Məhkəmə qərarları › İş №2(102)-5934/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5934/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5934/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: beh müqaviləsi üzrə ödənilmiş pul tələbi, məbləğin avans kimi qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “beh müqavilələri üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-449/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin kassasiya şikayətlərinə Ali Məhkəməsinin inzibati binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2016-cı tarixdə iki “Beh müqavilə”si bağlanmışdır. Beh müqavilələrinə cavabdeh özünə məxsus olan mənzili iddiaçıya satmaq barədə üzərinə öhdəlik götürmüş və bu məqsədlə cavabdeh iddiaçıdan bir beh müqavilə üzrə 100000 manat və digər beh müqaviləsi üzrə 50000 manat olmaqla, cəmi 150000 manat məbləğində beh almışdır.

2. Beh müqaviləsində nəzərdə tutulmuş alqı-satqı müqaviləsi bağlanmamışdır.

3. Mübahisə beh müqavilələri üzrə ödənilmiş pulun qaytarılması barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi (sonradan dəqiqləşmə barədə ərizə) ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli “Beh müqaviləsi” üzrə cavabdehin ondan aldığı 150000 manat məbləğində behin ikiqat mislinin, yəni 300000 manat məbləğində pulun, cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh beh müqaviləsi bağladığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 1 mənzilin sənədlərini hüquqi baxımdan hazır edərək alğı-satqı müqaviləsi bağlamalı idi. Lakin cavabdeh müqavilədə göstərilən vaxt tamam olanda, alğı-satqıya getmələri üçün nə əlaqə saxlamış, nə də iddiaçının telefon zənglərinə cavab vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin ailə üzvləri mənzilin satılmasına etiraz edirlər. Belə olduğu halda, iddiaçı cavabdehdən beh müqaviləsi üz rə verdiyi pulları geri tələb etmişdir. Cavabdeh isə pulunun olmadığını, iddiaçıdan aldığı pul hesabına başqa şəxsə olan borcunu bağladığını bildirmişdir.

6. İddiaçı öhdəliklərinə əməl etməsi üçün cavabdehlə əlavə 1 ay vaxt vermiş, buna baxmayaraq cavabdeh nə ailə üzvlərinin razılığı almış, nə də ki, iddiaçıdan aldığı pulu qaytarmışdır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 405.1, 425.1, 425.2, 442, 443.1, 448, 449, 491 və 492-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə dair yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir: - iddiaçının sübut kimi təqdim etdiyi beh müqaviləsində cavabdehin adının yanında atılmış imza cavabdehə məxsus deyildir. Cavabdeh beh müqaviləsinin bağlanması üçün 38 saylı not ariat konturuna getməmişdir; - belə olan halda xətşünaslıq ekspertizası təyin edilməlidir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(006)622/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, behin iki misli olan 300000 manat və dövlət rüsumunun əvəzi olan 30 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. (hakim Ceyhun Tağıyev)

10. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, cavabdeh öz mənzilini 200000 manata satışına görə iki dəfəyə iddiaçıdan 150000 manat beh almış, iddiaçı qarşısında beh müqavilələri üzrə öhdəlik götürmüş, lakin mənzili iddiaçıya satmayaraq öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehə mənzilin satılmasına görə vaxt versə də, cavabdeh mənzili iddiaçıya satmamış, beh müqaviləsi üzrə aldığı pulu qaytarma mışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilənin icra edilməməsində məhz iddiaçının məsuliyyət daşımasına dair sübutları məhkəməyə təqdim etməmiş, əksinə, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətlə müraciət edərək göstərmişdir ki, təqdim edilmiş xx.xx.2016-cı il tarixli beh müqavilələri üzrə onun adının yanında atılmış imza onun deyil və bu beh müqaviləsinin bağlanması üçün 38 saylı Notariat Kontoruna getməmişdir.

12. Birinci instansiya məhkəməsi cavabdehin vəsatətinə qiymət verərək, hesab etmişdir ki, xətşünaslıq ekspertizasının keçirilməsinə heç bir əsas yoxdur. Belə ki, iş materiallarında olan 24 sentyabr 2016-cı tarixdə notarial qaydada təsdiq olunmuş, tərəflər arasında bağlanmış beh müqavilələrində tərəflərin notariata gəlmə tarixləri, saatı və olduqları anı əks etdirən şəkillərinin mövcudluğu cavabdehin vəsatətində göstərilənləri tam təkzib edir. Buna görə də, vəsatət cavabdehin iddiaçı qarşısında beh müqaviləsi üzrə götürdüyü öhdəliyin icrasından, mülki məsuliyyətdən yayınması üçün atılmış addım və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 491.1, 491.2, 492.1, 492.2-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianını rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - behin məbləği cüzi deyil, külli miqdarda, yəni 150000 manat mə bləğində olması və bir mənzillə bağlı 2 “Beh müqaviləsinin” bağlanması cavabdehlə iddiaçı arasında bağlanmış həmin müqavilələrin etibarsız olduğunu göstərir; - bundan başqa, iddiaçı iddia ərizəsində mənzilin sənədlərinin qaydasında olmadığını bildirsə də, mənzilə aid sənədlər qaydasında olmuşdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır; - həmçinin birinci instansiya məhkəməsi iş üzrə xətşünaslıq ekspertizası təyin etməmiş, müqavilələrdəki imzaların cavabdehə məxsus olmasını araşdırmamışdır. Halbuki, cavabdeh Notariat Kontoruna getməmiş və müqavilələri imzalamamışdır.

16. İşə apellyasiya qaydasında baxılan zaman cavabdeh vəsatətlə müraciət edərək hazırkı mülki iş üzrə mübahisənin predmetini təşkil edən və iddiaçı ilə onun arasında xx.xx.2016-cı tarixdə notarial qaydada bağlanmış “Beh müqavilələrinin etibarsız hesab edilməsi” barədə onun tərəfindən verilmiş iddia üzrə Xətai Rayon Məhkəməsi tərəfindən icraatı başlanmış mülki iş üzrə qəbul ediləcək yekun qərarın qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Sözügedən iş üzrə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı (İş № 2(011)-4353/2020) ilə hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi, ərizəsinin imzalanmaması əsası ilə geri qaytarılmışdır. Bu səbəbdən hazırki iş üzrə icraat təzələnmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4731 /2020 nömrəli, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, müqaviləni etibarsız adlandıran cavabdeh həmin müqavilənin etibarlı olmasını şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. A pellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, cavabdeh hazırkı mülki iş üzrə mübahisənin predmetini təşkil edən və iddiaçı ilə onun arasında xx.xx.2016cı tarixdə notarial qaydada bağlanmış “Beh müqavilələrinin etibarsız hesab edilməsi” barədə iddia vermiş, iddia ərizəsi, ərizəsinin imzalanmaması əsası ilə geri qaytarılmışdır. Qeyd edilən həmin qərardad qüvvəyə minmişdir. Belə olan halda, cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilələrin etibarlığını şübhə altına ala biləcək halları təsdiq edə biləcək sübutlara malik deyil.

21. Apellyasiya instansiyası məhkəməsi cavabdehin beh müqavilələrindəki imzanın onun tərəfindən icra olunmaması, notariat ofisinə heç vaxt getməməsi barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, notarial qaydada tərtib olunmuş müqavilələrdə tərəflərin müqavilələr bağlandığı anda çəkilmiş şəkilləri əks olunmuşdur. Bu baxımdan müqavilədəki imzanın cavabdehə məxsus olmaması barədə cavabdehin dəlili əsassızdır.

22. Cavabdehin bir mənzillə dair iki “Beh müqaviləsinin” bağlanmasının ağlabatan olmaması, behin məbləğinin külli miqdarda olması, bu halların “Beh müqavilələri”nin etibarsız olmasına dəlalət etməsi barədə dəlillərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qüvvədə olan Mülki Məcəllədə, notariat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı təlimat və qaydalarda behin məbləği ilə, beh ilə bağlı bir neçə müqavilənin bağlanmasını istisna edən göstərişlər mövcud deyil. Beh barədə razılığa gəlmiş tərəflər behin məbləğini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından öz iradə ifadəl ərinə görə uyğun ümumi razılıq əsasında müəyyən edirlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırkı mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)4109/2021 nömrəli, 17 iyul 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

26. Ali Məhkəməsinin mövqeyi belə olub: - işə baxan məhkəmələr dəyəri 200000 manat müəyyən edilmiş mənzilə görə ödənilmiş 150000 manat məbləğin beh olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmiş, lakin həmin məbləğin beh olmasına şübhə ilə yanaşmamışdır. 200000 manat dəyərində mənzilin alqı-satqısına görə 150000 manat, yəni dəyərinin dörddə üçü məbləğində pul ödənilməsi, həmin məbləğin birdəfəlik deyil, eyni gündə iki saat fərqi ilə verilməsi, bu barədə iki müqavilə bağlanması əsas verir ki, ödənilmiş məbləğin beh olması kifayət qədər şübhə yaratsın; - təqdim edilmiş müqavilələrin tərəflər arasındakı münasi bətləri əks etdirməsini yoxlamaq həmin müqavilələrin mübahisələndirilib-mübahisələndirilməməsindən asılı deyildir. İddia tələbinin faktiki əsası kimi istinad edilmiş müqavilələrinin etibarlılığını məhkəmə xidməti vəzifəsinə görə yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, cavabdehin etirazının əsas dəlilləri də bağlanmış müqavilələrin beh ilə bağlı olmaması ilə əlaqədardır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. İşə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi 24 sentyabr 2016-cı tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiq olunmuş 2 ədəd beh müqaviləsindəki imzanın cavabdehə aid olub-olmamasını müəyyən etmək məqsədilə 30 noyabr 2021-ci il tarixli qərardadla məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir.

28. Məhkəmə Ekspertizası Mərkəzinin 4/1867 saylı, 04 mart 2022-ci il tarixli rəyinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 24 sentyabr 2016-cı tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiq olunmuş 2 ədəd beh müqaviləsində Cavabdeh aid hissədə olan imza və imzadan sonra əlyazma ilə yazılmış “xxx.” sözləri Cavabdeh tərəfindən icra edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-449/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh 150000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi ), Akif İsgəndərov, Elşən Kazımov)

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, 200000 manat dəyərində mənzilin alqısatqısına görə 150000 manat, yəni mənzilin dəyərinin dörddə üçü məbləğində pul ödənilməsi, həmin məbləğin birdəfəlik deyil, eyni gündə iki saat fərqi ilə verilməsi, bu barədə iki müqavilə bağlanması əsas verir ki, ödənilmiş məbləğin beh olması kifayət qədər şübhə yaratsın. Cavabdehin etirazının əsas dəlilləri də bağlanmış müqavilələrin beh ilə bağlı olmaması ilə əlaqədardır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə beh münasibətlərindən irəli gəlməmiş, buna görə də mənzilin alqı-satqısına görə ödənilmiş 150000 manat pul avans kimi qəbul edilməlidir.

31. Apellyasiya instansiyası məhkəməs i cavabdehin beh müqaviləsini imzalamaması barədə dəlilini məhkəmə-xətşünaslıq ekspertizanın rəyinə istinadən əsasız saymışdır.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 491.1, 491.2, 491.3, 492-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə 2016-cı ildə bağlanıb, cavabdeh həmin müqavilənin etibarlılığını hazırkı iddia tələbinə qədər mübahisələndirməmişdir. Məhkəmənin beh müqaviləsini və tərəflərin arasındakı razılaşmanı hər hansı əsasla şübhə altına alması əsassızdır. Cavabdeh ona verilmiş pulun mənzilin dəyərindən avans olmasını bildirməmişdir.

35. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

36. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ona pul verməmişdir. İddia ərizəsində göstərilən məbləğ iddiaçı tərəfindən uydurulmuşdur. Apellyasiya instansiyası məhkəməsi pulun ona verilib-verilməməsini araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İddiaçının vəkili cavabdehin kassasiya şikayətinə yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılıb ki, cavabdehin kassasiya şi kayəti verməkdə məqsədi məhkəmə işinin uzanmasına xidmət edir. İşdən də görünür ki, iddiaçının bütün arqumentləri tamamilə əsasızdır. Cavabdehin dəlillərinə aid hissədə apellyasiya instansiyası məhkəməsi işi tam araşdırmışdır. Buna görə də cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 4 91.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə

492. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Kassasiya şikayətlərində iddiaçı apellya siya instansiyası məhkəməsinin aktını iddianın rədd, cavabdeh isə təmin edilən hissələrində ləğvini xahiş ediblər, bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

43. İddiaçı beh müqavilələrinə əsasən verdiyi 150000 manat behin iki mislinin, yəni 300000 manatın cavabdehdən tutulmasını xahiş edib. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, tərəflər arasında bağlanmış müqavilə beh münasibətlərindən irəli gəlməmiş, buna görə də mənzilin alqı-satqısına görə ödənilmiş 150000 manat pul avans kimi qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və cavabdehin iddiaya etirazı ilə bağlı hazırki qərarın 30-31-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.

45. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini – verilmiş pulun avans olmaması, cavabdehin də həmin pulun avans kimi verilməsini bild irməməsi – əsassız sayır. Belə ki, iddiaçının bu dəlili verilmiş pulun beh olması və ikiqat qaytarılmasına yönələn dəlil olmuş və bu əsasla iddianın təmin edilməsi hazırki iş üzrə kassasiya instansiyasını əvvəlki qərarında qanunsuz sayılmışdır. (bax: 26-cı bənd)

46. Eləcə də apellyasiya instansiyası məhkəməsi 200000 manat dəyərində mənzilin alqı-satqısına görə 150000 manat, yəni mənzilin dəyərinin dörddə üçü məbləğində pul ödənilməsini, həmin məbləğin birdəfəlik deyil, eyni gündə iki saat fərqi ilə verilməsini ödənilmiş məbləğin beh olmasına şübhə yaratdığı nəticəsinə gəlmişdir.

47. İddiaçının ona pul verməməsi, iddia ərizəsində göstərilən məbləğin iddiaçı tərəfindən uydurulması barədə cavabdehin kassasiya şikayətinin dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiay a etiraz kimi ilkin olaraq, ümumiyyətlə, iddiaçı ilə hər hansı beh müqaviləsi bağlamadığını, müqavilədəki imzanın ona aid olmadığını, notariusa getmədiyini bildirmiş, onun bu dəlili ikinci apellyasiya baxışı zamanı keçirilmiş ekspert rəyi ilə təkzib edilmişdir. Pulun verilməməsi barədə dəlil isə işə mahiyyəti üzrə baxan məhkəmələrdə etirazın dəlili kimi irəli sürülməmişdir, bu dəlil yeni olmaqla yanaşı, işin yeni faktiki hallarının müəyyən edilməsinə yönəlib ki, belə dəlillərin kassasiya instansiyası məhkəməsində irəli sürülməsi istisna edilir.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-449/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar