Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-591/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarının ləğvi, hərrac barədə məlumatlandırma, icra icraatının dayandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X2, cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin vəkili X3 iştirakı ilə, Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1952/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 29 saylı evin, 2 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) İddiaçı Ağası oğlunun (bundan sonra – iddiaçı) mülkiyyətində olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3203/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) iddiası qismən təmin edilmiş, “xxxx” MMC-dən Bankın xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 87805,08 manat əsas kredit borcu, 3999,3 manat faiz borcu, 3000 manat cərimə borcu olmaqla, cəmi 94804,38 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ilkin satış qiyməti 98363,74 manat olan ipoteka ilə yüklü edilmiş, mübahisəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra bir ay ərzində boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmə aktının icrası qaydasında mübahisəli mənzil hərraca çıxarılmış, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Hərrac Mərkəzi) tərəfindən keçirilmiş hərracın nəticələri üzrə alıcı olmadığından təkrar hərracın baş tutmaması barədə qəzetdə elanlar dərc edilmişdir. Mübahisəli ev 62708 manata tələbkar Banka təklif edilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Bu barədə sifarişçi Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi (bundan sonra – İcra şöbəsi), Hərrac Mərkəzi və alıcı (tələbkar) Bank arasında hərracın yekunları barədə xx xxxxxx 2017-ci il tarixli protokol (bundan sonra - mübahisəli protokol) və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Mübahisəli mənzilə mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Bankın adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin satılmasına dair Hərrac Mərkəzi tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin lə ğv edilməsi və hərracın yekunları üzrə xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzilin Bankın mülkiyyətinə verilməsi barədə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan mənzil məhkəmə qətnaməsində hərraca çıxarılması qət edilərkən özü və ailə üzvləri həmin məhkəmə baxışında iştirak etməmiş və qətnamə onların iştirakı olmadan qəbul edilmişdir. Həmin hal qətnamə icra edilərkən də təkrar edilmiş, icra məmuru tərəfindən ipoteka predmeti hərraca çıxarılarkən ona bildiriş göndərilməmiş və nəhayət hərrac onun iştirakı olmadan keçirilmişdir. Bu faktın özü bir daha təsdiq edir ki, hərrac kob ud qanun pozuntuları ilə keçirilmişdir. İpoteka predmeti hərracdan satılan kimi həmin gün də Bankın mülkiyyətinə verilmiş və qısa müddətdə mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan əlavə əvvəllər borc hesabına ödənilmiş pul məbləğləri nəzərə alınmamış, onun mənzili ondan gizlin satılmışdır. Bütün bunlar onun Konstitusiya ilə təsbit olunmuş və dövlət tərəfindən qorunan mənzil hüquqlarını kobud surətdə pozur, yəni ailəliklə yeganə yaşayış sahəsindən məhrum olmuşlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-3708/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın k eçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Banka təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda Məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus olan mübahisəli mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının nüma yəndəsinin əsas gətirdiyi, mənzil ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən, imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlar və verdikləri izahatlar əsasında müəyyən etmişdir ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.2-ci maddəsinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 34.1, 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.3, 42.5, 42.6, 43.4, 43.8-ci maddələrinə, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 62.1, 62.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 217.2, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1952/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hər racın xx.xx.2017-ci il tarixdə keçirilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli bildişdəki yanlışlıq, xx.xx.2016-cı il tarixli bildirişlə aradan qaldırılmış, bu barədə xx.xx.2016-cı il tarixdə iddiaçıya bildiriş göndərilməsi barədə SS361529965AZ saylı sifarişli poçt qəbzi mövcuddur. Buna görə də, həmin dəlil əsaslı hesab edilə bilməz. Kollegiya apellyasiya şikayətinin hərracın dayandırılması ilə bağlı icra məmurunun xx.xx.2017-ci il tarixli məktubu ilə bağlı qeyd etmişdir ki, hərracın yekunları barədə protokol xx.xx.2017-ci ildə tərtib olunduğu halda, icra məmurunun xx.xx.2016-cı il tarixli sifariş məktubunun icrasının dayandırılması barədə xx.xx.2017-ci il tarixli məktubu xx xxxxxx 2017-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmuşdur. Buna görə də, həmin dəlil əsaslı hesab edilə bilməz. Kol legiya qeyd etmişdir ki, apellyasiya mərhələsində məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, **********765700 saylı məktubundan görünür ki, “xxxx“ MMC xx.xx.2016-cı il tarixli, **********189900 saylı hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi ilə müraciət edərək fəaliyyətini xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək daayandırmış, xx.xx.2017-ci il tarixində vergi ödəyicisi tərəfindən 2017-ci ilin yanvar ayı üçün təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsi”nə əsasən, fəaliyyəti xx.xx.2017-ci il tarixdən aktivləşmişdir. Hazırda Cəmiyyətin fəaliyyəti və digər vergi tutulan əməliyytları xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər dayandırılmışdır. M MCnin fəaliyyət növləri 53200 sair poçt və kuryer fəaliyyəti, 70100 mərkəzi ofislərin fəaliyyəti kimi qeyd edilmişdir. Uçot baza məlumatlarında 406546,403548, 404664 saylı faimələr aşkar edilməmişdir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərini də əsassız hesab etmiş və qeyd etmişdir ki, hərracın keçirilməsi ilə bağlı tərəflər “xxxx” MMC tərəfindən sifarişli poçt qəbzləri ilə məlumatlı olmuş, bundan əlavə qəzetdə elanlar verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın və apelly asiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində göstərilən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, işə səthi yanaşılmış, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Hərracın keçirilməsi zamanı tərtib edilmiş elanlar “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə uyğun olmamışdır. Həmçinin qanuni qüvvəyə minmiş qətnamədən apellyasiya şikayəti verdiyi icra məmuruna məlum olduqdan dərhal sonra, o, icra icraatını dayandırmalı və bununla bağlı Hərrac Mərkəzinə məlumat verməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəki li məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Cavabdeh Bankın vəkili kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh Hərrac Mərkəzinin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədlər i MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiya). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (madə 43, 47). Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (maddə 44). Mülki Məcəllə Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkil atçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). “İcra haqqında” Qanun (xx xxxxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) Maddə
17. İcraatın dayandırılmasının məcburiliyi 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcb uri olaraq dayandırılır:...17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda. Maddə
21. İcraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə baxılması 21.1. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən, iqtisad məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin iqtisad məhkəməsi və ya məhkəmə icraçısının olduğu yer üzrə müvafiq iqtisad məhkəməsi tərəfindən dayandırılır və ya ona xitam verilir. 21.2. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə məhkəmə icraçısının təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.3. Dayandırılmış və ya xitam verilmiş icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 21.4. Məhkəmə icraçısı icraatın dayandırılması və ya ona xitam verilməsi barədə 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə (məsələyə icra sənədini vermiş məhkəmədə baxılmamışdırsa) və ya digər orqana məlumat verir. 21.5. İcraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin dəlillər üzrə maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Həmçinin nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun mübahisəli hərracın keçirildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş redaksiyasında da icraatda olan iş üzrə qəbul olunmuş mə hkəmə aktlarından verilmiş apellyasiya şikayətinin icraata qəbulu icra icraatının dayandırılmasının məcburi əsası (maddə 17.1.7) nəzərdə tutulurdu. Lakin həmin vaxt qüvvədə olan redaksiya icra məmuruna icraatı dayandırmaq səlahiyyəti vermirdi. Belə hallar yarandığı halda Qanunun 21-ci maddəsinə əsasən icra məmuru icraatın dayandırılması barədə məhkəməyə təqdimat verməli və təqdimat əsaslı olduğu halda icraa icraatı məhkəmə tərəfindən dayandırılmalı idi. Bu baxımdan hərracın keçirildiyi dövrdə qanuni qüvvəyə minmiş qətnamədən apellyasiya şikayəti verildiyi icra məmuruna məlum olduqdan sonra, onun icraatın dayandırılması barədə məhkəməyə təqdimat verməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1952/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.