öhdəliyi icra etmədiyinə görə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1740/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin formal bəndlərinə istinad edərək, cavabdehin apellyasiya şikayətini təmin etməmişdir. Belə ki, cavabdehin əkdiyi pambıq sahəsində məhsuldarlığın aşağı olması cavabdehin günahı olmamış, pambıq sahəsi suvarılmamış və bunun günahı aidiyyəti qurumlarda olm uşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçın vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil etmişdir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidm ətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabde hdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq tərəflər arasında bağlanmış müqavilə şərtlərinə istinad edərək, cavabdehin həmin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi qənaətinə gəlmiş və iddiaçının cavabdehə avans olaraq görülməli işlərə görə ödədiyi pulun qalıq hissəsini cavabdehdən iddiaçının xeyrinə tutmuşlar. Pambıq sahəsində məhsuldarlığın susuzluqdan aşağı düşməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası izah edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə isə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1740/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar