Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5940/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işçiyə ödənilmiş vəsaitin tutulmasının yolverilməz olduğu hallar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5121/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı əmək müqaviləsinə əsasən cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinin müddəti xx.xx.2019cu il tarixədək müəyyən edilmişdir.
2. Cavabdehə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 3/21 saylı əmrlə 305 günlük və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 339/20-01 saylı əmrlə 176 günlük qismən ödənişli sosial məzuniyyət, xx.xx.2021-ci il tarixindən etibarən xx.xx.2022-ci il tarixinədək 639/21-01 saylı əmrlə 504 günlük sosial məzuniyyət verilmişdir.
3. Quliyeva (Əhmədova ) Sərvinaz Tariyel qızına məxsus kart hesabından çıxarış məlumatlarına görə, xx.xx.2020-ci il tarixdə (yanvar) 212,73 manat, xx.xx.2020-ci il tarixdə (mart) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (aprel) 414,98 manat, xx.xx.2020-ci il tarixdə (may) 542,97 manat, xx.xx.2020-ci il tarixdə (iyun) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (avqust) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (sentyabr) 585,34 manat, 02 noyabr 2020ci il tarixdə (oktyabr) 585,34 manat, 01 dekabr 2020-ci il tarixdə (noyabr) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (dekabr) 321,65 manat əmək haqqı mədaxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəlikləri olmadığı təqdirdə cavabdehə müəssisə tərəfindən ödənilmiş 5004,37 manat miqdarda vəsaitin cavabdehdən müəssisənin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, öhdəlikləri olmadan müəssisə cavabdehin hesabına ümumilikdə 5004,37 manat məbləğində artıq vəsait ödəmişdir. Cavabdeh isə fərqli səbəblər gətirərək artıq ödənilmiş məbləği geri ödəməkdan imtina etmişdir. Cavabdehə ödənilmiş məbləğ öhdəlikləri olmadığı halda ödənilmiş məbləğdir. Cavabdehlə aralarında mövcud olan yeganə müqavilənin - əmək müqaviləsi olduğunu və həmin müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər arasında yaranmış məsələlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq, iddia edilən məbləğ iddiaçının heç bir öhdəliyi olmadan ödənilmiş məbləğd ir. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bununla da, cavabdeh ödənilmiş artıq məbləğ onun əsassız varlanmasına gətirib çıxarmışdır.
6. Cavabdeh X1 iddia tələbinə etirazında bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə hamiləliyinin 7-ci ayı tamam olduğu üçün analıq məzuniyyətinə buraxılmışdır. Bunun üçün ondan tələb olunan bütün sənədləri İddiaçı MMC-yə təqdim etdiyi halda analıq məzuniyyətinə buraxılmamışdır. Bunu xx.xx.2020-ci il İddiaçı MMC-yə çağırıldığında bilmişdır. Ondan üzr istəyərək analıq məzuniyyətinə çıxarılmadığını və səhvən bu müddət ərzində ona maaş yatırıldığını bildirib yenidən onu xx.xx.2021-ci ildən qismən ödənişli analıq məzuniyyətinə çıxarmışlar. Onda n tələb olunan bütün sənədləri hazırlayıb verdiyi halda qanuni olaraq buraxılmalı olduğu tarix xx.xx.2022-ci ilə qədər olmalıdır. Həmin müddət ərzində məzuniyyətdə olan anaya uşağa görə qulluq pulu ödənilməlidir və bu ödəniləcək məbləğ haqda iddia ərizəsində heç bir məlumat əks olunmamışdır. Analıq məzuniyyəti aktiv pandemiya dönəminə düşdüyü üçün kartına köçürülən məbləği analıq məzuniyyətində olan işçiyə şirkət tərəfindən edilən yardım kimi düşünmüşdür. Çünki həmin vaxt Prezidentin sərəncam və fərmanına əsasən bütün şirkətlərə işçilərinə maaş ödəmək öhdəliyi qoyulmuşdur. O da bu fərqli köçən məbləğlərin pandemiya üçün olduğunu düşünmüş, hətta köçməyən ayın ödənişi üçün şirkətə zəng edib ad, soyad və mağazasının adını bildirərək “pandemiya” pulunun ödənişini tələb etmiş, onlar isə bunun uşağa qulluq pulu olduğunu bildirmişlər. Haqları barədə heç bir məlumat verilmədiyi üçün “Uşağa qulluq ödənişinin” nə olduğunu, nə qədər məbləğ təşkil etdiyini bilməmişdir. Yatırılmalı olan məbləğin nə qədər olması haqqında heç bir məlumatı olmamışdır. Bu da ondan bir daha yatırılan məbləğin pandemiyada uşağa yardım üçün edildiyi düşüncəsi yaratmışdır. Qeyd edir ki, uşağın 3-cü ayında iki dəfə işə qayıtmaq üçün mağaza rəhbərliyinə müraciət etmiş, lakin pandemiya ilə əlaqəli bir az daha gözləməsini bildirmişlər. xx.xx.2020-ci il tarixdə ona köçürülən məbləğin digər, ələ verilən məbləği mağazaya getdiyi üçün onun analıq məzuniyyətinə çıxarılmadığı məlum olmuşdur. Standart maaş məbləğinin köçürülməməsi onu yanıldan nüanslardan biri olmuşdur. Bununla bağlı HR direktorunun qəbulunda olmuşdur v ə onu dinlədikdən sonra günahın özlərində olduğunu və bunun onların daxili problemləri olduğunu, onun səhvən analıq məziniyyətinə çıxarılmadığını bildirmişdir. Bundan sonra əmək müqaviləsi qüvvədə saxlanılmış və xx.xx.2021-ci il tarixli 3/21 saylı əmrlə qismən ödənişli sosial məzuniyyət verilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilə qədər 176 təqvim günü uzadılmışdır. İddia ərizəsində göstərilir ki, 639/21-01 əmrlə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixində işə başlamaqla 504 gün sosial məzuniyyət verilmişdir. Təqdim olunan sübutlar və iddia ərizəsinin əsas mətnindən göründüyü kimi onun İddiaçı MMC-də xx.xx.2019-cu il tarixli müqaviləsi qüvvədə olduğu müddət xx.xx.2022-ci ilə qədər uzadılmışdır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-1139/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən işə başlamaqla 305 təqvim gün qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixli 3/21 saylı əmrlə cavabdehə verilmiş qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyət xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən işə başlamaqla 176 təqvim günü uzadılmışdır. Bundan sonra İddiaçı MMC-nin xx.xx.2021ci il tarixli, 639/21-01 saylı əmri ilə cavabdehə verilmiş sosial (uşağa qulluğa görə) məzuniyyət xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarix inədək, xx.xx.2022-ci il tarixdən işə başlamaqla 504 təqvim günü uzadılmışdır. Cavabdeh sosial məzuniyyətdə olmasına baxmayaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə (yanvar) 212,73 manat, xx.xx.2020-ci il tarixdə (mart) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (aprel) 414,98 manat, xx.xx.2020-ci il tarixdə (may) 542,97 manat, xx.xx.2020-ci il tarixdə (iyun) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (avqust) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (sentyabr) 585,34 manat, 02 noyabr 2020-ci il tarixdə (oktyabr) 585,34 manat, 01 dekabr 2020-ci il tarixdə (noyabr) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (dekabr) 321,65 manat əmək haqqı ödənilmişdir. Hazırda iddiaçı artıq ödənilmiş vəsaitinin cavabdehdən tutulmasını xahiş edir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə məxsus hesaba xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqı kimi ümumilikdə 5004,37 manat pul ödənilmişdir. Halbuki, həmin müddət ərzində cavabdeh sosial məzuniyyətdə olmuşdur. Bu səbəbdən bu hal cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh əldə etdiyi və iddiaçıya məxsus olan pulu ona qaytarmalıdır.
10. Məhkəmə həmçinin qeyd edib ki, cavabdeh ərizəsində etirazını əsaslandıracaq heç bir sübutu məhkəməyə təqdim etməmiş, yaranmış anlaşılmazlıqla bağlı cəmiyyətə müraciət etdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, bundan başqa ondan tələb olunan məbləğlə ona ödənilən məbləğin fərqli o lduğunu bildirsə də, iş materiallarında olan çıxarışdan görünür ki, iddia edilən pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda cavabdeh etiraz ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olu nması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə əsassız varlanma ilə bağlı normaları tətbiq edərkən səhvə yol vermişdir. Belə ki, cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızı İddiaçı MMC arasında 05 aprel 2019-cu il tarixli 136 saylı əmək müqaviləsi bağlanmış və cavabdeh MMC-də işə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehdən tələb olunun 5004,37 manat pul vəsaiti iddiaçı və cavabdeh arasında olan əmək müqaviləsi qüvvədə olduğu müddətə düşür. Bu halı iddiaçı özü öz iddia ərisəsində də qeyd etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan əmək müqaviləsinə 25 noyabr 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçının dediyinə görə cavabdehə artıq 5004,37 manat ödədiyi pul vəsaiti 2020-ci ilin müxtəlif aylarına düşür. Eyni zamanda ödədiyi pul vəsaitinin bir hissəsi də pandemiya dövrünə düşür. Bu hal iddiaçı tərəfindən təqdim edilən çıxarışdan da görünür.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5121/22 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan b ütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmamalıdır.
16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla da müəyyən olunur ki, tərəflər arasında yaranan mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir. Bu halda həmin münasibətlərə əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.3-cü maddəsinə əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hes ablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
18. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
19. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə sonuncu dəfə əmək haqqı xx.xx.2020-ci il tarixdə ödənilsə də, artıq ödənilmiş əmək haqqının geri tələb edilməsi ilə bağlı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da, iddiaçı tərəf artıq ödənilmiş əmək haqqının tələb etmə hüququnu əmək qanunvericiliyin tələblərinə əsasən itirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi hazırki halda mülki qanunvericiliyin müddəalarını tətbiq etməli idi. Nəticədə Bakı Apellyasiya Məhkəməsi maddi hüquq normalarını pozmuşdur. Cavabdeh əmək haqqı adı ilə aldığı məbləğ əslində işçi sosial məzuniyyətdə olduğundan iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmədiyi, işəgötürən üçün hər hansı iş görmədiyi üçün qanuna görə əmək haqqı hesab olunmayan əsassız ödənilmiş pul məbləğidir. Cavabdeh ilə aramızda mövcud olan yeganə müqa vilənin - əmək müqaviləsi olduğunu və həmin müqavilənin 1.3 bəndinə əsasən tərəflər arasında yaranmış məsələlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq iddia edilən məbləğ heç bir öhdəliyimiz olmadan ödənilmiş məbləğidir. Sözügedən məbləği əmlakımız kimi qanunsuz sahiblikdən geri tələb etməyə haqlıyıq. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bunu nəzərə almamış, ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Əmək Məcəlləsinin 175-ci maddəsində “əmək haqqından tutulmalara yol verilən hallar” müəyyən edilmişdir, yəni işçinin qazandığı məvacıbindən hansı hallarda artıq ödənilmiş məbləğ tutula bilər. Mübahisə isə tam fərqli haldan ibarətdir, çünki cavabdeh xx.xx.2020-ci il - xx.xx.2022-ci il müddət ərzində sosial məzuniyyətdə olduğu üçün həmin dövrdə Əmək Məcəlləsinin 9 maddə sinin d) bəndində nəzərdə tutulmuş əmək haqqı almaq hüququ onda olmamasını nəzərə alaraq (yəni əmək haqqı ümumiyyətlə olmadığı üçün) əmək haqqından tutulmalar da mümkün deyil. Mübahisənin həlli üçün qanunvericiliyinin digər müddəaları tətbiq olunmalıdır. İddiaçı MMC tərəfindən cavabdehə sonuncu dəfə əmək haqqı xx.xx.2020-ci il tarixdə ödənilsə də, artıq ödənilmiş əmək haqqının geri tələb edilməsi ilə bağlı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Bununla da, iddiaçı tərəf artıq ödənilmiş əmək haqqının tələb etmə hüququnu əmək qanunvericiliyin tələblərinə əsasən itirmişdir. Ödənilmiş pulları tələb etdikdə cavabdeh fərqli səbəblər gətirərək məbləği geri qaytarmağdan imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
23. Maddə 175, 3-cü bənd. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
24. Maddə 175, 5-ci bənd. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
25. Maddə 296, 5-ci bənd. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya inst ansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verdiyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş hallar və sübutlar əsasında yeni qərar çıxarılmaqla, iddia tələbi təmin edilməməlidir.
37. Belə ki, tərəflər arasında yaranmış mübahisə, işəgötürən tərəfindən işçiyə ödənilmiş məbləğin geri alınması barədə tələbdir.
38. Apellyasiya instansiyası məhkəməsi işəgötürənin həmin məbləği tələb etmə müddətini ötürdüyünə görə iddianı rədd etmiş və bu zaman Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü hissəsinə istinad etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tələb etmə müddətinin ötürülməsinə görə iddianı rədd edərkən, Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü hissəsinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
40. Belə ki, Əmək Məcəlləsinin 175-ci maddəsində müəyyən edilmiş ümumi qaydaya görə, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
41. İşin hallarından görünür ki, cavabdehlə əmək müqaviləsinə artıq xitam verilmişdir və bu normanın tətbiqi imkanı da artıq itirilmişdir.
42. Bundan başqa, iddia ərizəsində tələb olunan məbləğin cavabdehin əmək haqqından tutulması deyil, cavabdehdən tutulması tələb olunur.
43. Əmək mübahisələri üzrə iddia müddətləri Əmək Məcəlləsinin 296-cı maddəsində tənzimlənir. Həmin maddənin 5-ci hissəsində isə işəgötürənin işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilməsi müəyyən edilmişdir.
44. Həmin normada bəhs olunan maddi ziyan məsələləri ilə əlaqədar iddialarla bağlı qeyd olunmalıdır ki, işəgötürənin və işçinin qarşılıqlı məsuliyyətini müəyyən edən hallar Əmək Məcəlləsinin 30-cu fəslində müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin fəslin normalarına görə, Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçinin işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyəti müəyyən olunub.
45. Həmçinin bəhs olunan ödənişlərin verilməsində cavabdehin hər hansı təqsiri yoxdur və işəgötürənin və işçinin qarşılıqlı məsuliyyətinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən cavabdehin tələb olunan vəsaiti qaytarmaq öhdəliyi yaranmır.
46. Kassatorun baxılan işə Mülki Məcəllənin əsassız varlanmanın hüquqi nəticələrini müəyyən edən 1092-ci maddəsinin tətbiq edilməsi barədə dəlili əsasszıdır.
47. Belə ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
48. Lakin işin mabahisəsiz hallarından göründüyü kimi, tələb olunan vəsait ödənilən müddətdə tərəflərin arasında əmək müqaviləsi olmuşdur.
49. Cavabdehə ödənilmiş və hazırda tələb olunan məbləğ, əməyin ödənilməsi haqqında qanunvericiliyin tətbiqi ilə bağlı işəgötürənin yol verdiyi səhv nəticəsində ödənilən vəsaitdir.
50. Ümumiyyətlə nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər istənilən halda işçidən tutula bilməz. Buna görə də hazırki iddia tələbi təmin oluna bilməz.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 6-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5121/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla, iddia təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.