Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-614/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa,sübutetmə 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və məcburi işsizliyə görə əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6563/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-nin (bundan sonra – cavabdeh, yaxud zavod) işçisi olmuşdur.
2. Zavodun iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişində göstərilmişdir ki, səhmdar cəmiyyətin istehsal və satış fəaliyyəti dayandırıldığından istehsal sexlərində işin olmaması ilə əlaqədar olaraq sexlərdə iş yerlərin ixtisar edilməsinə qərar verilmişdir. Bu səbəbdən də onunla bağlanılmış əmək müqaviləsinə 22 dekabr 2021ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İşəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən əmək stajının 15 ildən çox oldu ğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. 18 oktyabr 2021-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 22 dekabr 2021-ci il tarixdə başa çatacaq. Ödənişsiz məzuniyyətdə olduğuna görə yeni iş yeri axtara bilər. Eyni zamanda Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işçiyə 9 iş həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2.0 misli təklif olunur.
3. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı protokoluna əsasən boş şüşə qabların yuyucusu - 1 ştat vahidi, qutu arakəsmə hazırlayan – 1 ştat vahidi, qablaşdırıcı – 3 ştat vahidi, boş şüşələri nəqledən – 1 ştat vahidi, aksiz yapışdıran a/maşinisti – 1 ştat vahidi, süzmə maşının a/maşinisti – 1 ştat vahidinin ixtisar olunmasına Komitə tərəfindən etiraz edilməmişdir. 4.. X3 Sədrinin 20/ŞH nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 166 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 29 dekabr 2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildən fasiləsiz olaraq zavodda işləyir. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. X1 da həmin zavodda işləmiş və 1992-ci ildə müharibədə şəhid olmuşdur. Fəaliyyəti daim yüksək səviyyədə olmuş və işlədiyi dövrdə heç vaxt intizam tənbehi görməmiş, təşəkkürlərə layiq görülmüşdür. Lakin son dövrlər səbəbini bilmədiyi əsaslardan qərəzə məruz qalmışdır. Belə ki, 29 dekabr 2021-ci il tarixdə əmr qəbul edərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Lakin əsassız olaraq əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi ştat ixtisarı göstərilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini tətbiq edilmişdir. Belə ki, həmin bildirişdə qeyd edilmişdir ki, onun işlədiyi sexlər işləmədiyi üçün bəzi sahələr ixtisar olunur. Bu, tamamilə yalandır, zavod uzun müddətdir ki, işləmir və zavod rəhbərliyi qanunsuz olaraq müəyyən sexləri icarə verərək ordan mənfəət əldə edi r. Onun zavodda səhmləri var, əgər zavod işləmiş olsa idi, iddiaçıya dividentlər bu günə kimi verilərdi. Əgər zavod işləmirsə, niyə təkcə şəhid ailəsi olan iddiaçı ixtisara düşür və digər heç bir şəxsə toxunulmur. Buna görə də, çıxarılmış qanunsuz və əsassız əmr ləğv edilməli, iddiaçı öz işinə bərpa olunmalı, məcburi iş buraxmaya görə verilməli olan əmək haqları iddiaçıya verilməlidir. Bunların aradan qaldırılması üçün iddiaçı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Lakin müraciəti ilə əlaqədar iş aparılsa da, bu günə kimi rəsmi heç bir cavab verilməmişdir. Bu səbəbdən hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya qarşı cavabdehin heç bir ayrı-seçkiliyi yaxud qərəzi mövcud olmam ış, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb məhz iddiaçının özünün də qeyd etdiyi kimi cavabdehin fəaliyyətinin məhdudlaşdırılmasından irəli gələrək bəzi ştatların ixtisar olunmasıdır. İddiaçı qərəzə məruz qaldığını ehtimal etsə də, bunun əsasını təsdiq edən sübutlan məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının səhmdar qismində dividend alması ilə qeyd etdiklərinə münasibətdə bildirmək lazımdır ki, əmək mübahisəsi üzrə münasibətlər ilə şəxsin səhmdar kimi mülki münasibətlərinin əlaqəsi mövcud deyildir.
8. Cavabdeh iddia ərizəsinə etirazinında onu da qeyd etmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişi təqdim etmiş, iddiaçının iş stajına uyğun olaraq 9 həftəlik xəbərdarlıq müddəti təyin olunmuşdur. Bu müddət başa çatdıqdan sonra isə müəssis ədə fəaliyyət göstərən Həmkarlar İttifaqına müraciət olunmuş, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı protokolu ilə bir sıra ştatlarına ixtisarına razılıq verilmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 06 saylı əmr qəbul edilmiş müvafiq ştatlar ləğv edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi təkcə onun ştatı deyil, müəssisədə bir sıra əlavə ştatlar da ixtisar olunmuşdur. Bu əmr əsasında da xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı ilə bağlı əmək müqaviləsinə xitam verilmiş və əmrin surəti iddiaçıya təqdim edilmişdir. İddiaçıya ünvanlanmış bildirişdən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək kitabçasını götürməli olması barədə xəbərdar edilmiş, hesablanmış müavinətin onun bank h esabına köçürüləcəyi bildirilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. İddianın məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsininə dair qeyd etmək lazımdır ki, iddianın həmin hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi əsassız olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsi də rədd edilməlidir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bun dan sonra - birinci instansiya məhkəməsi) e-2(005)-1227/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir.
11. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Hazırkı mübahisənin hallarından isə görünür ki, iddiaçının işlədiyi qablaşdırıcı vəzifəsi 3 ştat vahidi olmaqla, ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasın da seçim etmək imkanı da olmamışdır.
12. Birinci instansiya məhkəməisi yekun olaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir. İddia tələbini əsaslandıran halları təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə”, 70-ci maddəsinin “b” bəndinə, 71, 77, 78.2, 79-cu, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın t əmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6563/2022 nömrəli qətnaməsi ilə (hakimlər Elşən Kazımovun sədrliyi və məruzəsi ilə, Akif İsgəndərov və İlham Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən ştatlar ixtisar olunduğuna görə həmin Məcəlləni n 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməsinə dair iş materialında sübutlar mövcuddur. İddiaçı da ona xəbərdarlıq edilməsini mübahisələndirmir. Mübahisələndirdiyi hal cavabdehin onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, ştatın ixtisarı ilə əlaqədar xitam verildikdən sonra işçilərin digər fərqli işlərə keçirilməsi, cavabdehin sırf onun işlədiyi ştat vahidini ləğv etdiyi, yalnız onun işdən azad olunması ilə bağlıdır.
17. Bundan başqa, məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının düşdüyü vəziyyət anlaşılan olsa da, göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün kifayətedici əsas deyildir. Çünki, cavabdeh qurum açıq səhmdar cəmiyyətidir və iddiaçı nın işlədiyi vəzifə ştatı ixtisar olunmuş, yəni artıq mövcud deyildir. İddiaçının bildirdiyi dəlillər, iddianın təmin edilməsi üçün birbaşa əsas ola bilmir. Çünki, iddia hansısa təsdiq olunmayan fikirlərə görə yox, əsaslılığına və qanuniliyinə görə təmin oluna bilər. Ancaq hazırki iddia əsaslı olmamışdır.
18. Həmçinin, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə birlikdə ixtisara düşən iş yoldaşlarının cavabdeh tərəfindən digər vəzifəyə təyin olunmaları halı həqiqi olsa belə, bunlar hazırki iddianın əsaslılığına dəlalət etmir. Çünki, həmin şəxslər göstərdiyi vəzifəyə məhkəmə qərarı ilə bərpa edilməmişlər. Bu məsələ işəgötürənlə işçi arasında könüllü qaydada həll edilən münasibətlərə aiddir. İddiaçının bu vəzifədə uzun müddət işləməsi, əmək intizamının pozulmasına yol ve rməməsi və intizam məsuliyyətinə cəlb edilməməsi də hazırki iddianın təmin edilməsini bilavasitə labüd etmir. Çünki, iddiaçı ilə olan əmək müqaviləsi göstərdiyi hallara yol verdiyinə görə ləğv edilməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ştatlar deyil, işçilərin sayı ixtisar edilərkən həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işəgötürən şəhid ailəsinin üzvlərinə işdə saxlanılmasına üstünlük verməlidir. Lakin hazırki halda iddiaçının işlədiyi ştat ixtisar olunmuş, başqa sözlə bütövlükdə qablaşdırıcı ştatları ləğv edilmişdir. Buna görə də bu vəziyyət cavabdeh tərəfindən qanunun tələbinin pozulması kimi qiymətləndirilə bilməz.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubl ikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 71, 77, 78.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən müvafiq əsas tamamilə formal cavabdeh tərəfindən uydurulmuş faktdır. Həmin işçilər digər fərqli işlərə keçirilmiş, yalnız şəhid ailəsinin üzvü olan iddiaçı işdən azad olunmuşdur. Həmçinin, zavod, iş yerləri adları tamamilə formal xarakter daşıyır. Məsələn, iddiaçının işlədiyi şöbənin adı araq şüşələrinin qablaşdırması, digər şöbə adı şərab şüşələrinin qablaşdırılmasıdır. Lakin, faktiki olaraq bütün şöbələr ümumi iş görür, hər hansı fərqli peşə forması mövcud deyildir. Cavabdeh sırf onun işlədiyi ştat vahidini ləğv etmişdir. Yəni o, hər hansı digər ştatda olsa belə, ora də ləğv ediləcəkdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessul normal sadalansa da, heç bir hal əsaslandırı lmamışdır.
23. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsi 77, 78.2, 79-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 11 “ə” bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək.
26. Maddə 70 “b” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: işçilərin sayı və ya ştatları ixtisar edil dikdə.
27. Maddə
71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən b u Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
28. Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
29. Maddə
79. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağı nı təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70 -ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və y a olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
37. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillə r əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6563/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.