Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5592/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-nın cavabdeh X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faiz borcunun qaytarılması, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-nın cavabdeh X3 qarşı “faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4820/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC-nin Xaçmaz filialı ilə X5 arasında xx.xx.2006-cı il tarixli, 549/06 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 faiz tətbiq edilməklə, 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 2. xx.xx.2006-cı il tarixli kassa məxaric orderinin surətinə əsasən 101025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları X3 verilmişdir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olar aq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X3 dair sənədlər S-FK-XAÇ-56 saylı, 19 yanvar 2018-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC BOKT cavabdeh X3 qarşı “faiz borcunun qaytarılması tələbinə” dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 faiz borcu üzrə 7956,02 ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə cavabdeh X5 arasında xx.xx.2006-cı il tarixdə, № 549/06 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 faiz tətbiq edilməklə, 12 ay müddətinə 101025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi X7ma ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh X2 banka hazırda olan borcu cəmi 7956,02 ABŞ dolları təşkil edir ki, bu faiz borcudur. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
6. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)3037/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Natavan Tağıyeva) iddianın rədd qlunması qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, kredit müqaviləsi 12 ay müddətinə, yəni 07 i yul 2006-cı ildən 07 iyul 2007-ci il tarixidək olan müddətə bağlanmışdır. İddia ərizəsi isə məhkəməyə 07 aprel 2020-ci ildə daxil olmuşdur.
9. Məhkəmənin mövqeyinə görə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. 07 iyul 2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 07 iyul 2007-ci ildə bitdiyindən iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci 07 iyul 2007-ci ildə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən sonra, yəni 07 aprel 2020-ci ildə daxil olmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2, 375.1, 375.2, 380.1 və 380.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)-3037/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, X5 tərəfindən kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2010-cu ildə, 139047 (yüz otuz doqquz min qırx yeddi) ABŞ dolları məbləğində kredit ödənişi icra edilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, b orcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
13. İşə baxılmanın apellyasiya mərhələsində cavabdeh X5 heç bir kredit müqaviləsini imzalamadığını, heç bir müqavilədən xəbəri olmadığını, pul almadığını bildiridiyindən məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq eskpertizası təyin edilmişdir. Ekspert vəsatətində qeyd olunan sənədlərin təmin edilməsi mümkün olmadığından ekspertizanın keçirilməsi baş tutmamışdır.
14. İddiaçı QSC BOKT tərəfindən bildirilmişdir ki, ekspert vəsatətində göstərilən sənədlərin əsilləri 30 dekabr 2015-ci il tarixli “sübut ə həmiyyətinə malik ola biləcək əşyaların götürülməsi haqqında” protokolla Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin istintaq şöbəsində aparılan ********* nömrəli cinayət işi üzrə təhvil alınmışdır. Məhkəmə tərəfindən cinayət işi üzrə təhvil alınmış kredit müqaviləsinin əsli tələb edilmişdir.
15. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə bildirilmişdir ki, istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli, 7040 nömrəli rəyinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmiş və qeyd olunmuşdur ki, hazırda cinayət işi üzrə "xxxx" ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyatı şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam et dirilir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2016-cı il tarixli, № 7440 nömrəli ekspert rəyinə əsasən X5 ilə Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Ocaqov” soyadı və onun qarşısındakı imza, eləcə də bankdan 101025 ABŞ dolları məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” qarşısındakı imza filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X6 tərəfindən icra olunmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4820/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(006)- 3037/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
18. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, X5 ilə Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Ocaqov” soyadı və onun qarşısındakı imza, eləcə də bankdan 101.025 ABŞ dolları məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” qarşısındakı imza cavabdeh X5 tərəfindən icra edilmədiyindən, Gülnaz Ocaqovanın iradə ifadəsi mövcud olmamış, o, Bank qarşısında həmin müqavilə üzrə üzərinə hər hansı öhdəlik götürməmiş, həmin müqavilə üzrə tərəf olmamışdır.
19. Məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisələndirilən kredit müqaviləsi əhəmiyyətsiz əqddir. Buna görə də, iddia əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda iddia əsassız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verililməsinə lüzum yoxdur.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 337.1, 337.2, 337.3, 372, 377, 386.1, 389.1, 406.3 və 739.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 384, 385, 392 və 393-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı QSC BOKT (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qayt arılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, X5 tərəfindən kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2010-cu il tarixində 139047 (bir yüz otuz doqquz min qırx yeddi) ABŞ dolları məbləğində kredit ödənişi icra etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdehin banka faiz borcu üzrə 7956,02 ABŞ dolları məbləğində borcu qalmışdır və həmin borc ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Lakin məhkəmədə cavabdeh X5 heç bir kredit müqaviləsini imzalamadığını, heç bir müqavilədən xəbəri olmadığını və pul almadığını bildirmişdir. Apellyasiya məhkəməsi yalnız xx.xx.2016-cı il tarixli, 7040 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsaslanmaqla xx.xx.2006-cı il tarixdə, № 549/06 saylı K redit müqaviləsini əhəmiyyətsiz əqd kimi qiymət vermişdir. Hesab edirlər ki, məhkəmə həmin rəylə kifayətlənməli deyildir. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən hazırki iddia tələbinə qarşı birinci istansiya məhkəməsində qarşılıqlı iddia qaldırılmamış və müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, cavabdeh ilə birlikdə onun vəkili də birinci instansiya məhkəməsində iştirak etmiş, yetərincə özlərini müdafiə baxımından sübutların məhkəməyə təqdim edilməsinə imkanları olmuşdur. Bildirilir ki, cinayət işində hazırki iş üzrə cavabdeh nə zərərçəkmiş şəxs kimi, nə də şahid qismində tanınmamış, bundan başqa həmin iş üzrə ittihamedici hökmün qəbul edilməsi ilə bağlı məlumat yoxdur.
23. Ekspertiza rəyində göstərilən “Borc alan” qarşısındakı imzanı icra edən filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X4 iş üzrə məhkəmə prosessinə dəvət etməmişdir. Halbuki, həmin şəxsin izahatı məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət daşıyacaqdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, kredit müqaviləsi üzrə borcun müəyyən məbləği ödənilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyat a keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir
27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
29. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
31. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nətic ələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiy ası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirdiyi hissələrlə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmin hallar işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən aparılmış araşdırmalarla öz təsdiqini tapmamışd ır.
47. Bununla yanaşı, kassasiya şikayəti işin faktiki halları ilə bağlıdır ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Odur ki, kassasiya şikayəti dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
51. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Göstərilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Odür ki, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(103)-4820/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.