Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-613/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı mənzil tikinti kooperativinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, ərazi aidiyyəti ilə bağlı qərardad, kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “sökülən mənzillərin əvəzinə yeni mənzillərin verilməsi və köhnə mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-6724/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 117,8 kv.m sahədən ibarət olan evin boşaldılaraq MTK-ya təhvil verilməsi; MTK tərəfindən həmin evin əvəzinə yeni tikiləcək binada ümumi sahəsi 142 kv.m olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 2 (iki) il müddətinə cavabdehə təhvil verilməsi; sökülməsi nəzərdə tutulan fərdi yaşayış evinin MTK-ya təhvil verildiyi gündən başlayaraq yen i mənzillə təmin olunan günədək MTK tərəfindən cavabdehə hər ay 1000 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatət verərək, işin aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının özünün də iddia ərizəsinə əlavə etdiyi MAPS arayışından göründüyü kimi cavabdehin ünvanı Quba rayonunun X qəsəbəsidir. Bu halda cavabdehin iddia qeydiyyat və yaşayış yeri üzrə - Quba Rayon Məhkəməsində qaldırılmalı idi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdehin vəsatət təmi n edilməmişdir.
4. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 qərardaddan şikayət vermiş, qərardadın ləğv edilib, işin aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə, əks təqdirdə, şikayətin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2024 nömrəli 18 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6724/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya instansiyası məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(103)-6724/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli 2(103)6724/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə, Xumar Mərdanova)
9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli 2(103)6724/2024 nömrəli qərardadından kassasiya şikayəti verilmişdir, lakin qanunda qeyd edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələr inin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraat a qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
11. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin nümayəndəsivəkili Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməli olduğuna istinad etmişdir.
12. Lakin MPM-nin 32.5-ci maddəsinə görə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Məcəllənin 269.3-cü maddəsinə görə əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyas iya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir.
13. Apellyasiya instansiyası məhkəməsi şikayətin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməli olması barədə cavabdehin nümayəndəsinin (vəkilin) dəlilinə münasibətdə vurğulamışdır ki, MPM-in qeyd edilən normalarında nəzərdə tutulan hal məhkəmə aidiyyəti ilə bağlı qərardadlardan verilən şikayətləri ehtiva edir. Hazırda mübahisələndirilən qərardad isə ərazi aidiyyəti ilə bağlı olmuşdur, birinci instansiya məhkəməsi də haqlı olaraq həmin qərardaddan verilmiş şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 32.5, 269.3, 384.0.4, 384.0.6, 402.2 və 408.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (nümayəndə və Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(103)-6724/2024 saylı qərardadının ləğv edilməsini, Yasamal Rayon Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli, 2(004)-5411/2024 saylı qərardadından verilmiş şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Yasamal Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli, 2(103)-6724/2024 saylı qərardadından kassasiya şikayəti vermiş, lakin apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararaq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi aidiyyət barədə Yasamal rayon məhkəməsinin qərardadından verilmiş şikayətə düzgün baxmışdır, MPM-nin 269.3-cü maddəsində nəzərdə tutulmuş aidiyyət məhkəmə aidiyyətinə aiddir, ərazi aidiyyətinə aid deyil. Lakin bu müddəa ərazi aidiyyətinə də şamil olunmalıdır. Yasamal Rayon Məhkəməsi qanunun tələbini pozaraq, aidiyyət barədə qərardaddan şikayəti Ali Məhkəməyə göndərmək əvəzinə, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmiş, Bakı Apellyasiya Məhkəməsi də kobud qanun pozuntusuna yol verərək, səlahiyyət həddini aşmaqla, Yasamal Rayon Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli, 2(004)-5411/2024 saylı qərardadından şikayətə baxaraq, 9 dekabr.2024-cü il tarixli, 2(103)-6 724/2024 saylı qərardadı ilə həmin qərardadı qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə
33. Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hak im qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri- mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Kassasiya şikayətində qərardad tam mübahisələndiri lib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.
20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətini qaytarmaqla apellyasiya insta nsiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, barəsində şikayət verilən qərardaddan kassasiya şikayəti verilə bilməz, buna görə də kassasiya şikayəti geri qaytarılmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işdən görünür ki, cavabdehin nümayəndəsi-vəkili birinci instansiya məhkəməsinə vəsatət verərək, iddianın baxılması üçün ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, onun vəsatəti təmin edilməmiş, eləcə də qərardaddan verdiyi şikayəti də apellyasiya instansiyası məhkəməsi təmin etməmişdir.
25. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki kollegiyalarının barə sində kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardadları sadalanmışdır.
26. Həmin maddəyə görə apellyasiya məhkəmələrinin mülki kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; və MPM-in 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
27. Göründüyü kimi prosessual qanunvericilik apellyasiya məhkəmələrinin yalnız 5 növ qərardadından kassasiya şikayəti verilməsini müəyyən etmiş, sadalanan qərardad növləri içərisində ərazi aidiyyəti ilə bağlı qərardadlardan kassasiya şikayəti verilməsini nəzərdə tutmamışdır.
28. Cavabdehin kassasiya şikayəti də ərazi aidiyyətinə aid qərardaddan olduğundan və həmin növ qərardadlardan kassasiya şikayəti verilməsi qanunvericiliklə istisna edildiyindən, apellyasiya instansiyası məhkəməsinin şikayəti geri qaytarması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
29. Məhkəmə kollegiyası cavabdehin Yasamal Rayon Məhkəməsinin qanunun tələbini pozaraq aidiyyət barədə qərardaddan şikayəti Ali Məhkəməyə göndərmək əvəzinə, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi, Bakı Apellyasiya Məhkəməsinin də kobud qanun pozuntusuna yol verərək səlahiyyət həddini aşmaqla, Yasamal Rayon Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli qərardadından şikayətə baxması barədə dəlilini qəbul etmir.
30. Cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası izah edir ki, məhkəmə aidiyyəti və ərazi aidiyyəti fərqli prosessual institutlardır və təsadüfi deyil ki, MPM-də məhkəmə aidiyyəti və ərazi aidiyyətini fərqləndirilir.
31. Məhkəmə aidiyyəti dedikdə, mülki prosessual qanunvericilik mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini nəzərdə tutur. (MPM, 24.2)
32. Ərazi aidiyyəti isə məhkəmələrin birinci instansiya məhk əməsi qismində işlərə ərazi üzrə baxması deməkdir. (MPM, 33, 34)
33. Hazırki işdən də görünür ki, cavabdeh tərəf işin ümumi və ya kommersiya məhkəməsində baxılmasını, yəni məhkəmə aidiyyətini deyil, ərazi üzrə Yasamal rayon Məhkəməsində baxılmasını mübahisələndirməklə, işin ərazi aidiyyəti qaydalarına uyğun olaraq Quba Rayon Məhkəməsində baxılmasını istəyir. Başqa sözlə, cavabdeh tərəf ərazi aidiyyətini mübahisələndirib.
34. Cavabdeh tərəfin şikayətin birinci instansiya məhkəməsi tərəfindən birbaşa kassasiya instansiyası məhkəməsinə göndərilməli olması barədə dəlili məhkəmə aidiyyəti ilə bağlı qərardadlara aiddir və bu növ qərardadlara baxılması isə MPM-in 403-1-ci maddəsində xüsusi nizama salınır.
35. Eyni zamanda MPM-in 269.3-cü maddəsi də nəzərdə tutur ki, qərardaddan verilən şikayət əs aslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, həmin Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.
36. MPM-in 32.5-ci maddəsi isə “Məhkəmə aidiyyəti” fəslinə aid olmaqla, məhkəmə aidiyyəti haqqında qərardaddan şikayəti nəzərdə tutur. Bu da o deməkdir ki, MPM-in 269.3-cü maddəsi 32.5-ci maddəyə göndərməklə yalnız məhkəmə aidiyyət haqqında qərardadda n şikayət verildikdə həmin şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməsini ehtiva edir.
37. Yəni prosessual qanunvericilik yalnız məhkəmə aidiyyəti ilə bağlı qərardadlardan şikayətin, təmin edilmədiyi halda, baxılması üçün kasasiya instansiyası məhkəməsinə göndərilməsini nəzərdə tutur. Ərazi aidiyyəti ilə bağlı qərardadlardan verilən şikayət isə ümumi qaydada apellyasiya instansiyası məhkəməsinə göndərilir.
38. Qeyd edilən xüsusatları apellyasiya instansiyası məhkəməsi də kassasiya şikayətinin geri qaytarılması barədə qərardadında şərh etmiş, üstəlik, həmin qərardaddan kassasiya şikayətinin verilməsinin istisna edildiyini də izah etmişdir.
39. Bu baxımdan, cavabdehin nümayəndəsinin (vəkilinin) kassasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirlən məsələ ərazi aidiyyətin ə aid olduğu üçün birinci instansiya məhkəməsinin həmin məsələ ilə bağlı qərardaddan verilən şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərməsi və apellyasiya instansiyası məhkəməsinin də həmin şikayətə baxması tam prosessual qaydalar daxilində olmuşdur.
40. Məhkəmə aidiyyəti ilə bağlı müddəanın ərazi aidiyyətinə də şamil edilməli olması barədə cavabdehin nümayəndəsinin (vəkilinin) dəlili isə, ümumiyyətlə, qanunla nəzərdə tutulmuş qaydadan kənara çıxan, fərqli prosessual qaydanın müəyyən edilməsidir ki, bu da yolverilməzdir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6724/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.