Məhkəmə qərarları › İş №2(102)-5797/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5797/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5797/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icra olunmamış hissəsinə görə ödənişin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, fors-major halının baş verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)4681/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 01 oktyabr 2019-cu il tarixli müqavilə ilə "xxxx" MMC İddiaçı iki övladına 01 oktyabr 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək məktəbəqədər təlim-tərbiyə xidmətlərinin göstərilməsini üzərinə götürmüşdür. Müqavilənin 7.1-ci bəndinə əsasən təhsil və təlim haqqı aylıq 400 manat təşkil edir. 24 oktyabr 2019-cu il tarixdə İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 6236 manat pul ödənilmişdir. 01 dekabr 2019-cu il tarixdə tərəflər arasında bağlanmış əlavə razılaşma ilə valideynin uşaqlarını yarım günə keçirmək niyyəti nəzərə alınaraq, müqavilə şərtlərinə uyğun hesablanmış məbləğdən çıxarmalar aparılmaqla, 1043 manat pul Bağça tərəfindən İddiaçı qaytarılmışdır. 03 mart 2020-ci il tarixdən Covid-19 pandemiyasının yayılması səbəbi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrinin fəaliyyəti dayandırılmışdır. a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Qlobus Körpələr evi - Uşaq Bağçası MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 01 oktyabr 2019-cu il tarixli iki müqavilə əsasında, 01 dekabr 2019-cu il tarixdə tərəflər arasında bağlanmış müqavilələrə əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla müəyyən edilmiş hər uşağa görə hər ay 250 manat məbləğində xidmət haqqı kimi ödənilmiş pulun, 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün nəzərdə tutulmuş 2000 manatın, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və 111 manat məbləğində vəkil xərclərinin, cəmi 2141 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Covid-19 pandemiyasının yayılması səbəbi ilə cavabdehin fəaliyyəti dayandırılmış və iddiaçının ödədiyi xidmət haqqı müqabilində cavabdehin xidmətindən yararlana bilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(004)995/2021 nömrəli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-ın 389.1, 390.1, 421.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilənin icrasına maneçilik törədən tərəflərin iradəsindən asılı olmayan və müqav ilənin bağlandığı zaman müəyyən edilə bilməyən və məqsədyönlü vasitələrlə qarşısı alına bilməyən qarşısıalınmaz hallar (fors-major) mövcud olduqda tərəflər hazırki müqavilə ilə müəyyən edilmiş öhdəliklərini həyata keçirə bilmədikləri halda məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd etmişdir ki, Respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kımı nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Həmçinin, iş materiallarında 111 manat məbləğində vəkil xərcini təsdiq edən sübut olmadığından və iddia tələbi təmin edilmədiyindən iddia tələbi bu hissədə də əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(004)-995/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)- 4681/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh "xxxx" MMC-dən 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pul vəsaitinin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli müqavilələrin 13.1-ci bəndinin şərtinə əsasən müqavilənin icrasına maneçilik törədən tərəflərin iradəsindən asılı olmayan və müqavilənin bağlandığı zaman müəyyən oluna bilməyən və məqsədyönlü vasitələrlə qarşısı alına bilməyən qarşısıalınmaz hallar (fors-major) mövcud olduqda tərəflər hazırkı müqavilə ilə müəyyən olunmuş öhdəliklərini həyata keçirə bilmədikləri hallarda məsuliyyət daşımırlar. Göründüyü kimi, müqavilənin bu bəndi fors-major halında yalnız öhdəliyin həyata keçirə bilinməməsinə görə məsuliyyəti nəzərdə tutur. Yəni, fors-major halının baş verməsi iddiaçını və cavabdehi müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad edir, onlar həmin əsasla müqavilə öhdəliklərini yerinə yetirməməyə görə mə suliyyət daşımırlar. Müqavilənin 13.2-ci bəndində epidemiya fors-major kimi qiymətləndirilərək müqavilənin qüvvədən düşməsinə səbəb olan hal kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, tərəflər şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin qüvvədən düşməsi (ləğv olunması) qaydasını Mülki Məcəllənin 422.2-ci maddəsinin tələbinə müvafiq olaraq qarşılıqlı razılıq əsasında müəyyən etmişlər. Mülki Məcəllənin 424.2-ci maddəsinin tələbinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.4-cü maddəsinin tələbinə görə isə tərəflər müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. İşdən göründüyü kimi, iddiaçı fors-major halı baş verdikdən və müqavilə qüvvədən düşdükdən əvvəlki dövr üçün ödədiyi mə bləği tələb etmir. O eləcə də, sonrakı dövr üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsini də tələb etmir. Yəni, belə bir tələb olmadığı üçün müqavilənin 13.1-ci bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Başqa sözlə, əgər iddiaçı ödədiyi pulun müqabilində ona müqavilə ilə nəzərdə tutulan xidmətlərin göstərilməsini cavabdehdən tələb etsə idi, bu halda fors-major halının olması ilə bağlı müqavilənin 13.1-ci bəndi tətbiq edilə bilərdi. İddiaçının hazırkı iş üzrə tələbi fors-major halı baş verdikdən və müqavilə qüvvədən düşdükdən sonrakı dövr üçün, yəni 2020-ci ilin mart, aprel, may, iyun ayları üçün ödədiyi məbləğin geri qaytarılması barədədir. Bu məbləğ 2020-ci ilin iyun ayına qədər müvafiq xidmətlərin ödənilməsi məqsədi ilə verilmişdir. Cavabdeh mart ayından iyun ayına qədər fors-maj or halı ilə bağlı xidmət göstərməmişdir. Belə olan halda, həmin xidmətlərin göstərilməsi üçün əvvəlcədən iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin cavabdehdə qalması əsassız varlanma kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 439.4, 1091.1, 1091.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehə iddiaçının hesabına varlanmağa haqq qazandıran qanuni əsas yoxdur. Yəni, iddiaçı tərəfindən cavabdehə gələcəkdə xidmət göstərəcəyi aylara görə əvvəlcədən ödənişlər edilmişdir. Lakin cavabdeh epidemiya səbəbindən xidmət göstərə bilməmişdir. Nəticədə xidmət etmədiyi aylara görə ödənilmiş vəsaitlər qanunsuz olaraq cavabdehin hesabında qalmışdır. 111 manat məbləğində hüquqi yardım xərclərinin ödənilməsinə aid hissəyə münasibətdə apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı həmin məbləğin ödənilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də həmin hissədə iddia təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli 2(103)-4681/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə koronovirus infeksiyasının (Covid-19) bütün dünyada sürətlə yayılması ilə əlaqədar olaraq Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilməsini, insanların hərəkəti məhdudlaşdırılmasını və əksər müəssisələrin fəaliyyətinin müvəqqəti dayandırılmasını nəzərə almamışdır. Bu hallar cavabdehin iradəsindən asılı olmayan səbəblərdən baş verən “fors-major” halı kimi qiymətləndirməli və ona görə də, öhdəliyin icra olunmamış hissəsinə görə ödənişin geri qaytarılması tələb edilə bilməz. İddiaçının mart, aprel, may, iyun aylarına görə ödəmiş olduğu pullar cavabdehdə qanunsuz olaraq qalmamış, cavabdeh həmin xidmətləri ondan asılı olmayan səbəblərdən qabaqcadan müəyyən olunması mümkün olmayan ölkəni əhatəsinə alan koronovirus (Covid-19) xəstəliyindən dolayı göstərə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil ol mamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdeh verdiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cü r varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti ol an başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsas ən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin tərəflər arasında bağlanmış müqa vilənin 13.1-ci maddəsinə istinadı əsassızdır. Belə ki, həmin maddəyə əsasən müqavilənin icrasına maneçilik törədən tərəflərin iradəsindən asılı olmayan və müqavilənin bağlandığı zaman müəyyən oluna bilinməyən və məqsədyönlü vasitələrlə qarşısı alına bilinməyən qarşısıalınmaz hallar (forsmajor) mövcud olduqda, tərəflər hazırkı müqavilə ilə müəyyən olunmuş öhdəliklərini həyata keçirə bilmədikləri hallarda məsuliyyət daşımır. Yəni fors-major halında tərəflər öz öhdəliklərindən azad olunurlar. Cavabdehin müqavilə üzrə öhdəliyi iddiaçının övladlarına məktəbəqədər təlim-tərbiyə xidmətlərinin göstərilməsi olmuş və o, pandemiya ilə əlaqədar həmin öhdəliyinin icrasından azad olunmuşdur. Lakin bu hal, ona xidmət göstərmədiyi dövr üçün xidmət haqqını tələb etmək, həmin xidmət haqqı qabaqcadan ödənil diyi halda isə pul vəsaitinin özündə saxlamaq hüququnu vermir. Əks halda cavabdeh iddiaçının hesabına əsassız varlanmış olur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xx xx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-4681/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar