Məhkəmə qərarları › İş №2(102)-5694/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5694/2022

14.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqaviləl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5694/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(105)261/2022 nömrəli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 02 iyul 2014-cü il tarixli kredit müqaviləsi ilə Cavabdeh3 tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 06% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 250000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 Cavabdeh3 ilə bağladığı 02 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi ilə mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən: a) 29000 manat dəyərində 1,6807 ha, b) 44000 manat dəyərində 2,527 ha, c) 35000 manat dəyərində 2,0216 ha və d) 31000 manat dəyərində 1,7689 ha torpaq sahələrini ipoteka ilə yüklü etmişdir.

3. Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3-nin iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada Cavabdeh3 xeyrinə 02 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 217627,24 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan 29000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsinə, 44000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsinə, 35000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsinə və 31000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsinə yönəldilməsi, əmlaklar açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldil məsi, ipoteka predmetləri hərracda satıldıqdan bir ay sonra Cavabdeh1 həmin əmlaklardan çıxarılması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi qət edilmişdir.

4. İddiaçı ipoteka qoyan Cavabdeh1 əridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 02 iyul 2014-cü il tarixli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının ipoteka müqaviləsindən Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməs ini gördükdən sonra xəbəri olmuş, onun razılığı tələb olunmasına baxmayaraq, arvadının mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmamış və onun razılığı olmadan mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmişdir.

7. Quba Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(027)-860/2021 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 225.1, 225.6, 269.4, 269.5, 337.1-ci, Ailə Məcəlləsinin 32.1, 33.4cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli və “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli, qərarlarına istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(027)-860/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının 25 aprel 2022-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 3m/01-267 nömrəli notariat işinin 19-cu vərəqəsində İddiaçı adından olan 03 iyul 2014-cü il tarixli, 7E/08- 7250 nömrəli reyestrlə qeydiyyatdan keçmiş Cavabdeh1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaq sahələrinin (MH 0018565, MH 0018563, MH 0018559, MH 0018568) girov, ipoteka qoyulmasına etiraz etməməsi barədə razılıq ərizəsində “İmza” qrafasındakı imza və “İddiaçı” əlyazması - İddiaçı tərəfindən icra olunmuşdur.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(105)-261/2022 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovun və S.A. Qafarinin iştirakı ilə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(027)-860/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə araşdırılmış sübutlarla və ekspertizanın 25 aprel 2022-ci il tarixli, 4/474 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı imzası notariat qaydasında təsdiq edilmiş 03 iyul 2014-cü il tarixli ərizə ilə arvadı Cavabdeh1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaq sahələrinin (MH 0018565, MH 0018563, MH 0018559, MH 0018568) girov və ipoteka qoyulmasına etiraz etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. İddiaçı kassasi ya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(105)-261/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi İV hissəsi, 60, 71-ci maddələri, Ailə Məcəlləsinin 32.1, 33.4-ci maddələri, MPM-in 8.1, 8.2 və 8.3-cü maddələri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin təmin edilməməsinin əsası kimi yalnız keçirilmiş məhkəmə-ekspertizasının 25 aprel 2022-ci il tarixli rəyini əsas götürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən t əqdim olunmuş çoxsaylı sübutların heç birinə qiymət verməmiş, ekspertin rəyinə əsaslanaraq qətnamənin qüvvədə saxlanılması barədə qətnamə çıxarmışdır. Torpaq sahələrinin girov qoyulmasından yalnız Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsini gördükdən sonra xəbəri olmuşdur. Bundan başqa məhkəmə iclasında iştirakı təmin edilməmişdir.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılm asını təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi n əticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar a, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur v ə digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instan siyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir.

24. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.

25. İddiaçı ipoteka müqaviləsinin predmetlərinin onun və Cavabdeh1 birgə mülkiyyətindən olmaqla, müqavilənin razılığı olmadan bağlanması əsası ilə mübahisələndirmişdir.

26. Halbuki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, ipoteka müqaviləsi bağlanılarkən iddiaçı notarial qaydada təsdiq olunmuş razılıq vermişdir.

27. Kassasiya şikayə tinin dəlilləri ondan ibarətdir ki, həmin razılıq ərizəsi onun tərəfindən imzalanmamış, bunu təsdiq edən məhkəmə-xətşünaslıq ekspertizasının rəyi həqiqəti əks etdirmir.

28. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyrimötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir və iddiaçı tərəfindən bununla bağlı sübut təqdim olunmamışdır.

29. Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdi m edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

31. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Beləliklə, məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88, 101.7 və 103.1-ci maddələrinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

33. Apellyasiya məhkəməsinin işə iddiaçının iştirakı olmadan baxılmasına dair kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi iddiaçını məhkəmə iclaslarının vaxtı və yeri barədə onun ünvanına göndərilmiş məhkəmə bildirişi və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilmiş SMS xəbərdarlıq vasitəsi ilə lazımi qaydada məlumatlandırmış, lakin o, məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsin ə istinad etməklə işə iddiaçının iştirakı olmadan baxmışdır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022- ci il tarixli, 2(105)-261/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar