Məhkəmə qərarları › İş №2(102)-3309/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3309/2025

14.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqaviləl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3309/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh4, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əşyaların alqı-satqısı, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Səmədova (Zeynalova) Mahirə Şirinbaba qızı, Cavabdeh2, Cavabdeh4, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-771/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh5 Şirinbala qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Səmədova (Zeynalova) Mahirə Şirinbaba qızı xx.xx.1979-cu il tarixdə nikahlarını bağlamış, xx.xx.2007-ci ildə isə nikahlarını pozmuşlar.

2. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2590/2018 nömrəli qətnaməsi ilə ərizəçi X5 İddiaçı qalmış mirasın qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı miras qalmış Torpağa Mülkiyyət Hüququna dair JN-0081, KOD 30321068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən 0,43 ha torpaq sahəsindən və Torpağın Mülkiyyətə verilməsinə dair JN 144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsindən İddiaçı düşən paya və həmin Torpağın Mülkiyyətə verilməsinə dair JN-144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 64,8 kv.m, yaşayış sahəsi 42 kv.m, köməkçi sahəsi 22,8 kv.m olan 1 mərtəbəli, 2 yaşayış otağından ibarət fərdi yaşayış evinə X5 vərəsəlik üzrə mülkiyyət h üququnun müəyyən edilməsi qət edilmişdir. 3. ünvan 1ində yerləşən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdən X6 xüsusi mülkiyyətinə verilmişdir.

4. Quba rayon Rustov İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 875 nömrəli arayışına əsasən X6 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,1333 ha həyətyanı torpaq sahəsinin ərazisində 1988-ci ildə tikilmiş 2 otaqdan ibarət, ümumi sahəsi 69 kv.m, yaşayış sahəsi 43.8 kv.m, köməkçi sahəsi, 25.2 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evində X4 başqa heç kim qeydiyyatda yoxdur və yaşamır. 5. xx.xx.2021-ci il tarixli, 4Ə-2719 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,1333 ha torpaq sahə si və üzərində yerləşən ümumi sahəsi 69 kv.m olan fərdi yaşayış evini 14000 manat məbləğinə Cavabdeh2 satmışdır. Sonuncunun adına əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 6. xx.xx.2024-cü il tarixli, 4Ə-394 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kv.m olan fərdi yaşayış evini Cavabdeh4 satmışdır. Sonuncunun adına əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1271/2024 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2590/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, ərizənin təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0081 KOD 30321068 nömrəli dövlət aktına əsasən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdeh X6 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1ində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-144 F KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kv.m olan fərdi yaşayış evinə dair cavabdeh X6 adına Hüquqların Dövlə t qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında X7 ilə Cavabdeh2 arasında 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair Quba Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli, 4Ə-2719 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 Şirinbaba qızının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsas landırmışdır ki, o, uzun illər Rusiya Federasiyasında yaşamış, Azərbaycan Respublikasına gəlməsə də, daimi olaraq Azərbaycan Respublikasında yaşayan valideynləri və digər qohumları ilə əlaqə saxlamışdır. Rusiya Federasiyasında sənədləşmə işlərini qaydasına salmağa çalışarkən ona məlum olmuşdur ki, doğulduğu ölkədə, yəni Azərbaycan Respublikasında artıq o, ölmüş şəxs kimi qeyd olunmuş və adına ölüm haqqında şəhadətnamə işlənmişdir. Bu məlumatın dəqiqləşdirilməsi zamanı ona məlum olmuşdur ki, keçmiş arvadı olan cavabdeh X7 2007ci ildə onunla rəsmi qaydada ayrılmağına və onunla hər hansı qohumluq münasibətləri olmamağına baxmayaraq, 2011-ci ildə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun 1994-cü ildə Ru siya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməyi barədə qətnamə qəbul edilməsinə nail olmuşdur. Qeyd edilən qətnamə əsasında da onun ölümü ilə bağlı Quba rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 10 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Qeyd edilənlər ona məlum olduqdan sonra o, qardaşı X10 vasitəsilə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)233/2023 nömrəli qətnaməsi ilə ərizə təmin olunaraq, onun 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməyi barədə Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 nömrəli xx.x x.2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə qanunu qüvvəyə mindikdən sonra o, sənədlərini qaydasına salaraq, Azərbaycan Respublikasına qayıdaraq, Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi əldə etmişdir. Bundan sonra adına olan əmlaklarla bağlı məlumat almaq üçün müvafiq orqanlara müraciət etmişdir. Müvafiq sorğu cavablarından sonra ona məlum olmuşdur ki, ona məxsus ünvan 1i ərazisində ümumbirgə 0,43 ha ölçüdə torpaq sahəsi və ümumbirgə 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Quba Rayon Məhkəməsinin 2(027)-2590/2018 nömrəli qətnaməsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. Eyni zamanda X7 məhkəmə qətnaməsi ilə öz adına özgəninkiləşdirilmiş torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış ev ini xx.xx.2021-ci il tarixli, 4Ə-2719 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Adına olan əmlakların onun sağ ikən ölmüş kimi qələmə verilərək, cavabdehlə aralarında olan nikah 2007-ci ildə pozulduqdan sonra 2018-ci ildə həmin cavabdehin yenə də onun arvadı və qanun üzrə birinci növbəli vərəsəsi kimi qələmə verilərək məhkəmə qətnaməsi əsasında X6 adına keçməsini öyrəndikdən sonra Quba Rayon Məhkəməsinə müraciət edərək 2(027)-2590/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnamənin surətini rəsmi qaydada əldə etdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh X7 ərizə ilə məhkəməyə müraciət etmiş, ondan qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmişdir. Onun vəfat etdiyi təsdiq edilmədiyindən və o, sağ olduğundan, o cümlədə n ölmüş olsaydı belə, cavabdeh Mahirə Zeynalovanın onun miras əmlakı üzərində hər hansı söz haqqı olmadığından (çünki aralarında olan nikah 2007-ci ildə pozulmuşdur) ondan qalmış mirasın qəbul edilməsi və bölüşdürülməsi ilə bağlı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün apellyasiya şikayəti vermişdir. X3 rayonu, Məcic-Xaca kəndində 0,1333 ha torpaq sahəsini və üzərində yerləşən 69 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini xx.xx.2021-ci il tarixdə Cavabdeh2 satmışdır. Onun mülkiyyət hüququ iş üzrə cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Ona görə ki, o sağ olduğu, cavabdeh Mahirə Zeynalovanın da bundan xəbəri olduğu halda onun əmlakını ələ keçirmək üçün onu ölmüş elan etdirmişdir. X1 ümumiyyətlə onu ölmüş elan etdirməyə, onun əmlakını vərəsəlik yolu ilə ələ keçirməyə heç bir hüqu qu olmamışdır. Cavabdeh 2007-ci ildə onunla olan münasibətləri bitdiyi və onunla heç bir qohumluq əlaqəsi olmadığı halda 2018-ci ildə məhkəmə qaydasında ondan qalmış mirası arvadı kimi qəbul etmiş, daha sonra isə normal vərəsəlik işlərində olduğu kimi, məhkəmə qətnaməsindən sonra vərəsəlik açdıraraq qanun üzrə vərəsəlik şəhadətnaməsi alıb, sonra əmlakı öz adına keçirməli olduğu halda, bu mərhələni keçməyərək bir başa iş üzrə cavabdeh AR İN yanında DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsi də vərəsəlik işinin olmamasına, iş üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin olmamasına baxmayaraq, həmin şəxsə bir başa çıxarışlar vermişdir. Onun sağ olduğunu və Rusiya Federasiyasında yaşadığını isə Quba rayonu, Rustov kəndində, o cümlədə n Məcic-Xaca kəndində bilməyən olmamışdır. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

10. İddiaçı əlavə cavabdehin cəlb olunması barədə vəsatət və iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, vəsatətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsində iddia tələbi üzrə mülki işin icraatı dayandırıldığı müddətdə iş üzrə cavabdehlərdən Cavabdeh2 məhkəmədə mübahisə predmeti olan ona məxsus olmuş fərdi yaşayış evini xx.xx.2024-cü il tarixli, 4Ə-394 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına özgəninkiləşdirmiş və sonuncu da xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla hüquqlarını qeydə aldırmışdır. Qeyd edilən hadis ədən, yeni mülkiyyətçinin onun yanına gələrək mübahisələndirdiyi evi satın aldığını bildirdiyindən sonra müvafiq dövlət orqanına vəkil sorğusu ilə müraciət etdikdən sonra məlumatı olmuşdur. Cavabdehlər vicdansız davranış nümayiş etdirərək, işin məhkəmə icraatında olduğunu bilə-bilə ona məxsus olmuş əmlakları geri qaytarmasına hər vasitə ilə maneə olmağa çalışırlar. Hal-hazırda iddia tələbin dəqiqləşdirərək digər tələblərlə yanaşı sonuncu çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh4 arasında ünvan 1ində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-394 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin qeyd edilən hissəsində Cavabdeh4 cavabdeh qismində cəlb edilməlidir.

11. Cavabdeh2 məhkəməyə etiraz və yazılı izahat təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, AN-İ, № ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən torpaq sahəsini almışdır. Daha sonra üçüncü şəxslərə satmışdır. Bir neçə ay ona məhkəmədən bildiriş gəlmişdir. Satıcı və cavabdeh olan X4 zəng edib nə iş olduğunu, İddiaçı kim olduğunu soruşduqda ona bildirmişdir ki, İddiaçı ölmüş əridir, haradansa gəlib. Ondan əmlakın problemi var idisə, nə üçün ona demədiyini bildirmiş, lakin Mahirə Zeynalova keçmiş ərinin 15 ildən sonra diriləcəyini bilmədiy ini, onun ölməsinə dair sənədlərin olduğunu bildirərək telefonla ona göndərmişdir. Həmin sənədlərdən də görünmüşdür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə ölmüş, buna dair qeydiyyat aparılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-2590/2018 nömrəli xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən mirası qəbul edilməsi faktı müəyyən edilmişdir. 2021-ci il tarixdə torpaq sahəsini alarkən İddiaçı əmlaka aidiyyətinin olmasına dair nə onun, nə də notariusun məlumatı olmamış, X6 isə 2012-ci il tarixdən ölüm şəhadətnaməsi olan keçmiş ərinin sağ olması barədə məlumatı olmamışdır. Mübahisəli əmlakı qanuni əsaslarla əldə etdiyindən ona münasibətdə iddianın təmin edilməməsini və iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında cavabdeh X7 izahatında bildirmişdir ki, ke çmiş əri İddiaçı 1994-cü ildən Rusiyaya getmiş, ondan sonra nə ölüsündən, nə dirisindən xəbəri olmamışdır. Onun qayıtmağından belə xəbəri olmamışdır. Dəfələrlə qaynı Nazimdən bu barədə soruşsa da, barəsində ona heç bir məlumat verilməmişdir. Hətta varsa telefon nömrəsini ona verməsini istəsə də, onun harada olduğunu bilmədiyini bildirmişdir.

13. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, o, Mahirə Zeynalova ilə heç bir yaxınlıq və qohumluq əlaqələri olmamış, onu tanımamışdır. Ev alqı-satqı elanlarında təsadüfən evin satılması barədə elanı oxumuş və Mahirə Zeynalova ilə telefon əlaqəsi qurmuş, bir-neçə dəfə danışdıqdan sonra yerində gəlib baxış keçirmişdir. Quba Regional “ASAN Xidmət” Mərkəzində evin sənədlərini yoxlatdırmışdır. İki dəfə gəlibgetdikdən sonra razılığa gəlmiş, üçüncü dəfə alqı-satqını gerçəkləşdirmişlər. O, evin alınmasına behlə birlikdə təxminən 14000 manat pul vermişdir. Sonradan adına çıxarış aldıqdan sonra, evdə və ətrafında təmizlik-təmir işləri gördürmüş, sanitar qovşağı tikdirmiş, təmir etmiş, evin yerləşdiyi torpaq sahəsində xeyli sayda müxtəlif meyvə ağacları əkmişdir. Lakin Bakı şəhərindəki mənzilinin problemlərindən dolayı məcburiyyətdən aldığı evi üçüncü şəxsə Cavabdeh4 satmışdır. O, Cavabdeh4 də tanımamış, onunla da elanlar vasitəsilə tanış olaraq, alqı-satqını yerinə yetirmişdir. Aldığı və ona məxsus sözü gedən mübahisəli evi Cavabdeh4 32000 manata satmışdır. İzahatının sonunda vicdanlı alıcı olduğunu, mübahisəli əmlakı qanuni əsaslarla əldə etdiyini, iddiaçını ilk dəfə gördüyünü və iddianın ona heç bir aidiyyəti olmadığını qeyd ed ərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

14. Quba Rayon Məhkəməsinin (hakim Aydın Babayev) e-2(027)-99/2025 nömrəli 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh X6 həyat yoldaşı İddiaçı uzun illər Rusiya Federasiyasında yaşaması əsası ilə Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsiyilə əlaqədar ölmüş elan edilir. Qeyd edilən qətnamə əsasında da onun ölümü ilə bağlı Quba rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 10 nömrəli ölüm akt qeydi tərtib edilir və mübahisəli əmlaka dair X6 vərəsəlik üzrə mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında müəyyən edi lir. Bundan sonra X7 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kvm olan fərdi yaşayış evini 15 oktyabr 2021-ci ildə Cavabdeh2 satmışdır. Cavabdeh2 öz növbəsində həmin əmlakı xx.xx.2024-cü il tarixdə Cavabdeh4 satmışdır. İddiaçı şikayətləri əsasında onun ölmüş elan edilməsi və vərəsəlik üzrə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamələr ləğv edilmişdir

16. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, əqdin etibarsız hesab edilməsinə əsas verən hər hansı hal müəyyən edilmir, qeyd edilən müqavilə tərəflərin iradə ifadəsini əks etdirən əqd qismində çıxış etmiş, qarşılıqlı iradə ifadəsinin, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməklə münasibətlər alqı-satqı ilə nəticələnmişdir. Habelə, məhkəmə hesab etm işdir ki,məhkəmə tərəfindən alıcılar Cavabdeh2 və Cavabdeh4 vicdanlı sahib olduğu müəyyən edildiyindən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 42.2, 42.3, 149.2, 324.1, 324.4, 337.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş materiallarını tam həcmdə öyrənməmiş, qanunvericiliyə düzgün istinad etmədən kobud pozuntularla iddianın rədd edilməsi bar ədə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən “vərəsəliyin müəyyən edilməsi barədə” qətnamə ləğv edilmişdir. Bu o deməkdir ki, həmin iş üzrə icrada dönüş edilməli idi, artıq alqı-satqı müqavilələrinin predmeti olmuş əmlakların mülkiyyət hüququ barədə qeydləri dəyişdirilərək əvvəlki mülkiyyətçinin, yəni İddiaçı adına qaytarılmalı idi. Quba Rayon Məhkəməsi hazırki iş üzrə qətnamə qəbul edərkən əsas amili nəzərdə almamışdır ki, Mahirə Zeynalova artıq vərəsə deyil, mübahisə predmeti olan əmlakların qanuni mülkiyyətçisi sağ-salamatdır, mülkiyyətində olan əmlak barədə sərəncam vermək hüququ yalnız və yalnız İddiaçı məxsusdur. Məhkəmə qətnaməni əsaslandırmağa çalışarkən belə bir fikir bildirmişdir ki, “...Məhkəmə qeyd edir ki, hər h ansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir”. Bu cümlədən anlaşılan odur ki, hakim bildirir ki, hazırki iddia tələbinin təmin olunması üçün ilk öncə mübahisənin olub-olmaması yoxlanılmalı, daha sonra mübahisə olduğu təqdirdə iddianın qanuni əsasını təşkil edən mötəbər sübutlara istinad edilməlidir. Qətnamənin təsviri hissəsindən aydın olu r ki, hakim iddianın təmin olunmasına dair hər hansı mötəbər sübut aşkar etməmişdir. Halbuki, bu cümlədən cəmi bir neçə abzas öncə hakim Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1271/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə istinad etmişdir. Hesab edir ki, ən mötəbər sübut məhz həmin qətnamədir. Belə ki, bir daha qeyd edir ki, həmin qətnamə ilə Mahirə Zeynalovanın vərəsəlik hüquqları ləğv edilmiş, miras əmlak “miras kütləsi”ndən çıxarılaraq qanuni mülkiyyətçisinə qaytarılmışdır. Təəssüf ki, kağız üzərində. X16 vərəsə deyilsə, demək ki, onun vərəsəlik hüququ haqqında şəhadətnaməsi ləğv edildiyi üçün bütün hüquqi nəticələri də qüvvədən düşmüş olur. Amma göründüyü kimi, məhkəmə baza normalarını kənara qoyaraq yalnız və yalnız bir prinsipi – “vicdanlı alıcı” prinsipini əsas götürərək iddianı rədd etmişdir. Məhkəmə paralel olaraq nədənsə “əsassız varlanma” prinsipini xatırlamamışdır. Yəni məhkəmə burada da qanunvericiliyə düzgün riayət etməmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) 2(105)-771/2025 nömrəli 24 iyun 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmiş, ünvan 1ində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0081 KOD 30321068 nömrəli dövlət aktına əsasən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iş üzrə cavabdeh X6 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət r eyestrindən verilmiş çıxarışın, ünvan 1ində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-144 F KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kvm olan fərdi yaşayış evinə dair iş üzrə cavabdeh X6 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra olunanların geriyə dönüşü barədə işdə iştirak edən, habelə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin ərizəsi əsasında baxılması qaydası MPM-nin 236.1.3-cü maddəsində və Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 11.3. bəndində də nəzərdə tutulmuşdur.

22. Göründüyü kimi, qanunvericilik iddiaçının hazırki tələbində göstərilən məsələlərin həlli qaydasını müəyyən etsə də, iddiaçının mövcud tələblə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etdiyini nəzərə alaraq prosessual qənaət prinsipi baxımından məhkəmə kollegiyası bu tələblərə hazırkı iddia icraatı çərçivəsində baxaraq qiymət verilməsini zəruri hesab edir.

23. Məlum olduğu kimi daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi tələbi mahiyyəti etibarilə reyestrdə düzəlişin aparılması barədə iddiadır.

24. Mülki Məcəllənin 149.2-ci maddələrinə əsasən əgər daşınmaz ə mlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

25. Baxılan işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan əmlaka dair dövlət reyestrində Mahirə Zeynalovanın adına aparılmış qeydiyyatın əsasında Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə aktı dayanır. Həmin qətnamə ilə mübahisəli əmlak üzərində Mahirə Zeynalovanın mülkiyyət hüququ tanınsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sonuncunun bu hüququ aradan qalxmışdır. Belə olduğu təqdirdə həmin çıxarışların verilməsinə əsas olan məhkəmə aktı ləğv edildiyindən, bu məhkəmə aktı əsasında aparılmış qeydiyyat və çıxarış hüquqi qüvvəsini itirmiş olur.

26. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mövcud tələb iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 149.2-ci maddəsinin dispozisiya şərtlərinə cavab verdiyindən, iddia tələbi ünvan 1ində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0081 KOD 30321068 nömrəli dövlət aktına əsasən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iş üzrə cavabdeh X6 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1ində yerləşən Torpağı n mülkiyyətə verilməsinə dair JN-144 F KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kvm olan fərdi yaşayış evinə dair iş üzrə cavabdeh X6 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissələrində təmin edilməlidir.

27. İddia tələbinin X7 ilə Cavabdeh2 arasında 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair bağlanmış 15 oktyabr 2021-ci il tarixli, 4Ə-2719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh4 arasında həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2024-cü il tar ixli, 4Ə-394 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissələrinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.

28. İşdən görünür ki, mübahisəli torpaq sahəsi üzərində Mahirə Zeynalovanın hüquqlarının qanunsuz qeydə alınması ləğv edilmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Lakin, Mahirə Zeynalova ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi 15 oktyabr 2021-ci il tarixdə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmışdır. Həmin zaman isə onun xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş, sonuncunun hüquqları mübahisələndirilməmişdir.

29. Qeyd olunmalıdır ki, əmlak üzərində mülkiyyət və sair kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb.

30. Nəzərə alınmalıdır ki, vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (Konstitusiya Məhkəməsi X2 şikayəti ilə əlaqədar Ali Məhkəmənin MİÜMK-ın 16 iyun 2006-cı il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli qərarı).

31. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar).

32. Qeyd olunmalıdır ki, alıcının təkcə əmlak ın legitimsizliyini bilməsi deyil, həm də legitimsizliyinə dair şübhə və ya gümanın olması onun vicdanlı əldə edən hesab edilməsini istisna edir. Müqavilə bağlayarkən ağlabatan ehtiyatlılıq və sayıqlıq nümayiş etdirilməməsi də alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığını istisna edən hallardan biridir.

33. Bu mənada Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında vicdanlı əldə edən barədə formalaşdığı hüquqi mövqedən aydın olur ki, alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir.

34. Eyni zamanda sadalanan hüquqi mövqelərdən göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, reyestrdəki qeydiyyatla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağılabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.

35. Birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh4 və Cavabdeh2 vicdanlı sahib kimi qəbul edərək müqavilənin predmeti olan torpaq sahəsinə dair sərəncam verən şəxsin, yəni Mahirə Zeynalovanın və Cavabdeh2 həmin vaxt bu hüquqa malik olduğunu və əmlakı əldə edən alıcı Cavabdeh4 də mövcud əqdin legitimsizliyi barədə şübhə yaratmadığına istinad etməklə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

36. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 148.2, 149.2-ci maddələrinə də istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh5 (vəkil - Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-771-2025 saylı və xx.xx.2 025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək hər iki məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin birinci instansiya məhkəməsinin qətnaməsindəki şəkildə tamamilə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq maddələrdə dövlət reyestrində əsassız qeydiyyat və onun nəticələri barədə normalar müəyyən edilmişdir. Mübahisəli əmlaklara dair hüquq müəyyənedici sənədlər əsassız deyil, məhkəmə aktına əsasən çıxarılmışdır. Bu baxımdan mübahisəyə qeyd edilən normaların tətbiq edilməsi kökündən yanlışdır. İşdən müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilməklə ərizənin təm in edilməmişdir. Qanunvericilik bu cür hallarda icrada geriyə dönüş institutunun tətbiq edilməsini şərtləndirir ki, bu da mübahisənin maddi deyil, prosessual normalarla həll edilməli olması məcburiliyini yaradır.

39. İş materiallarından görünür ki, mübahisə predmeti olan əmlaka dair dövlət reyestrində Mahirə Zeynalovanın adına aparılmış qeydiyyatın əsasında Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə aktı dayanır. Həmin qətnamə ilə mübahisəli əmlak üzərində Mahirə Zeynalovanın mülkiyyət hüququ tanınsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sonuncunun bu hüququ aradan qalxmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, belə olduğu təqdirdə həmin çıxarışların verilməsinə əsas olan məhkəmə aktı ləğv edildiyindən, bu məhkəmə aktı əsasında aparılmış qeydiyyat və çıxarış hüquqi qüvvəsini itirmiş olur. xx.xx.2024-cü il tarixdə qanunvericilikdə icrada geriyə dönüş institutu artıq formalaşmışdı. Həmin tarixdə qəbul edilmiş məhkəmə aktında icrada geriyə dönüş edilməmişdir. Bununla belə, maraqlı şəxs istənilən vaxt ərizə ilə həmin məhkəməyə ərizə ilə müraciət edərək, bu çatışmazlığı aradan qaldıra bilərdi. Bilindiyi kimi, bu cür ərizələr verilərkən məhkəmə aktı kimi qərardad qəbul edilir və icrada geriyə dönüş əməliyyatı aparılır. Konkret hazırki işdə isə göstərilən çatışmazlıq iddia ərizəsinin qaldırılması və qətnamə çıxarılmaqla aradan qaldırılmışdır ki, bu da prosessual nöqteyi-nəzərdən yolverilməzdir. Məhkəmənin müvafiq qətnaməsi əsassızdır, mülki və mülki prossesual qanunvericiliyin tələblərinə cavab vermir.

40. Cava bdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2, 149.2-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 218.3, 236-1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edil diyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

43. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

44. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

53. Maddə 418.3. Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasi ya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də kassasiya kollegiyası əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür və apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Ona görə də kassasiya ş ikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-771/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar