Məhkəmə qərarları › İş №2(102)-5627/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5627/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5627/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X2 və İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar X2 və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın yekunları barədə protokolun eti barsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4446/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(011)1318/2018 saylı qətnaməsi ilə cəmi 124465,44 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun X5 alınaraq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka predmetinə - X2 mülkiyyətində olan Sumqayıt şəhəri, X7 B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərind ə yerləşən bağ evinə yönəldilməsi, ilkin satış qiymətinin 235000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satılmasından əldə edilən vəsaitdən borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi, tutma yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra X4 və İddiaçı torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılmaları qət edilmişdir.

2. Qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə hərracın keçirilməsini Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nə (bundan sonra – hərracın təşkilatçısı) həvalə edilmişdir.

3. Hərracın təşkilatçısı birinci hərracın keçirilməsini ilkin satış qiyməti 235000 manat müəyyən edilməklə xx.xx.2019-cu il tarixə təyin etmiş, bu barədə tə rəflərə xx.xx.2019-cu il tarixli bildiriş göndərmiş (ipoteka qoyana bildiriş qeydiyyatda olduğu yer üzrə Xocalı şəhərinə göndərilmiş, bildiriş şəhər işğal altında olduğuna görə geri qaytarılmışdır), eyni zamanda hərracın keçirilməsi barədə "Birja Yenilikləri” qəzetində elan vermişdir.

4. Birinci hərrac baş tutmadığına görə təkrar hərracın keçirilməsi satış qiyməti 199750 manat müəyyən edilməklə xx.xx.2019-cu il tarixə təyin edilmiş, bu barədə tərəflərə xx.xx.2019-cu il tarixli bildiriş göndərilmiş, eyni zamanda hərracın keçirilməsi barədə "Birja Yenilikləri” qəzetində elan verilmişdir.

5. Təkrar hərrac da baş tutmamış və hərrac təşkilatçısı ipoteka predmetinin əldə olunması barədə xx.xx.2019-ci il tarixli təklif göndərmiş, ipoteka saxlayan ipoteka predmetini 149812,50 manata əldə etmiş, "x xxx" ASC ilə hərrac təşkilatçısı arasında hərracın yekunları barədə 28 iyun 2019-cu il tarixli, 42/05 saylı protokol tərtib olunmuşdur.

6. İddiaçılar Xocalı şəhərindən məcburi köçkün olmaqla orada qeydiyyatdadırlar, lakin faktiki olaraq Sumqayıt şəhəri, X7, 8-3136 ünvanında yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, X7, 8-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə dair "xxxx" MMC-nin hərracın nəticələrinə dair 28 iyun 2019cu il tarixli, 42/05 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər nə iddiaçıya, nə də digər cavabdeh X3 təqdim olunmamaqla yanaşı, "İpoteka haqqında" və "İcra haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri pozulmuşdur. Qanuna əsasən hərracın keçirilməsi ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata həvalə edilə bilər. Lakin icra məmurunun ipoteka saxlayan və iddiaçıya 5 ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi ilə bağlı təklif göndərməsi barədə sübut yoxdur. Bundan başqa, hərraca çıxarılmış fərdi yaşayış evi onların yeganə yaşayış yeridir, həmin fərdi yaşayış evində o və digər borclu X1 başqa iki oğlu, iki gəlini və yeddi nəvəsi də qeydiyyatda olmaqla yaşayırdılar. Tutmanın həmin evə yönəldilməsi, onların ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması, kirayədə yaşamaq məcburiyyətində qalmalarına, konstitusion hüquqlarının pozulmasına səbəb olur. Onların maliyyə vəziyyəti olduqca ağırdır. Özü Qarabağ müharibəsi əlilidir və Xocalı şəhərindən məcburi köçkündür. Atası və iki qardaşı Qarabağ müharibəsində şəhid olmuşlar.

9. Məhkəmə tərəfindən X4 mülki iş üzrə iddiaçı qismində cəlb edilmişdir.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1348/2022 saylı, 0 6 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, X7 B-3136 ünvanında 0.12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi "İcra haqqında” Qanunun, "İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Hərrac təşkilatı icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun ola raq tələbkara təklif olunmuşdur.

14. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlar əsasında müəyyən etmişdir ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Hərrac təşkilatçısı tərəfindən bildirişlər göndərilmiş, hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. "İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda "Birja” qəz etlərində elanlar verilmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus mənzil kreditin qaytarılmasının təminatı kimi 2015-ci ildən bank qarşısında yüklü olmuş, mənzilə tutma yönəldilməsi haqqında qətnamə 16 aprel 2018-ci ildə qəbul olunsa da, hərrac bundan 1 il sonra - 2019-cu ildə keçirilmişdir. İddiaçılar hərrac keçirilənədək ötən müddət ərzində kredit borcunun ödənilməsi, kredit üzrə tutmanın əmlaka yönəldilməsinin qarşısını almaq istiqamətində hər hansı cəhdlər etməmiş, qətnamənin icrasının gedişi ilə də maraqlanmamışlar. Belə ki, onlar hərracla bağlı icra məmuruna faktiki ünvanlarını təqdim edə, keçiriləcək hərracın vaxtı və yeri ilə bağlı məlumat əldə edə bilərdilər.

16. Məhkəmə eyni zamanda iddia tələbinin “beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırı lmış təşkilata hərracın keçirilməsinin sifariş edilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh təşkilatın 5 ildən az fəaliyyət göstərməsi, eyni zamanda iddiaçılar tərəfindən icra məmuru tərəfindən sifariş verilərkən ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşmalarına dair icra məmuruna müraciət etmələri iş materiallarından müəyyən edilmir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.2, 217.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, "İpoteka haqqında” Qanunun 41, 42-ci, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 62.2-ci maddələrinə, «"İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarına, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı X4 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə onun dəlillərinə qiymə t verməmiş, yalnız onu qeyd etməklə kifayətlənmişdir ki, cavabdeh təşkilatın 5 ildən az fəaliyyət göstərməsi, eyni zamanda icra məmuru tərəfindən sifariş verilərkən ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşmalarına dair icra məmuruna müraciət etmələri iş materialları ilə müəyyən olunmur. Hərrac təşkilatı ipoteka qoyan kimi onun hərracın keçirilməsində iştirakını təmin etməməklə alıcı qismində iştirakına maneəçilik törətmiş, məhkəmə isə qətnamə qəbul edərkən bu maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə qətnamədə qeyd edir ki, guya xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə ona və digər İddiaçı bildirişlər göndərilmişdir. Əslində onlara ünvanlanmış bildirişlər “Xocalı işğalda” sözləri yazılmaqla geri qaytarılmışdır. Onlar Xocalı şəhərindən məcburi köçkündürlər. Hərrac təşkilatı da bilirdi ki, onlar məcburi köçkün kimi Sumqayıt şəhəri X7 B-3136 ünvanında məskunlaşıblar. Bu barədə hərracın keçirilməsini sifariş edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin əməkdaşları da bilirdilər. Deməli onlara düşünülmüş şəkildə hərrac barədə məlumat verilməmişdir. Məhkəmə isə qətnamədə onlara guya bildirişlərin göndərilməsini qeyd etməklə kifayətlənmiş, həmin bildirişlərin üzərində “Xocalı işğalda” qeydinə ümumiyyətlə toxunmamış, qanunsuz keçirilən hərraca haqq qazandırmağa çalışmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4446/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ed ilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlətin yeni tarixinin qan yaddaşı olan Xocalı şəhərinin işğalda olması hamıya bəlli olan haldır və bu ünvana məktubun göndərilməsi hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilməlidir. Qanunvericilikdə təsbit edilmiş prosedur çərçivəsində iddiaçıya məlumatın verilməsi barədə məlumatlar öz təsdiqini tapmamış, hərracın keçirilməsi üçün müəyyən edilən qanunvericiliyin tələblərinə cavab verməmişdir. Cavabdehlər sübutetmə yükü üzrə iddiaçının dəlillərini təkzib edən sənədlər (sübutlar) təqdim etməmiş, məhkəmə qeyd edilənləri düzgün təfsir etməmiş və məhkəmə aktını mötəbər olmayan sübutlarla əsaslandırmışdır.

22. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, fərdi yaşayış evinin hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilərək ləğv edilməli, ondan irəli gələrək, əmlakın yenidən qiymətləndirilməsi və hərrac yolu ilə satışı təşkil edilməlidir (bunlar müvafiq qeydiyyatların da ləğvinə əsasdır).

23. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Qanunun 51.1, 53.2, 61, 62-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-10-cu, Mülki Məcəllənin 152-158, 415, 416-cı, “İpoteka haqqında” Qanunun 39, 41-46-cı, Mülki Prosesual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Üçüncü şəxs "xxxx" ASC (Vəkil2) kassasiya şi kayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 42.1-ci normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, cavabdeh hərrac təşkilatı qanunvericiliyin tələblərinə əsasən hərracın keçirilməsinə dair “Birja” qəzetlərində elanlar vermiş, borcalana və ipotekaqoyana sifarişli poçt göndərişi (məktub) ilə bildiriş göndərmişdir. Yəni cavabdeh qanunla üzərinə düşən öhdəliklərini tam icra etmiş, heç bir pozuntuya yol verməmişdir. Bildirişin ipotekaqoyana çatdırılması barədə hərrac təşkilatının üzərinə qanunvericilikdə heç bir öhdəlik qoyulmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə cavabdehin və üçüncü ş əxsin iştirakını təmin etmədən birinci məhkəmə baxışında tələsik yekun qərar qəbul etmişdir.

27. Qanunvericiliyin tələblərinə əsasən hərracın keçirilməsi barədə hərrac təşkilatçısı tərəfindən elanın dərc etdirilməsi, ipoteka qoyana bildirişlərin göndərilməsi kifayət edir, əgər bu hallara riayət olunmuşdursa hərracın nəticələrinin ləğv olunması üçün əsas yoxdur. Eyni zamanda həmin qərarlarda göstərilmişdir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyində də qeyd edilir ki, Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göst ərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın ke çirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

30. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

31. Maddə 416.1 Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

32. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun

33. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

34. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt gön dərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

35. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlay an və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər.

36. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəx s tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-6-cı paraqraflarında qeyd olunmuşdur. İddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir.

48. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə sözügedən Qanunun 44 və Mülki Məcəllənin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur.

49. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddianın təmin olunması üçün “İpoteka haqqında” qanunun 42.1 və 44-cü maddələrində nəzərdə tutulmuş dispozisiya şərtləri olduğunu müəyyən edərək, iddianın təmin olunması barədə nəticəyə gəlmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

51. Belə ki, “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxsən, o cümlədən ipoteka saxlayan və ipo teka qoyan şəxsin hərracda alıcı qismində iştirak etmək hüququ vardır. Buna görə də qanun həmin şəxslərə hərracın vaxtı və yeri barədə məlumat verilməsini tələb edir. Lakin hərracın təşkilatçısı ipoteka saxlayana hərracın tarixi barədə bildirişdə onun yaşadığı ünvanı deyil, qeydiyyatda olduğu ünvanı – işğal altında olmuş Xocalı şəhərini qeyd etmiş və şəhər işğalda olması səbəbindən hər dəfə bildirişlər geri qaytarılmış, nəticədə ipoteka qoyanın hərrac barədə ümumiyyətlə məlumatı olmamışdır.

52. Bildirişin ipoteka qoyanın yaşamadığı ünvana - işğal altında olması hamıya bəlli olan Xocalı şəhərinə göndərilməsi, bildirişin göndərilməməsinə bərabərdir. Bu isə hərracın keçirilməsi qaydalarının pozulması deməkdir və Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş hüquqi nəticəyə səbəb olur.

53. Nəzərə alınmalıdır ki, hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsi, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə dönmədən əməl olunmalıdır. Baxılan işdə ipoteka qoyana hərraclar barədə məlumat verilməyib və hərrac təşkilatçısı hüquqi müəyyənlik prinsipini pozmuşdur. Nəticədə isə ipoteka qoyan “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir.

54. Kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən işə birinci məhkəmə baxışında tələsik yekun qərar qəbul edilməsi barədə dəlili qətnamənin ləğvi üçün əsas təşkil etmir. Çünki məhkəmənin yekun qərarı birinci məhkəmə baxışında çıxarmasını istisna edən (qadağanedici) norma yoxdur.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4446/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar