Məhkəmə qərarları › İş №2(102)-5777/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5777/2022

26.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5777/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X1 və X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5777/22 (Açar sözlər: özbaşına tikiliyə köçürülmə tələbi) Bakı şəhəri, 26 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1009/2022 nömrəli mülki iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X2 ilə Cavabdeh arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmış və bu nikahdan xx.xx.1995-ci il təvəllüdlü digər iddiaçı X6 da daxil olmaqla, 4 övladları doğulmuşdur.

2. Birgə nikahda olduqları dövrdə - 1992-ci ildə Şamaxı rayon Göylər kəndində 0.08 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 110 m2 olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) tikilmiş və tərəflər həmin vaxtdan orada yaşmağa başlamışlar. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

3. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1003/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, iddiaçılar mübahisəli evdən çıxmış, cavabdeh isə hal-hazıradək orada yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məh kəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi qaydada mübahisəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia onunla əsaslandırılmışdır ki, nikahları pozulduqdan sonra cavabdeh iddiaçıları evdən qovduğundan onlar kirayədə yaşmağa məcbur olmuşlar. Cavabdeh onları evə buraxmadığından onlara məxsus əşyalar yararsız vəziyyətə düşmüşdür. Halbuki, həmin evi birgə yaşadıqları dövrdə 1992-ci ildə tikdirmişlər. Ona görə də, məcburi qaydada evə köçürülmələrini tələb edirlər.

6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, yenidən ailə qurduğundan keçmiş arvadı ilə eyni evdə yaşaması mümkün deyil. Ona görə də, iddiaçıların mübahisə predmeti olan evə köçürülməsinə etiraz edir, onlara məxsus əşyaları isə istədikləri vaxt götürə bilərlər.

7. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)-1028/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər boşandıqdan sonra cavabdeh iddiaçıları birgə nikah dövründə tikilmiş evdən çıxarmışdır. İddiaçılar hazırda kirayədə yaşayırlar. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Suma Movliyevanın mübahisəli evə köçüb yaşamağa başladığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsi ndən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

9. Məhkəmə öz mövqeyini həm də, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54.1, 54.3-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Suma Movliyevanın evə köçürülməsi hissəsində ləğv edilməsini, iddianın ona aid hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayət belə əsaslandırılmışdır ki, birgə nikahları dövründə 1992-ci ildə qətnamədə göstərilən kimi 4 otaqlı yox, 3 otaqlı ev tikdirm işlər, evin mətbəx, hamam, sanitar qovşağı yoxdur. 3 otaqdan biri istifadəyə tam yararsızdır, biri nisbətən yararlı, digəri isə yararlı vəziyyətdədir. Nisbətən yararlı və yararlı otaqların ölçüləri 4 m x 5 m olmaqla, yaşayış sahəsi cəmi 20 m2-dir. Ayrılmış ər-arvadın 20 m2 yaşayış sahəsində birlikdə yaşaması isə mümkün deyildir. Buna baxmayaraq, o, iddiaçıları evdən çıxarmamış, özləri evdən getmişlər. Hazırda oğlunun evə köçürülməsinə etiraz etmir. Bundan başqa, məhkəmə onun ətraflı izahatını almamış, bunun üçün şərait yaratmamış, verdiyi 2-3 suala cavabları ilə kifayətlənmişdir. Qətnamə yalnız iddiaçının izahatı və ərizəsinə əsasən çıxarılmışdır. Gülnar adlı qızı Ağsu rayonu, Gəyəli kəndindən olan Zahid Əliyev adlı şəxslə ailə qurmuş, təxminən 2014-2015-ci illərdə həmin kənddə 0,10 ha həy ətyanı torpaq sahəsində onların müvəqqəti yaşamaları üçün 2 otaqlı 9 m x 6 m ölçüdə ev tikdirmişdir. Evin həyətində sanitar qovşaq, baseyn, çörək bişirmək üçün dam vardır. Hazırda qızıgil başqa ev tikib oraya köçdüyündən bu ev boşdur. Boşanarkən razılaşmışlar ki, Suma Mövliyeva həmin evdə qalacaq. O isə, təxminən 7-8 ay əvvəl ikinci dəfə qeyri-rəsmi ailə qurmaqla hazırda arvadı ilə birlikdə mübahisəli evdə yaşayır. Ona görə də, hesab edir ki, iddiaçı ilə bir evdə yaşamaları qeyri-mümkündür.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1009/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı X1 evə köçürülməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (vəkili X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və şikayətin hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

18. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

19. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymə tləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəl illəri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1009/2022 nömrəli mülki iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar