Məhkəmə qərarları › İş №2(102)-6040/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6040/2021

15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6040/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ərizənin etibarsız hesab edilməsi və pul tələbinə d air Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 121/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh) arasında bağlanmış 21 sentyabr 2016-cı il tarixli, 1185/293/2016 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, cavabdeh (lizinqverən) ilə iddiaçı (lizinqalan) arasında lizinq haqqı müqabilində müqavilədəki şərtlər və müddətlər çərçivəsində müqavilənin predmeti olan lizinq obyektinin maliyyə lizinqi vasitəsi ilə lizinqə verilməsi barədə razılıq əldə olunmuşdur. Müqavilədə qeyd olunmuşdur ki, cavabdehlə "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – MTK) arasındakı alqı-satqı müqaviləsində göstərilmiş ünvan 1 ünvanında 1-ci bina, B bloku, 9-cu mərtəbə, sahəsi 106,3 kv.m olan 172 nömrəli mənzil (bundan sonra – mənzil) lizinq obyektidir. Alqı-satqı müqaviləsinə əsasən əldə ediləcək lizinq obyektinin (mənzilin) dəyəri 175.395 manat təşkil edir və lizinqalan bununla razıdır. 2. 21.09.2016-cı il tarixli, ********** nömrəli müqaviləyə əsasən, MTK (satıcı) mənzili cavabdehin (alıcı) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmişdir ki, alıcı müqavilə üzrə obyekti iddiaçıya lizinqə vermək üçün öz mülkiyyətinə əldə edir. 3. 24.11.2017-ci il tarixli, 27 nömrəli, 21.09.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə sazişə əsasən, MTK və cavabdeh 27 nömrəli 21.09.2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişlər və müəyyən etmişlər ki, mənzilin alqı-satqısı barədə 27 saylı 21.09.2016-cı il tarixli müqavilə ləğv edilsin, mənzil üçün ödənilmiş 175.395 manat satıcı tərəfindən saziş imzalandıqdan 3 gün ərzində alıcıya ödənilsin, satıcı tərəfindən bu şərt yerinə yetirildikdən sonra alıcı mənzilə dair bütün hüquqlarından imtina etsin. 4. 24.11.2017-ci il tarixdə MTK, cavabdeh və iddiaçı qarşılıqlı tələblərin əvəzləşdirilməsi və dəqiqləşdirilməsi barədə akt tərtib edərək, qəbul etmişlər ki, MTK-nın cavabdehə olan 175.395 manat borcunun 23.855 manat hissəsi cavabdehin iddiaçıya olan 23.855 borcu ilə əvəzləşdirilir və nəticədə MTK cavabdehin əvəzinə 23.855 manatın iddiaçıya ödənilməsini öz öhdəsinə götürür, o cümlədən, tərəflər qəbul edirlər ki, tələblərin qarşılıqlı əvəzləşdirilməsindən və ödənilməsindən sonra cavabdehin iddiaçıya borcu ödənilmiş hesab edilir, MTK-nın cavabdehə borcu isə 151.540 manat təşkil edir. 5. 24.11.2017-ci il tarixli ərizəsində iddiaçı göstərmişdir ki, maliyyə vəziyyəti ilə bağlı lizinq ödənişlərini həyata keçirməkdə çətinlik çəkir və cavabdehlə bağlanmış 1185/293/2016 saylı, 21.09.2016-cı il tarixli ilkin daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsini xahiş edir. Lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı olaraq cavabdehə ödənilmiş avans pul vəsaitlərinin, yəni 17.540 manat, əsas borca aid pul vəsaitləri, yəni 6.315 manat, cəmi 23.855 manatın özünə geri qaytarılmasına, faiz borcuna aid pul vəsaitlərinin, yəni 18.181 manatın isə cavabdehin çəkdiyi xərclərin kompensasiyası üçün özünə geri qaytarılmamasına razıdır. Lizinq müqaviləsinin bağlanması, icrası, ləğv edilməsi ilə bağlı cavabdehə qarşı heç bir pretenziyası, iddiası yoxdur.

6. Cavabdehlə iddiaçı arasında bağlanmış 1185/293/2016 saylı, 21.09.2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə 24.11.2017-ci il tarixli sazişə əsasən, tərəflər qarşılıqlı razılığa gəlmişlər ki, mənzilin lizinqə verilməsi barədə 1185/293/2016 saylı 21.09.2016-cı il tarixli ilkin daxili maliyyə lizinqi müqaviləsi ləğv edilsin, mənzilin əldə edilməsi üçün Lizinqverənin Satıcıya ödədiyi bütün pul vəsaitləri və xərclər Satıcı tərəfindən Lizinqverənə qaytarıldıqdan sonra lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı olaraq Lizinqalan tərəfindən həmin müqavilə üzrə Lizinqverənə ödənilmiş avans pul vəsaitlə, yəni 17.540 manat, əsas borca aid pul vəsaitləri, yəni 6.315 manat, cəmi 23.855 manat Lizinqverən tərəfindən Lızinqalana qaytarılacaqdır, eyni zamanda, Lizinqalan tərəfindən lizinq müqaviləsi üzrə Lizinqverənə ödənilmiş faiz borcuna aid pul vəsaitləri, yəni 18.181 manat Lizinqverən tərəfindən Lizinqalana geri qaytarılmayacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 24.11.2017-ci il tarixli sazişin, onun tərəfindən imzalanmış 24.11.2017-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və cavabdehdən 42.036 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, i ddiaçı cavabdehlə mənzilin lizinqə verilməsi barədə müqavilə bağlamışdır. Müqavilənin 1.2-ci maddəsinə görə, cavabdeh lizinq obyektini iddiaçının istifadəsinə verməli idi. Həmçinin həmin müqavilənin 1.3-cü maddəsinə görə, 17.540 manat məbləğində pul vəsaiti lizinq obyektinə görə avans kimi cavabdehə ödənilməli idi. İddiaçı 21.09.2016-cı il tarixində 17.540 manat məbləğində pulu cavabdehə avans şəklində ödəmişdir. Eyni zamanda, lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq 10.10.2016-cı il tarixindən 21.11.2017-ci il tarixinə kimi iddiaçı tərəfindən cavabdehə 24.496 manat məbləğində pul ödənilmişdir. İddiaçı müqavilə üzrə öhdəlikləri vaxtlı-vaxtında icra etsə də, cavabdeh öz öhdəliklərinin icrasından yayınmış və lizinq predmetini onun istifadəsinə verməmişdir. Sonradan isə, təxminən 2017-ci ilin axırlarında cavabdeh maliyyə problemlərinin olduğunu və bununla əlaqədar ödənişlərin bundan sonra MTK-ya ödənilməli olacağını bildirmişdir. Həmin vaxt da iddiaçıya bir neçə sənədə imza etdirərək həmin sənədlərin rəsmiyyət üçün lazım olduğunu bildirmişdir. Lakin yaxın günlərdə iddiaçı ilə MTK arasında həmin mənzilin geri qaytarılması və pulun alınması barədə mübahisə olduqda iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun etibarından və inamından istifadə edərək onu aldatmış və hüquqlarının pozulmasına səbəb olmuş sazişə və akta imza etdirmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24.11.2017-ci il tarixli sazişdə guya iddiaçı 18.181 manat məbləğində pul vəsaitinin ona qaytarılmamasına razılıq vermişdir. Lizinq müqaviləsi bağlanan zaman iddiaçı cavabdehdən, ə gər aralarında bağlanmış müqavilə ləğv olunarsa, ödədiyi pul vəsaitinin aqibəti ilə maraqlandıqda, cavabdeh heç bir problem olmadan ödədiyi vəsaitin ona qaytarılacağını bildirmişdir. Cavabdeh iddiaçının savadsızlığından istifadə edərək, onun ödədiyi pul vəsaitini mənimsəmək istəyir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 21.09.2016-cı il tarixli lizinq müqaviləsində mübahisə predmeti olan mənzilin dəyəri 175.395 manat məbləğində müəyyən edilmiş və sonradan iddiaçı ilə MTK arasında bağlanmış 24.11.2017-ci il tarixli payçı müqaviləsində də mənzilin dəyəri 175.395 manat məbləğində müəyyən edilmişdir. İşin bu halları da həmin lizinq müqaviləsinin yalnız rəsmiyyət üçün bağlandığını sübut edir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə yazılı etiraz təqdim edərək iza hatında göstərmişdir ki, iddiaçını heç kim aldatmamış, ona təzyiq göstərilməmişdir, o, könüllü surətdə sazişi imzalamışdır. Hazırda iddiaçı həmin sazişin imzalanmasından 1 ildən də çox vaxt keçəndən sonra, guya aldadıldığını iddia edir. Halbuki qanunvericiliyə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd məlum olduğu andan bir ay ərzində mübahisələndirilə bilər. Nümayəndə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2099/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia rədd olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 24.11.2017-ci il tarixli sazişin o nun etibarından sui-istifadə yolu ilə bağlanmasına, aldadılmasına istinad etsə də, bu halları təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, hətta 24.11.2017-ci il tarixli saziş etibarsız olsaydı belə, iddiaçı tərəfindən həmin əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. İddiaçı, 24.11.2017-ci il tarixli sazişin və ərizənin etibarsızlığı tələbini vacib əhəmiyyətli yanılmaya dayanaraq irəli sürüldüyündən, həmin tələbə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 354.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq müddət, eyni zamanda, saziş bağlanarkən aldadıldığını iddia etdiyindən, aldatma yolu ilə bağlanmış əqdlərə münasibətdə olduğu kimi, bir illik müddət şamil edilə bilər. Həmin müddəti n axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Odur ki, hazırkı halda 1 aylıq və ya 1 illik iddia müddətinin tətbiq edilməsindən asılı olmayaraq, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

12. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan, habelə qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1-324.5, 337.1, 339.2, 339.3, 347.1, 354.1, 354.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermi şdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamədə onun iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini və öz iddiasını sübut edəcək dəlilləri məhkəməyə təqdim etmədiyini göstərmişdir. O, iddia ərizəsində göstərmişdir ki, tərtib edilmiş həmin ərizənin mahiyyətindən və aldandığından yalnız bu günlərdə xəbər tutmuşdur. İddia ərizəsinə əlavə etdiyi arayışlarda və qəbzlərdə də onun tərəfindən 42.036 manat məbləğində pulun cavabdehə ödənildiyi öz təsdiqini tapmışdır. Həmçinin, cavabdehin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi də açıq-aydın görünür. İşin halları ilə sübut olunur ki, cavabdehlə onun arasında lizinq müqaviləsi bağlanmış, lakin lizinq predmeti heç vaxt onun istifadəsinə verilməmişdir. Məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş və cavabdeh tərəfindən aldandığını nəzərə almayaraq iddianı təmin etməmişdir. Mənzil ilkin olaraq cavabdeh tərəfindən lizinq müqaviləsi kimi, sonra isə MTK tərəfindən payçı müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. Həm cavabdeh, həm də MTK mütəmadi olaraq mənzillərin alqı-satqısı ilə məşğul olduqlarından, bu sahənin incəliklərini və bütün xırdalıqlarını ondan qat-qat yaxşı bilirlər. Onun bu sahədə təcrübəsi, savadı olmadığı üçün bu iki hüquqi şəxsə inanaraq mənzilin alınmasına razılıq vermişdir. Eyni zamanda, mənzil onun adına rəsmiləşdirilərkən həm cavabdehin nümayəndəsi, həm də MTK-nın nümayəndəsi mənzili geri qaytarmaq istədikdə heç bir problemin olmayacağını və onun ödədiyi vəsaitin tam şəkildə özünə qaytarılacağını bildirmişlər. Lakin sağlamlığında yaranan problemlərlə əlaqədar maddi çətinliyi olduğu üçün mənzili geri qaytarmaq qərarına gəldikdən sonra hər iki hüquqi şəxsin rəhbərliyi müxtəlif bəhanələrlə ödədiyi vəsaiti geri qaytarmaq istəməmişlər. Yalnız bundan sonra aldadıldığını, həmin aktlara və ərizəyə yanlış məzmun yazıldığını başa düşmüşdür.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, 42.036 manat məhz mənzilin alınması üçün lizinq şirkətinə ödənilən puldur. İddiaçıya 31.000 pul ödənilmişdir ki, bu məbləğ 50 faizdən də aşağıdır. Müddət i ddiaçının hüquqlarının pozulduğunu bildiyi andan hesablandığı üçün ötürülməmişdir. Müqavilə imzalanarkən iddiaçıya heç nə izah olunmamışdır. Dəqiq məbləğin müəyyən olunması üçün ekspertiza keçirilməsini xahiş etmişlər, lakin məhkəmə vəsatəti təmin etməmişdir. 28.000 manat da 64.000 manatın tərkibində olan puldur. İddiaçı mənzili MTK-dan almış, pulu cavabdehə ödəmişdir. Lizinq şirkətinə ödədikləri faizi tələb edirlər. Yekun məhkəmə qərarı olmadığından 31.646 manatı hələ götürməmişlər.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı aldadıldığını və sənədin mahiyyətini dərk etmədiyini iddia edir. Əgər belə idisə, vaxtında məhkəməyə müraciət etməli idi. O, müxtəlif məbləğlərdə pul tələbləri ilə həm onlara, həm də MTK-ya müraciət edir. Lakin müqavilənin ləğvi ilə bağ lı iddia müddətinin keçdiyi nəzərə alınmalıdır.

18. İşin apellyasiya icraatı zamanı MTK iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında MTK-nın nümayəndəsi X5 bildirmişdir ki, iddia tələbi əsassızdır. Cavabdeh şirkət “Azərbaycan Beynəlxalq Bankı”nın törəmə müəssisədir. Demək olar ki, hazırda üçtərəfli müqavilə bağlanmışdır. Sonradan müqavilənin Cavabdehdən "xxxx"a dəyişdirilməsini qərara almışlar. İddiaçı da müqaviləni ilkin olaraq MTK ilə, sonra isə cavabdehlə bağlamışdır. İddiaçı iddia qaldırana kimi 64.790 manat ödəniş etmişdir. Lakin onların da vətəndaşın ödəniş gecikməsinə görə Banka ödədikləri məbləğ var. Öhdəlik onların üzərinə qoyulmuş, onlar da 31.646 manat ödəniş etməlidirlər. Həmin pulu götürməsi üçün iddiaçıya dəfələrlə müraciət etm işlər.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-121/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. İddiaçı şikayətində göstərdiyi halları sübut edə bilməmişdir.

21. Bundan başqa, həqiqətən də iş materialları ilə iddiaçı tərəfindən mənzilə görə 42.036 manat ödənildiyi öz təsdi qini tapmışdır. Bu məbləğin 17.540 manatı mənzilə görə ödənilmiş avans pul məbləği, 6315 manat əsas borca aid pul vəsaiti, 18.181 manat isə lizinq müqaviləsi üzrə lizinq verənə ödənilmiş lizinq haqlarını təşkil etmişdir. Həmin məbləğin 23.855 manat hissəsi (17.540 manat avans və 6315 manat əsas borca aid pul vəsaiti) qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qətnaməsi ilə MTK tərəfindən iddiaçıya ödənilməsi qət olunan 31.646 manatın tərkibində mövcuddur. Deməli, iddiaçının tələb etdiyi 42.036 manatdan 23.855 manat hissəsi artıq məhkəmə aktına əsasən ona ödənilməlidir. Üçüncü şəxsin nümayəndəsinin apellyasiya baxışı zamanı izahatı ilə də təsdiq olunmuşdur ki, iddiaçı həmin məbləği istənilən vaxt MTK-dan ala bilər. Tələb edilən məbləğin 18.181 manat hissəsi is ə iddiaçı tərəfindən lizinq verənə mükafat kimi ödənilən məbləğ olsa belə, tərəflər arasında bağlanmış 24 noyabr 2017-ci il tarixli sazişlə və həmin tarixli ərizə ilə iddiaçı qeyd olunan məbləğin cavabdeh tərəfindən ona qaytarılmayacağına razılaşmışdır. Lakin iddiaçı hazırkı iddia ilə həmin sazişin və ərizənin etibarsızlığını, eyni zamanda 18.181 manatın da daxil olduğu 42.036 manatı cavabdehdən tələb edir. Lakin lizinq müqaviləsinin 6.1-ci bəndinin tələbinə görə lizinq alanın lizinq haqqı kimi hər ay ödədiyi 1749 manatın əsas borc məbləğinə lizinq verənin mükafatı (gəliri) olaraq illik 10 % dərəcəsi əlavə edilərək hesablanması müqavilə şərti kimi razılaşdırılmışdır. Başqa sözlə, iddiaçı müqavilə şərtinə görə ödədiyi lizinq haqqında lizinq mükafatının olmasını əvvəlcədən bilmişdir. Digər t ərəfdən, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçı qeyd olunan sazişi mübahisələndirmək üçün bir illik kəsici müddəti də ötürmüşdür.

22. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.

25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir (§ 15).

26. Şikayətə görə, məhkəmə Mülki Məcəllənin 337, 339, 747.1, 748-1, 748-10-cu maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etirazında cavabdeh tərəf qeyd etmişdir ki, kassasiya şikayətində istinad olunan normaların işə heç bir aidiyyəti yoxdur, şikayətin dəlilləri əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmaqla çıxarılmışdır, məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi və vəkili ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək qətnamənin dəyişd irilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdilər.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili, habelə üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Baxılan iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

32. Mülki Məcəllə Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil e tdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (maddə 331.1). Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1, 337.2 və 337.4). Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mü bahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddələr 339.2, 339.3). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2).

33. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır (§§ 20-21).

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-121/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar