Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6316/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh və vəkili xxx oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)3522/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh və İddiaçı 26 oktyabr 2002-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 10 oktyabr 2003-cü il tarixdə xxx və 23 iyun 2006-cı il tarixdə xxx adlı uşaqları anadan olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2010-cu il tarixli qətnaməsi ilə nikahlar pozularaq, yetkinlik yaşına çatmayan uşaqları İddiaçı yanında saxlanılmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehlə birgə n ikah dövründə aldıqları ünvan 1ı küçəsində yerləşən fərdi yaşayış evinə 10 oktyabr 2003-cü il təvəllüdlü X1 və 23 iyul 2006-cı il təvəllüdlü X2 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin toylarından sonra iddiaçı cavabdehin ata evinə köçmüş, orada bir il altı ay yaşadıqdan sonra, qonşuluqda olan xxx küçəsində yerləşən evə köçmüş, orada 5 il yaşadıqdan sonra övladları ilə birlikdə həmin evdən qanunsuz çıxarılmışdır. Cavabdeh artıq bir neçə ildir ki, onları aldadır və ev verəcəyini söz versə də, buna əməl etmir. Hazırda iddiaçı atasının balaca evində müvəqqəti məskunlaşmış və çox çətin bir şəraitdə yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(008)3937/2020 nömrəli qətnaməsi ilə ( hakim T.Ə.Əsədova) iddia tələbi təmin edilərək, İddiaçı 10 oktyabr 2003-cü il təvəllüdlü X1 və 23 iyun 2006-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 1ı küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə, Mülki Məcəlləsinin 180.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehin iddiaya vermiş etirazdan da göründüyü kimi, birgə nikah dövründə iddiaçı cavabdehlə birlikdə həmin evdə yaşamışdır. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik pri nsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da övladları ilə birlikdə həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onlar bu evə köçürülməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(008)-3937/20 20 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-3522/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.A.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(008)-3937/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə prosesinə cəlb edilməmiş, nəticədə onun hüquqlarına toxunması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən cavabdehin, üçüncü şəxsin və iddiaçının qardaşının iştirakları ilə ünvan 1ı küçəsində (yeni adı Az.Qadını küçəsi yeni yaşayış massivində) yerləşən evə baxış keçirilmişdir. Bu zaman evin qapısını üçüncü şəxs X9 açmışdır. X9 bildirmişdir ki, evi onun atası Cavabdeh anasından almış, atası vəfat edəndən sonra, kommunal xidmətlərlə bağlı bütün ödənişləri öz adına aparır, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ev həyətyanı torpaq sahəsində yerləşir. Həyətdə istilikxana mövcuddur. X9 əkin işləri aparmaqla, ailəsini dolandırır. Mübahisəli ünvanda iddiaçı və cavabdehi görməyib, sonunculara məxsus heç bir əmlak mövcud olmayıb. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, başqa ünvanla bağlı Bakı ş əhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı onun və azyaşlı uşaqlarının ünvan 2, X12 küçəsindəki evə köçürülməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı ünvan 3-də qeydiyyatda olmaqla, orada yaşayır. Məhkəmə hesab etmişdir ki, iddiaçının uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə iddiası təmin edilməməlidir. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr mövcud deyildir. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah etmişdir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçın ın da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə mübahisəli evin birgə nikah dövründə alındığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Əksinə apellyasiya mərhələsində iddiaçı mübahisəli ünvan 1ı küçəsində (yeni adı Az.Qadını küçəsi yeni yaşayış massivi) yerləşən evə köçərkən, həmin evin hazır olduğunu və cavabdehin valideynləri tərəfindən tikildiyini bildirmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli ev, cavabdehi n anası tərəfindən X4 qeyri-rəsmi olaraq satılmış, sonuncu orada oğlu (hazırki iş üzrə üçüncü şəxs) ilə yaşamışdır. X6 21 yanvar 2020-ci ildə vəfat etmişdir. Kommunal xidmətlərlə bağlı müqavilələr əvvəlcə X3 adına, sonra isə X5 adına olmuşdur. Mübahisəli evdə hal-hazırda X9 ailəsi ilə birlikdə yaşayır, kommunal və torpaqla bağlı vergilər onun tərəfindən ödənilir. Həmin evdə iddiaçı və cavabdehə məxsus heç bir əmlak mövcud deyildir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzildən qovulduğunu bildirməsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzildən qovulması ilə bağlı müraciətləri olmamış, yalnız 11 ildən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd olunanlar iddiaçının mübahisəli mənzildən qo vulması halı deyil, könüllü olaraq tərk etməsi halı kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-3522/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi cavabdehin şifahi ifadələrini əsas götürərək həmin evin guya başqa şəxsə satıldığını və üçüncü şəxsin istifadəsində olduğu qə naətinə gəlmişdir. Lakin fərdi yaşayış evi cavabdehə məxsusdur və üçüncü şəxs kimi qələmə verilən adam onun yaxın dostudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını səlahiyyətləri çərçivəsində müəyyən etmiş və həmin hallara uyğun olaraq maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin cavabdehin dostu olması və evin faktiki olaraq üçüncü şəxsə satılmasının sübut edilməməsi kassasi ya baxışının predmetini təşkil edə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-3522/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6316/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6316/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver