Məhkəmə qərarları › İş №2(102)-6153/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6153/2021

27.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6153/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5211/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı vəzifəsində işləmiş və Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 02 fevral 2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi 02 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrin verilməsi uçun əsas kimi İddiaçı müəllim adına yaraşmayan və müəllim nüfuzuna xələl gətirən davranışa yol verməsi barədə tərtib edilmiş Bakı şəhəri Təhsil İdarəsinin Daxili Nəzarət Sektoru və Hüquq Sektorunun 15 yanvar 2021-ci il tarixli xidməti məruzəsi və arayış ı, Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 29 yanvar 2021-ci il tarixli məktubu, aktlar və izahatlara istinad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu ilin dekabr ayında məktəb direktoru təyin olunmuş Elnarə Zeynalovanın işdən çıxması barədə təklifini rədd etdikdə ona qarşı təzyiqlər göstərilməsini, məktəbin direktor müavini vəzifəsini müvəqqəti icra edən İsmayıl Hüseynovun bununla əlaqədar onu dəfələrlə təhdid etdiyi üçün ona “WhatsApp” vasitəsi ilə bu ləyaqətsiz işlərindən əl çəkməsini tələb etməsini, həmin hərəkətinin onun əmək funksiyasını yerinə yetirməsi ilə bağlı olmamasına baxmayaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək funksi yasını yerinə yetirməməsinə görə işdən azad olunmasını, qanunda intizam tənbehinin başqa alternativ növlərinin olmasına baxmayaraq onun barəsində işdən çıxarma növündə intizam tənbehinin tətbiq olunmasını, işdən azad olunması barədə əmrin qanunun tələblərinə uyğun əsaslandırılmamasını və s. əsas göstərməklə həmin əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2522/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: G.Ç.Abidova) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırdığı apellyasiya şikayətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 8 mart 2021-ci il qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5211/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(006)-2522/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək mübahisənin iş saatlarından sonra baş verməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsinin “Müəllimlərin etik davranış qaydaları”nın tələblərinə zidd olmasını, iddiaçının həmin hərəkəti ilə kollektivin nüfuzuna xələl gətirməsini və bundan əvvəl də analoji hərəkətə yol verməsini və buna görə ona intizam tənbehi verilməsini, məhkəmə kollegiyasının işin həmin hallarına lazımınca qiymət vermədən nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 186, 2-ci hissə İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv mü qavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 70, “ç” bəndi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edib İddiaçı əvvəlki vəzifəsinə bərpa edərkən onun tərəfindən yol verilmiş hərəkətin iş saatlarından sonra baş verməklə onun hərəkəti nəticəsində işin normal ahənginin pozulmamasını və işəgötürənin, habelə əmək ko llektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməməsini, iddiaçı ilə əmək müqaviləsinin qanunda nəzərdə tutulmayan əsasla ləğv edilməsini, etik davranış qaydalarının pozulmasına görə əmək müqaviləsinin ləğv edilməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmamasını əsas göstərmişdir. Aşağıdakı səbəblərdən kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı vəzifəsində işləyərkən gənclərin çağırışaqədərki hazırlığının rəhbəri İsmayıl Hüseynovun mobil telefonu na “WhatsApp” mobil tətbiqi vasitəsi ilə 24 dekabr 2020-ci il tarixdə “Səni məhv edəcəm inək”, “Səni sənsiz edəcəm”, “Sənin şərəfsizliyin heç nəyə sığmaz, sən şərəfsizsən”, “Səni həmişə təhqir edəcəm”, “Səni məhv edəcəm” kimi ifadələr göndərmişdir. İddiaçı bundan əvvəl də törətdiyi intizam xətasına görə işəgötürənin 22 sentyabr 2020ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunduğundan cavabdeh onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən yol verilmiş həmin hərəkətin iş saatlarından sonra baş verməsini və həmin hərəkət nəticəsində işin normal ahənginin pozulmaması və işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməməsini iddianın təmi n olunma əsaslarından biri kimi qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı həmin hərəkəti əmək kollektivinin üzvünə qarşı iş fəaliyyəti zamanı yaranmış narazılığı ilə əlaqədar etmişdir. İsmayıl Hüseynovun məktəbin rəhbərliyi ilə arasında yaranmış münaqişənin iştirakçısı saydığı üçün iddiaçı onun ünvanına müəllim kimi fəaliyyəti ilə bir araya sığmayan ifadələr işlətmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonunc u xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini müəyyən edən 10-cu maddəsinin “b” və “e” bəndlərinə görə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının qanuni mənafelərini pozmamaq işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrindən biridir. İddiaçı ilə işəgötürən arasında bağlanmış işin 59-cu səhifəsində olan əmək müqaviləsində Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələri icra etmək işçinin əsas vəzifəsi kimi müəyyən olunmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hər əkətinə Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələbləri baxımından qiymət vermədən onunla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsini qanunsuz saymışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Şagirdlərin məktəbdənkənar və sinifdənxaric tərbiyəsi ilə məşğul olan iddiaçı, müəyyən olunduğu kimi, onun həyata keçirdiyi tərbiyə funksiyası ilə uzlaşmayan hərəkətə yol vermişdir. Göstərilən vəziyyətdə iddiaçının hərəkəti kollegiyanın qənaətinə görə birmənal ı olaraq əmək funksiyasının pozulmaması və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə mübahisəli hüquq münasibətini tənzimləyən normaların tələblərinə uyğun əsaslandırılmadan çıxarılmışdır. Qeyd olunanlarla əlaqədar kollegiya kassasiya şikayətini qismən əsaslı sayır, hesab edir ki, qətnamə ləğv olunmaqla işə yenidən apellyasiya qaydasında baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5211/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar