Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6113/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, vəkili X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 Səttər oğlu və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(067)-2975/2018, hakim F.B.Mirzəquliyev) İddiaçı Cavabdeh1 Səttə r oğlu və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, cavabdehlərin azyaşlı övladları ilə birlikdə iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən 0,38 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yardımçı tikilidən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1863/2019, hakimlər G.F.Tağızadə, T.O.Quliyev, E.G.Rəhimov) cavabdehlər Cavabdeh1 Səttər oğlu və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyaisya məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: İddiaçı 25 sentyabr 2013-cü il tarixdə Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən 0,38 ha torpaq sahəsini əvəzli qaydada əldə etmiş, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 29 mart 2018-ci il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 10 avqust 2018-ci il tarixdə İddiaçı Cavabdeh1 Səttər oğlu və Cavabdeh2 qarşı yardımçı tikilidən və torpaq sahəsindən çıxarılma tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, cavabdehlər azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış sahəsində yaşamışlar, onlar həmin ünvanda pasport qeydiyyatındadılar, iddiaçının hə min əmlaka mülkiyyət hüququ isə sonradan yaranmışdır, bu halda onların istifadə hüquqları mülkiyyətçi tərəfindən məhdudlaşdırıla bilməz. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2, 158.3, 158.4, 178.1, 178.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddələrinə istinad edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən tikilidən cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə çıxarılmasına dair tələb irəli sürmüşdür. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən eilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir, torpaq sahəsi hazırda cavabdehlərin sahibliyindədir və sonuncuların həmin torpaq sahəsi üzərində sahibliyi qanunsuzdur. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu qanunsuz məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan edilən və müdafiə edilən konstitusion hüquqlarını kobud şəki ldə pozur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6113/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6113/2019
26.09.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver